Böyük güclər dünyasının idarə edilməsi Dünya

Böyük güclər dünyasının idarə edilməsi

"Bu gün dünya ötən əsrin sonunda təsəvvürə belə gəlməyəcək qədər fərqli vəziyyətdədir"

Cavid

Bu gün böyük güclər arasında rəqabət olduğu bir faktdır: ABŞ hazırda getdikcə fəallaşan Rusiya və Çinlə rəqabət aparır. Yaxın Şərq, Cənub Çin Dənizi və Ukrayna isə sadəcə bu reallığın nümayiş olunduğu səhnələrdir. Bunu Havyer Solana "Project-syndicate"də çıxan məqaləsində yazıb.
Xatırladaq ki, H.Solana Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş nümayəndəsi, NATO-nun sabiq baş katibi və İspaniyanın keçmiş xarici işlər naziri olub. O, hazırda Qlobal İqtisadiyyat və Geosiyasət üzrə "ESADE" Mərkəzinin Prezidenti, "Brookings Institution" araşdırma mərkəzinin seçilən əməkdaşı və Dünya İqtisadi Forumunun Avropa üzrə Qlobal Gündəm Şurasının üzvüdür.
H.Solana yazır ki, "ABŞ dövlət katibinin keçmiş müavini Stroub Talbotun "Böyük Təcrübə" (ing. "The Great Experiment" ) adlı kitabını oxuduqdan sonra məndə belə bir təəssürat yarandı ki, bugünkü hadisələrin toxumları çoxdan səpilib. Kitabda 2000-ci ilin dekabrında Prezident Bill Klintonla xələfi Corc Buş arasında baş tutmuş bir söhbət təsvir edilir. Söhbət zamanı Klinton Buşun seçki kampaniyasından yola çıxaraq onu ən çox narahat edən təhlükəsizlik məsələlərinin Səddam Hüseyn və irimiqyaslı raketdən müdafiə sisteminin yaradılması olduğunu deyir. Buş: "Tamamilə doğrudur" – deyə cavab verir.
Bu məsələlər gözlənilməz bir faciənin baş verməsi – 11 sentyabr, 2001-ci il tarixində terror hücumlarının törədilməsi ilə təxirə salındı və terrorizmə qarşı birliyin hökm sürdüyü beynəlxalq əməkdaşlıq dövrü başladı. Həmin vaxtlar Buş Putini "dürüst və etibarlı" bir tərəfdaş kimi təsvir edirdi. Həmin dekabr ayında ABŞ özünü İranın nüvə silahı hazırlama ehtimalına qarşı qorumaq məqsədilə raket əleyhinə müdafiə sistemi yaratmaq üçün "Antiballistik raket sistemlərinə qarşı müqavilə"dən geri çəkildiyini elan etdi. ABŞ-ın məqsədi isə Rusiyanın nəzərindən qaçmadı.
ABŞ həmin dövrdə çoxqütblü dünya nizamının yaranmaqda olduğunu anlamırdı. Bu isə Buş və Klintonun 2000-ci ildə müzakirə etdikləri siyasi strategiyaların izlənilməsini olduqca çətinləşdirərdi. Rusiya Prezidenti Vladimir Putin 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransındakı çıxışında İraqa müdaxilə edilməsini, xüsusilə də, ABŞ-ın raket əleyhinə müdafiə sistemlərini Avropaya genişləndirmək planlarını Rusiyaya qarşı təcavüz aktı adlandıraraq rədd etdi və bunun Avropanın təhlükəsizliyinin pozulması demək olduğunu bildirdi.
2008-ci ilin yayı baş verən üç hadisə yeni çoxqütblü nizamın yaranmaqda olduğunu daha bariz şəkildə göstərdi. Həmin il Yay Olimpiya Oyunlarına ev sahibliyi edən Çin bütün dünyanın diqqətini öz üzərinə çəkərək vacib beynəlxalq oyunçu statusunu möhkəmləndirdi. Oyunların getdiyi vaxt Rusiyanın Gürcüstanda hərbi əməliyyatlar aparması bütün dünyaya nüfuz dairələri anlayışının Kremldə hələ də mövcud olduğunu göstərdi. Həmin ilin sentyabrı Amerikanın investisiya bankı "Lehman Brothers"-in iflası inkişaf etmiş iqtisadiyyara malik ölkələrin zəifliklərini üzə çıxardı.
Bundan sonra öz böyük güc statusuna arxalanan Çin öz qonşuları arasında xarici siyasətdə daha güclü strategiyalar qəbul edərək liderlərinin Den Syaopinin dövründən bu yana tərəfdarı olduqları "dinc yüksəliş" anlayışına nümunə oldu. Çin iddiasında olduğu tarixi hüquqlara əsaslanaraq Cənub və Şərqi Çin Dənizlərində hərbi qüvvələrlə birgə ərazi iddialarını da artırmağa başladı. 2013-cü ildə Çinin Yaponiyanın nəzarəti altında olan Şərqi Çin Dənizi üzərində birtərəfli şəkildə hava hücumundan müdafiə zonası elan etməsi ilə gərginlik pik həddə çatdı.
Çinin Cənub və Şərqi Çin Dənizlərindəki fəaliyyətlərinin təsir göstərdiyi bir çox ölkənin ikinci dünya müharibəsindən bu yana Sakit okean regionunda böyük donanma gücünə sahib olan ABŞ-la təhlükəsizlik sazişləri var. Buna görə də, ABŞ Çinin hava hücumundan müdafiə zonası elan etməsinin provokasiya olduğunu düşündü. Çin suverenlik iddialarını artırmaqla əslində nüfuz iddialarını artırırdı.
Beynəlxalq qurumların dəyişməkdə olan dünya nizamı ilə ayaqlaşmaları bir qədər uzun çəkdi. 2010-cu ildə Seulda keçirilən G-20 sammitində 2014-cü ilə qədər inkişaf etməkdə olan ölkələrin Beynəlxalq Valyuta Fondunda kvotalarının artırılması barədə razılıq əldə edilsə də, ABŞ konqresi dəyişikləri təsdiqləmədiyindən heç bir nəticə əldə edilmədi.
Bundan sonra Çin Asiya İnfrastruktur İnvestisiya Bankının yaradılması üçün qabağa düşərək özü öz problemlərini həll etmək üçün hərəkətə keçdi. Beynəlxalq qurumların parçalanması yaxın görünürdü – yəni Avropa ölkələri AİİB-yə qoşulmaq qərarı qəbul edənə qədər. Bu arada Rusiya da öz yeni xarici siyasət ambisiyalarını Ukraynada göstərməyə başlayırdı. Putin 2014-cü ilin yazında Helsinki Aktını pozaraq xarici siyasətdə ABŞ və Avropanın əksinə getməyə başladı. Bu mövqe sentyabr ayında Rusiyanın Suriya münaqişəsinə müdaxilə etmək qərarı ilə bir daha təsdiqləndi.
Bu gün dünya ötən əsrin sonunda təsəvvürə belə gəlməyəcək qədər fərqli vəziyyətdədir. Dəyişikliklərin ciddiyətindən asılı olaraq, 15 il uzun və ya qısa bir zaman kəsiyi kimi görünə bilər. Ötən 15 il ərzində böyük güclər arasında rəqabət, ərəb baharı, İslam dövlətinin yaranması, sünni-şiə münaqişələri və sözlə ifadə edilməyəcək insan əzabı ilə xarakterizə olunan Yaxın Şərqdə isə qeyri-stabillik artıb.
Bütün bunlara baxmayaraq, iki mühüm sahədə ümidverici addımlar atılıb: nüvə silahlarının yayılmasının qarşısının alınması, xüsusilə də, İranla nüvə sazişinin bağlanması ilə və iqlim dəyişikliyinə qarşı mübarizə. Hazırda Parisdə keçirilən iqlim dəyişikliyi sammiti buna misal ola bilər. Baş verənlərdən bir dərs götürməliyiksə, o da yaxşı icra olunan, güclü diplomatiyanın münaqişələrin həllində qeyri-adi qüvvəyə malik olmasıdır. Diplomatiya qarşıdurmanın mane olduğu nəticələrin əldə edilməsi üçün ən yaxşı vasitə olaraq qalır.