Rusiya Suriyada ABŞ-ı üstələyir Dünya

Rusiya Suriyada ABŞ-ı üstələyir

Vaşinqton Suriyada hər gün 11 milyon itirir

Cavid

ABŞ Müdafiə Nazirliyi İŞİD-ə qarşı təşkil edilən hərbi əməliyyatların gündəlik xərcini açıqlayıb. Pentaqon terrorçulara qarşı təşkil edilən əməliyyatların hər gününün 11 milyon dollara başa gəldiyini bildirib. Məlumata görə, 2014-cü ilin sentyabrından bu günə qədər İŞİD-ə qarşı mübarizə üçün 5 milyard dollar xərclənib. Ayrılan vəsaitin 69 faizi hava hücumları, 24 faizi quru və dəniz, 7 faizi isə xüsusi əməliyyatlar üçün istifadə olunub. Diqqət çəkən digər məlumat isə güllə və digər sursatlara ayrılan vəsaitdir. ABŞ 1 il 3 ay ərzində sursat ehtiyacları üçün 1,26 milyard dollar sərf edib.
Politoloq Tofiq Abbasov deyib ki, faktiki olaraq Rusiya-ABŞ çəkişməsində Moskvanın yanaşma tərzi, plan və təklifləri daha real görünür. Onun sözlərinə görə, Səudiyyə və ABŞ-ın hazırkı addımları Moskvaya qarşı təzyiqlərdən xəbər verir: "Hazırda Suriya ordusunda 110 mindən artıq əsgər var. Bunun özü real qüvvə deməkdir. Digər tərəfdən, Hələb və Dəməşqdə hələ də mülki əhali var, onlar da Əsədin getməsini istəmirlər. Konstitusiya islahatları, ölkəyə rəhbərlik, Əsədin təmsil etdiyi və digər icmaların keçid parlamentində hansı kvotalarla təmsil olunması tipli məsələlər məhz atəşkəs əldə edildikdən sonra bəlli olacaq. İndi söhbət ondan gedir ki, barışmaz radikal müxalifət silahı ya yerə qoymalı, ya da məhv olmalıdır. O da bəllidir ki, Rusiyanın təqdim etdiyi planı tərəflər daha çox dəstəkləyirlər. Faktiki olaraq Rusiya-ABŞ çəkişməsində Moskvanın yanaşması, plan və təklifləri daha real görünür. Səudiyyə və Vaşinqtonun hazırkı addımları Moskvaya qarşı təzyiqlərdən xəbər verir. 34 ölkənin başçılığı ilə yaradılan İslam koalisiyası bunun bariz nümunəsidir. Hələ ki, mübarizə meydanında məsələni həll edən silahlı dəstələrdir. Uzağı yarım ilə bu silahlı qarşıdurmanın müqəddəratı həll olmalıdır".
Yeri gəlmişkən, o da iddia edilir ki, ABŞ ordusu Əsədə kəşfiyyat məlumatları verir. ABŞ ordusu prezident Barak Obamadan xəbərsiz Suriya rəhbərliyini kəşfiyyat məlumatları ilə təmin edir. Bu iddia ilə "Pulitzer" mükafatçısı məşhur amerikalı jurnalist Seymur Hersh çıxış edib. Avropanın ən yüksək tirajlı nəşrlərindən olan "London Review of Books" jurnalı üçün Vaşinqtonun Suriya siyasəti haqqında məqalə yazan jurnalistə görə, ABŞ prezidentinin Suriyanın mülayim müxalifəti dəstəkləməsi ordu daxilində etirazla qarşılanır.
İddiaya görə, Obamanın Suriya siyasətinin uğur qazanma şansının olmadığını görən ordu 2013-cü ilin payızından öz planlarını həyata keçirməyə başlayıb. Amerika ordusu sözügedən plan çərçivəsində hərbi kanallar üzərindən başqa ölkələrə İŞİD və "Ən-Nüsra" Cəbhəsi ilə mübarizə üçün kəşfiyyat məlumatları ötürmək qərarına gəlib. ABŞ Müdafiə Kəşfiyyat Təşkilatı (DIA) ilə Baş qərargahın 2013-cü ildə hazırladığı birgə hesabatda deyilir ki, Bəşər Əsədin devrilməsi Liviyadakı vəziyyətin təkrarlanmasına gətirib çıxaracaq.
Onu da qeyd edək ki, İŞİD terror təşkilatı 2015-ci ildə əlindəki torpaqların 14 faizini itirib. Bu barədə İngiltərədə fəaliyyət göstərən strateji düşüncə mərkəzlərindən olan "IHS Janes" təşkilatının hesabatında deyilir. İŞİD ən əhəmiyyətli torpaq itkilərini Suriya və İraqın şimalında kürd gücləri ilə döyüşlərdə verib. Hesabata görə, 2015-ci ildə suriyalı kürdlərin nəzarət etdikləri ərazi 186 faiz artıb.
Suriya-Türkiyə sərhədindəki Tel-Abyad və İraqın Tikrit şəhərləri, eyni zamanda İraqdakı Beyçi neftayırma zavodunun yerləşdiyi bölgəsi 2015-ci ildə İŞİD-in itirdiyi ərazilər arasındadır. İŞİD həmçinin Suriyanın Rakka ilə İraqın Mosul şəhərləri arasındakı strateji yolu itirib. "IHS Janes"in hesabatına görə, İŞİD-in nəzarət etdiyi ərazi 12800 kvadrat kilometr azalıb və hazırda 78 min kvadrat kilometr təşkil edir. Təşkiların Yaxın Şərq üzrə mütəxəssisi Kolumb Strak hesab edir ki, İŞİD-in ərazi itkisi qruplaşmanın sona qədər döyüşməməsi ilə bağlıdır.
Bu itkilərlə yanaşı terror təşkilatı il ərzində bəzi yeni əraziləri də ələ keçirib.
Suriyanın Palmira şəhəri və İraqın ən böyük vilayəti olan Anbarın paytaxtı Ramadinin ələ keçirilməsi İŞİD-in 2015-ci ildə əhəmiyyətli qələbələri arasındadır.
Hesabata görə, 2015-ci ildə İraq torpaqlarının 6 faizini, Şimali İraq regional kürd rəhbərliyi isə 2 faizini geri alıb. İl ərzində ən böyük torpaq itkisini Dəməşq rejimi yaşayıb. Rejim əlindəki topaqların 16 faizini itirib.