ABŞ və Rusiya liderləri arasında ixtilaf və yaxınlaşma imkanları Dünya

ABŞ və Rusiya liderləri arasında ixtilaf və yaxınlaşma imkanları

BMT-də Obama Putini tənqid edib


Cavid

BMT Baş Assambleyasının sessiyasında etdikləri çıxışlarında Birləşmiş Ştatların və Rusiyanın liderləri aralarındakı ixtilaf və yaxınlaşma imkanlarının cizgilərini təqdim ediblər. Barak Obama və Vladimir Putinin BMT Baş Assambleyasındakı çıxışları dünya ictimaiyyəti tərəfindən səbirsizliklə gözlənirdi. Çünki bu çıxışlar qarşı duran iki dünya baxışının qlobal problemlərə münasibətlərini açıqlamalıydı. Çıxışların əsas məqamlarına diqqət yetirək.
Təhlilçilər belə bir nöqtəyə diqqət yetirirlər ki, Barak Obama öz çıxışında bir neçə dəfə Rusiyanı Krımın ilhaqına və Ukraynanın suverenliyinə qarşı təcavüzə, habelə Suriyada prezident Əsədin müdafiəsinə yönələn siyasətinə görə açıq şəkildə tənqid edib. Vladimir Putinsə, "bir güc mərkəzi deyərkən" Amerikanın adını çəkməyib, lakin Əsəd məsələsində Rusiyanın əsas məqsədinin rejimi qoruyub saxlamaq olduğunu etiraf edib. Hərçənd bunu onunla izah edib ki, Əsəd guya sabitliyi təcəssüm etdirir. Əslində, Rusiya prezidenti Əsədin müdafiəsində onu dəstəkləməyə çağırıb. Deyib ki, İslam Dövləti adlanan təşkilatla həqiqətdə yalnız Əsəd qüvvələri döyüşürlər. Vladimir Putin İslam Dövləti qruplaşmasına qarşı mübarizənin BMT Təhlükəsizlik Şurası tərəfindən əlaqələndirilməsini təklif edib. ABŞ və onun Qərb müttəfiqlərinin bu təklifə münasibəti hələlik bəlli deyildir. Putin izah etməyə çalışıb ki, islamçılara qarşı mübarizə Avropanın və Rusiyanın ortaq marağındadır. O deyib ki, "heç kim cinayətkarların qayıdıb vətənlərində şər əməllər törətməsini istəmir". Barak Obama öz çıxşında Əsədi müdafiə etdiklərinə görə İran və Çini də günahlandırıb. "Amerikaya ölüm" şüarı yeni iş yerləri yaratmır və ya İranı daha təhlükəsiz etmir" – deyib Obama. Bununla yanaşı, prezident Obama öz çıxışında vurğulayıb ki, Birləşmiş Ştatlar, Rusiya və İran da daxil bütün ölkələrlə işləməyə hazırdır.
Bundan başqa Obamanın BMT Baş Assambleyasındakı çıxışı bir neçə dəfə alqışlarla müşayiət olunub. Belə alqışlardan biri də onun reqlamenti üç dəfə aşan çıxışının sonunda səslənib. O deyib ki, demokratiyanın müxtəlif ölkələrdə, xalqların təkrarsız mədəniyyətlərinə, tarix və təcrübələrinə uyğun olaraq müxtəlif formalar ala biləcəyini başa düşür, lakin mütləq olan bir neçə ümumi həqiqətlər vardır. "Heç bir qadın cəzasız olaraq təcavüzə məruz qalmamalıdır və yaxud heç bir qıza məktəbə getmək qadağan edilə bilməz. Hakimiyyətləri qondarma qanunlardan qorxmadan dinc şəkildə tənqid etmək hüququ yalnız hansısa bir ölkənin, bir mədəniyyətin işi deyil. Bunlar insan tərəqqisinin təməlləridir" – deyib Obama. "Mən bilirəm ki, dünyanın bir çox yerlərində müxtəlif baxışlar və belə bir inam var ki, güclü liderlik fərqli düşüncəyə barışmaz olmalıdır. Mən bunu təkcə Amerikanın rəqiblərindən deyil, şəxsi söhbətlərdə bizim bəzi dostlarımızdan da eşidirəm. Mən bununla razılaşmıram. Mən inanıram ki, dinc fərqli düşüncənin əzilməsi gücü yox, zəifliyi və qorxunu göstərir. Tarix göstərir ki, öz xalqlarından qorxan rejimlər, əvvəl-axır çökürlər" – deyib ABŞ prezidenti. O vurğulayıb ki, yaxşı qurulmuş və razılaşdırılmış təsisatlar fərdlər gedəndən sonra da qalır. Güclü liderlər kimi George Washington və Nelson Mandelanı misal gətirən ABŞ lideri deyib ki, bu adamlar güclü demokratik təsisatların qurulmasını daimi hakimiyyət hərisliyindən üstün tutublar. "O liderlər ki, hakimiyyətdə qalmaq üçün konstitusiyaları dəyişirlər, əslində etiraf edirlər ki, öz xalqları üçün uğurlu bir ölkə qurmaqda iflasa uğrayıblar. Çünki bizim heç birimiz əbədi deyilik". Obama deyib ki, demokratiyanın üzücü, bəzən pozucu olduğunu başa düşür, "lakin hüquqların artırılması uğrunda daimi mübarizə, insanlarımıza daha böyük səs meydanı verilməsi – bizim dünyanın ən güclü ölkəsinə çevrilməyimizə imkan verib".
Prezident Obama deyib ki, demokratiya təkcə prinsip, mücərrəd bir anlayış deyildir. Demokratiya ölkələri güclü edir. "Müxalifətin seçki vasitəsilə, dinc yolla hakimiyyətə gəlmək imkanı olanda, ölkə yeni ideyalar qazanır. Media azad informasiya verə biləndə, korrupsiya və qanunsuzluqlar faş edilir və onların kökünü kəsmək mümkün olur" – deyib ABŞ prezidenti. Obama deyib ki, vətəndaş cəmiyyətləri inkişaf edəndə hökumətin təklikdə həll edə bilmədiyi problemlər həll oluna bilər. "Mənim inancım budur ki, Amerikanı bu güclü edib. Hətta Amerikada heç də hamı mənimlə razılaşmır. Bu demokratiyanın təzahürüdür" – deyib prezident. Prezident bildirib ki, Birləşmiş Millətlər deyildiyi qədər də fərqli deyillər – onlar qorxa, nifrət edə bilərlər, lakin həm də ümid bəsləyə bilərlər. "Tarix gücün həqiqət olduğuna və bunun həmişə belə qalacağına inanan saxta peyğəmbərlərin və çökmüş imperiyaların iflası ilə doludur" – deyib prezident Obama. Barak Obama vurğulayıb ki, bu günün avtoritarı, sabahın inqilabına qığılcımdır. "Sən öz opponentlərini məhbus edə bilərsən, amma ideyaları məhbus etmək olmaz. Sən informasiyaya girişi nəzarətə ala bilərsən, amma yalanı həqiqətə çevirə bilməzsən" – deyib ABŞ lideri. O deyib ki, korrupsiyanı faş edən və insanların gözləntilərini yüksəldən Amerikanın dəstəklədiyi QHT-lərin qəsdi deyildir, bu, texnologiyaların, sosial medianın inkişafı və adamların öz həyatlarını qurmaq üçün sonsuz seçim arzusudur. Putin quru müharibəsini istisna edir
Prezident Vladimir Putin deyir ki, Suriyaya İslam Dövləti silahlı qruplaşması ilə savaşmağa quru qüvvələri göndərməyəcək, ancaq bu qruplaşmaya qarşı hava kampaniyasına qoşulmağa açıqdır. Putin amerikalı həmkarı Barak Obamayla 90 dəqiqəlik görüş keçirib. O, bir mövqeyindən geri çəkilməyib – Suriya prezidenti Bəşər Əsəd İD-ə qarşı quru müharibəsinə başçılıq etməlidir. Bu məsələ iki lider arasında mübahisəli məqamdır. "Biz Suriya ordusuna əlavə necə yardım etmək barədə düşünürük," Putin deyib. "Quru qüvvələrinə gəlincə… Rusiyanın iştirakı müzakirə mövzusu deyil". Putin onu da əlavə edib ki, Əsədin getməsi barədə hər hansı qərarı Suriya xalqı verməlidir. İD-i havadan bombalayan beynəlxalq koalisiyaya gəlincə, Putin deyib: "Heç nə istisna olunmur. Ancaq hərəkətə keçsək, ancaq beynəlxalq hüquq normalarına tam hörmət qoyulmaqla ediləcək". Putin onu da vurğulayıb ki, terrorizmlə mübarizə aparan Suriya hökuməti və ordusu ilə əməkdaşlıq etməmək böyük səhvdir. "Terrorçu qruplarla mübarizə aparan İraq və Suriyaya hərbi və texniki dəstək veririk. Terrorizmlə mübarizə aparan Suriya hökuməti və ordusu ilə əməkdaşlıq etməmək böyük səhvdir. İŞİD və digər terrorçu qruplarla sadəcə Əsədin ordusu və kürd milislər həqiqətən döyüşür. BMT-yə İŞİD-lə mübarizə aparan bütün qüvvələrin koordinasiya edilməsini təmin edəcək bir qərar təqdim edəcəyik", - deyə Putin vurğulayıb.