Britaniya Suriyadakı müharibəyə qoşulur Dünya

Britaniya Suriyadakı müharibəyə qoşulur

Cavid

Ötən həftə Britaniyanın baş naziri Devid Kemeron ölkəsinin Suriyaya qarşı hava hücumlarında ABŞ-a qoşulması üzrə parlamentdə Leyboristlər Partiyasına qarşı səs çoxluğu ilə qalib gəlib. Bu qərar Kemeron üçün mühüm bir siyasi qələbə deməkdir. Belə ki, baş nazir iki il bundan əvvəl hava hücumlarına başlayıb öz xalqına qarşı ölümcül kimyəvi silahlardan istifadə etdiyinə görə Suriya Prezidenti Bəşər əl-Əsədi cəzalandırmaq üçün ölkə daxilində dəstək qazana bilmədiyinə görə qınanırdı.
"Foreignpolicy" yazır ki, beləliklə, Mühafizəkarlar Partiyasının liderinin müharibəyə qoşulmaq üçün gətirdiyi əsas İslam dövlətinin 13 noyabr tarixində Parisdə törədilən hücumlara görə məsuliyyəti öz üzərində götürməsindən sonra üstünlük qazandı. Bunda ABŞ Dövlət Katibinin NATO üzvlərini islamçı ekstremistlərə qarşı mübarizədə hərbi öhdəliklərini artırmağa çağırmasının da rolu oldu.
Kemeron Parlamentin Suriyada güc istifadəsi üzrə saatlarla sürən müzakirəsinin açılışında bildirib: "Biz müttəfiqlərimizin çağırışlarına cavab verməliyik." O, eyni zamanda bu ekstremist qruplaşmanın Suriyada britaniyalı girovları edam etməsinin və Britaniya küçələrində "ard-arda vəhşiliklər" törətmək planlarının hərbi cavab tələb etdiyini qeyd edib. Britaniyanın vətəndaşlarına qarşı planlanmış ən az yeddi terror hücumunun qarşısını aldığını iddia edən Kemeron ciddi təhlükə ilə qarşı-qarşıya olduqlarını deyib.
Kemeronun parlamentdə səs çoxluğu ilə qalib gəlməsindən sonra Prezident Barak Obama İŞİD-lə mübarizədə Britaniyanın Amerikanın ən dəyərli tərəfdaşlarından biri olduğunu bildirib. Britaniyanın bu təşəbbüsü Fransanın İslam dövlətinə qarşı hava hücumlarını artırmasından bu yana Qərb dövlətləri tərəfindən atılmış ən qəti addım olub.
Almaniya Parlamenti (Bundestaq) də Berlinin İslam dövlətinə qarşı mübarizədə qeyri-döyüş rolunun artırılması planlarını təsdiqləyib-təsdiqləməmək haqqında qərar verməlidir. Almaniya İslam dövlətinin fəaliyyətləri haqqında məlumat toplamaq üçün Suriyaya "Tornado" tipli altı kəşfiyyat təyyarəsi göndərməyi və Fransanın nüvə enerjisi ilə işləyən "Charles de Gaulle" təyyarə gəmisinin mühafizəsi üçün bir freqat təmin edilməsini planlaşdırır.
Dünya gücləri Suriyada siyasi rejimin dəyişdirilməsi ilə bağlı beynəlxalq razılaşma əldə edilməsinə daha da yaxınlaşmağa çalışırlar. Səudiyyə Ərəbistanı gələcək həftələrdə Riyadda Suriyanın müxalifət liderlərinin konfransını keçirməyə hazırlaşır. Ötən həftə ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer BMT qərargahında verdiyi müsahibədə optimist fikirlər səsləndirərək uzun müddət siyasi və diplomatik arenada vəziyyətin bu qədər yaxşı olmadığını bildirib. ABŞ Dövlət Katibinin Müavini Toni Blinken də Suriyada rejimin dəyişdirilməsi ehtimalının münaqişə ərzində birinci dəfə bu qədər yüksək olduğunu qeyd edib.
Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova "Associated Press" agentliyinə bildirib ki, Moskva bu ay Vyana və ya Londonda keçirilməsi gözlənilən dnaışıqlardan əvvəl razılıq əldə edilməsində daha qətiyyətlidir.
ABŞ Dövlət Katibi Kerri isə NATO-nun Brüsseldə yerləşən qərargahında çıxış edərək Britaniyanın bu addımını yüksək qiymətləndirib: "Mən bütün NATO üzvlərini İŞİD-in Suriya və İraqdakı hərbi bazalarını hədəf götürək bu təşkilata qarşı mübarizədə dəstəyi artırmağa çağırdım". Dövlət katibi qoşun dəstələri göndərilməsi və ya birbaşa döyüşə girilməsinin zəruri olmadığını, üzv ölkələrin tibbi ləvazimatlar, yanacaq göndərilməsi və kəşfiyyat məlumatları toplanılması kimi yardımlar göstərə biləcəklərini də qeyd edib.
Con Kerri Rusiyanı da Suriyada İslam dövlətinə qarşı əməkdaşlığı genişləndirməyə çağırıb. O bildirib ki, Rusiya hazırkı böhranın həll edilməsdinə olduqca konstruktiv və mühüm rol oynaya bilər və bütün dünya da bu əməkdaşlıq cəhdini alqışlayar.
Türkiyənin hava məkanına daxil olan Rusiyaya məxsus hərbi təyyarənin vurulmasından sonra İŞİD-ə qarşı beynəlxalq əməkdaşlığın təmin edilməsi ilə bağlı narahatlıqlar artıb. Belə ki, 1950-ci illərdən bu yana ilk dəfə NATO üzvü tərəfindən Rusiya təyyarəsi vurulurdu. ABŞ isə mübahisədə gərginliyi azaltmaq üçün cəld tərpənərək hər iki tərəfi dialoqa girməyə çağırdı.
Həftənin üçüncü günü Rusiya ilə daha sıx əməkdaşlıq ehtimalları NATO-nun Monteneqronu ittifaqa dəvət etməsi ilə yeni bir maneə ilə üzləşdi. Bu dəvət Moskvanın uzun müddətdir NATO-nun Balkanlara genişlənməsinin "məsuliyyətsizlik" olduğunu və Rusiya ilə Qərb qüvvələri arasında etimadı sarsıdacağını iddia etməsi ilə irəli sürdüyü şikayətlərə qarşı gəlmək demək idi.
NATO-nun baş katibi Yens Stoltenberq Monteneqronun ittifaqa daxil edilməsinin "çox gözəl bir müttəfiqliyin başlanğıcı" adlandırıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə buna sərt cavab verərək NATO-nun şərqə doğru genişlənməsinin davam edəcəyi halda Rusiya tərəfdən cavab tədbirləri görüləcəyini bildirib.
Keçmişdə Britaniyanın ABŞ-la birgə hərbi əməliyyatlar aparılmasında parlament tərəfdən dəstək ala bilməməsi ölkənin bir müttəfiq kimi etibarlılığını sual altında qoyurdu. Britaniyada isə ABŞ-a qarşı skeptisizm mövcud olmasının səbəbi Səddam Hüseynin BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan kütləvi dağıntı silahları arsenalı qurduğu ittihamı ilə devrilməsi idi.
Britaniyanın hərbi gücünün azalma səbəblərindən biri də müdafiə xərclərinin azaldılmasıdır: təkcə ordudakı qüvvələrin sayının növbəti dörd il ərzində 50 minə qədər azalması proqnozlaşdırılır. Leyboristlər partiyasının əsas fraksiyalar arasında getdikcə rəğbətini itirən lideri Ceremi Korbin Kemeronun hərbi planlarını "düşüncəsiz müdaxilə" və "terrorla bitib-tükənməyən mübarizədə uğursuz cəhd" olduğunu bildirirək qınayıb.
Tənqidçilərin qaldırdığı suallardan biri də Britaniya və İslam Dövlətinə qarşı birləşmiş 60-dan çox ölkənin Suriyaya hərbi müdaxilə etməyə qanuni icazələrinin olub-olmadısıdır. Belə ki, Əsəd onlardan kömək istəməyib.
Britaniya rəsmiləri BMT-nin üzv dövlətlərə özünümüdafiədə güc istifadəsinə icazə verən nizamnaməsinin İslam Dövlətinin Britaniyanın maraqlarının əksinə planlar qurduğu müddətdə hücumlar üçün kifayət qədər hüquqi əsas verdiyini iddia edirlər. Onlar eyni zamanda hücumlar üçün BMT-nin Təhlükəsizlik Şurasının İŞİD-in Suriyadakı istinadgahlarını məhv etmək üçün üzv dövlətləri "bütün zəruri vasitələr"dən istifadə etməyə çağıran qətnaməsini də əsas kimi göstərirlər.
Korbin isə bu iddialara qarşı BMT nizamnaməsinin, adətən, güc istifadəsi üçün istifadə olunan 7-ci fəsli altında qəbul olunmamış həmin qətnamənin Britaniyanın Suriyanı bombalamasına açıq və birmənalı səlahiyyət vermədiyini iddia edir.
Əvvəlcə İslam dövlətinə qarşı hücumlara başlamaq istəməyən Britaniya artıq hərbi hava qüvvələri ilə İraqdakı hava hücumlarında ABŞ-a qoşulub. Belə ki, İraq hər iki ölkəni müdafiəyə çağırıb. Britaniya Suriya daxilində məhdud hərbi hava əməliyyatları aparırdı, lakin Kemeron əməliyyatların daha da genişləndirilməsi üçün parlamentin təsdiqini gözləmişdir.
Kral Birləşmiş Xidmətlər İnstitutunda Britaniyanın müdafiə strategiyası üzrə rəhbər vəzifədə çalışan Malkolm Çalmers bildirir ki, Paris hücumlarının təsirini həm ümumi ictimaiyyətə İŞİD təhlükəsinin real olduğunu göstərmək, həm də Fransa ilə həmrəylik nümayiş etdirmək baxımından olduqca önəmlidir. Onun fikirlərinə görə, siyasi liderlərin əksəriyyəti üçün ABŞ-la müttəfiqlik hələ də mühüm əhəmiyyətə malikdir.
Çalmers Vaşinqtonla London arasındakı gərginliklərin şişirdilməsinin asan olduğunu deyib. Belə ki, iki ölkə arasında Vyetnam müharibəsindən ABŞ-ın Marqaret Tetçerin qəti etirazı ilə qarşılaşan Qrenada işğalına qədər mühüm təhlükəsizlik məsələləri ilə bağlı fikir ayrılıqları olub.
Britaniya Suriyada ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya kəşfiyyat məlumatları toplanması, yanacaq təminatı, Amerika və Fransa təyyarələrinin vurduğu hədəflərin müəyyənləşdirilməsi üçün idarəetmə və nəzarət kimi qeyri-döyüş dəstəkləri də göstərir. Çalmers Britaniyanın dəstək göstərmədiyi yalnız bir şeyin qaldığını, bunun da dəyişmək üzrə olduğunu bildirir.