AKP seçki planını açıqladı Dünya

AKP seçki planını açıqladı

Prezident olmaq istəyən Ərdoğan Abdullah Gülə baş nazir kürsüsünü vəd edir
Dövlət Baxçəli: "Hər kəs ola bilər, amma Rəcəb Tayyib Ərdoğan ola bilməz"

Türkiyədəki bələdiyyə seçkilərində qələbəsini təmin edən AKP nəticələr elan olunandan dərhal sonra ölkədə gündəmi dəyişməyə müvəffəq olub. Bəzi bələdiyyələr üzrə seçkinin nəticələrinin ləğvini tələb edən müxalif Cümhuriyyət Xalq Partiyasının etirazları fonunda baş nazir Ərdoğanın partiyası cəmiyyəti avqustun 10-da keçiriləcək prezident seçkilərinə hazırlamaqdadır.
AKP artıq qarşıdakı seçkilərə öz namizədini rəsmi qərar olmasa da elan edib. Hakim partiya Türkiyənin ümumxalq səsverməsi ilə seçiləcək prezidenti kimi Ərdoğanı görmək istəyir.
Elə həftənin ilk günü hakim partiyanın Təsisçilər Şurasının üzvü Salih Kapusuz "TRT Haber"ə müsahibəsində bəyan edib ki, onların namizədi məhz Ərdoğan olacaq. Onun fikrincə, "bələdiyyə seçkilərinin nəticələri baş nazirin prezidentliyə layiqli namizəd olduğunu göstərdi".
Bu açıqlamasının ardınca AKP sədrinin müavini Əli Şahin sürpriz açıqlama ilə çıxış etdi. "CNN Türk" telekanalının xəbərinə görə, Salih Kapusuz Ərdoğan prezidentlik kürsüsünə çıxacağı təqdirdə hazırki prezident Abdullah Güllə bağlı məsələyə də aydınlıq gətirib. O deyib ki, Ərdoğanın prezident seçilməsindən sonra hazırkı dövlət başçısı Abdullah Gül baş nazir postunu tuta bilər. Onun sözlərinə görə, prezident Abdullah Gül böyük siyasi təcrübəyə malikdir və hakim partiya bu təcrübədən faydalanmaq istəyir.
Maraqlıdır ki, bir neçə gün öncə baş nazirin müavini Bülənt Arınç da bildirmişdi ki, Türkiyə xalqının böyük dəstəyi və bələdiyyə seçkilərinin nəticələri Ərdoğanın namizədliyini irəli sürəcəyi təqdirdə prezident seçilə biləcəyinə əsas verir. Üstəlik Arınç əlavə etmişdi ki, Ərdoğan namizədliyini irəli sürərsə, "demək olar ki, Türkiyə prezidenti Abdullah Gül də onun namizədliyini dəstəkləyəcək".
Lakin bu açıqlamalardan əvvəl Ərdoğanın prezidentliyə mümkün namizədliyi barədə Abdullah Gül tamamilə fərqli mövqe sərgiləmişdi. Türkiyə prezidenti jurnalistlərin suallarını cavablandırarkən baş nazirin ona sürpriz etməyəcəyini demişdi: "Baş nazir mənə sürpriz etməz. Açıq desək mən də ona belə bir sürpriz hazırlamaram".
Elə o zaman da AKP rəhbərliyində özünün baş nazir vəzifəsinə gətiriləcəyilə bağlı söz-söhbətə münasibətini açıqlamışdı: "Seçkilərin nəticələri rəsmi formada açıqlandıqdan sonra mütləq bu məsələ ilə bağlı öz aramızda müzakirə aparacağıq. İndi bir söz deməyəcəyəm. Mənim də bu məsələdə öz fikirlərim var".
AKP rəhbərliyində prezidentliyə namizəd və gələcək baş nazirlə bağlı mövqelərə Abdullah Gülün dəstək vermədiyi elə bu açıqlamadan da aydın sezilir. Hər halda "mənim də bu məsələdə öz fikirlərim var" açıqlaması AKP-dən fərqli bir mövqedən və Ərdoğanı gözləyə biləcək sürprizlərdən xəbər verir.
Baş nazir isə hesab edir ki, Türkiyədə keçiriləcək prezident seçkiləri xüsusi əhəmiyyət kəsb edəcək və ondan sonra ölkədə hər şey dəyişəcək. Ərdoğanın jurnalistlərlə söhbətində deyib ki, prezident seçkilərində xalqla sıx əlaqələrə malik olan şəxslər namizəd olmalıdırlar. Elə bu açıqlamanın özü onun AKP tərəfindən namizəd elan olunacağını təsdiq edir. Ərdoğan bununla həm də özünün bələdiyyə seçkilərilə bağlı kampaniya çərçivəsində keçirdiyi görüşləri xatırladıb. Həm də ona işarə edib ki, AKP-nin Abdullah Gülün mövqeyindən asılı olmayaraq alternativ namizədi olmayacaq.
Ərdoğan prezident seçkilərindən sonra yeni dövrdə yaşayacaqlarını açıqladı.
Ərdoğanın media təmsilçilərilə söhbətində daha bir maraqlı məsələ sosial şəbəkələrlə bağlı olub. Baş nazir bu mövzuda prezident Gülün mövqeyindən narazılığını da dolayısı ilə ifadə edib. O deyib ki, dostları ilə Twitter mövzusunda mövqeləri üst-üstə düşməyib: "Təəssüf ki, bu mövzuda eyni xətdə ola bilmədik. Konstitusiya Məhkəməsi verdiyi qərarla qanunların əksinə getdi. İnsan "yoxsa Konstitusiya Məhkəməsində də paralel quruluşlarmı var" deyə düşünür. ABŞ da onların vəkilliyini edir. Twitter, Facebook, YouTube... Bunların hamısı ayrılıqda vergi oğrularıdır. Amma əl çəkməyəcəyik. Hamısının Türkiyədə vergi ödəmələri lazımdır".
Ərdoğan faktiki olaraq həm də "insan yoxsa Konstitusiya Məhkəməsində paralel quruluşlarmı var deyə düşünür" deməklə, onun iradəsinin əksinə çıxacaq insanları "paralel quruluşlar" suçlamasının hədəfinə getirəcəyi mesajı verib.
AKP sədrinin müavini Hüseyn Polad da maraqlı açıqlama verib: "Yəqin ki, hörmətli baş nazir prezidentliyə namizəd olması ilə razılaşar və namizəd olsa, xalq hörmətli baş naziri prezidentlik kürsüsünə gətirir".
Hüseyn Polad bununla belə seçkilərlə bağlı qərarın Ərdoğan ilə Gülün ortaq razılaşması əsasında veriləcəyinə işarə edib.
İqtisadiyyat naziri Nihat Zeybekçi də "millət 30 martda prezidentin kim olacağının işarəsini verdi" deyib.
Ərdoğanın prezidentliyə namizədlik istəyinə dünən Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçəli olduqca sərt reaksiya verib. Partiyasının qrup toplantısında çıxış edən Baxçəli deyib ki, ölkəni iki adamın kefinə təslim etmək mümkünsüz bir şeydir: "Təxminən 77 milyon əhalisi olan Türkiyədə prezidentliyə iki şəxsin layiq görülməsi millətimizin suverenlik və seçim haqqlarını bir daha heçə saymaqdır. Buna da heç kimin haqqı yoxdur. Prezident bütün milləti təmsil edən, barəsində hər hansı şübhə və korrupsiya iddiası olmayan şəxs seçilməlidir. Əvvəlcə muxtariyyətə, sonra Quzey Kürdüstana açıq qapı buraxandan prezident olmaz. Cəmiyyəti qütblərə və 36 yerə ayırandan prezident olmaz. Twitterə əngəl yaradan, Youtube-ni bağlayan, insanların haqq və azadlıqlarını budayandan prezident olmaz. Hüquqa hücum edəndən, ədalətdən qaçandan, rüşvətxorlara və oğrulara qol-qanad gərəndən prezident olmaz. Villalara yığın-yığın dollar yığandan, cəmiyyət ərazilərini mənimsəyəndən, evdəki pulu sıfırlarkən şərəf və inandırıcılığını da sıfıra salandan prezident olmaz. Türk Silahlı Qüvvələrinə qarşı pusqu qurandan baş komandan olmaz. Türklüyü rədd edən, milliyyətçiliyi ayaqlar altına alan bir inkarçıdan Türkiyəyə prezident olmaz, ola bilməz, ola da bilməyəcək. Qısacası iki səhvdən bir doğru çıxmaz, təkədən süd sağılmaz, balda duz olmaz, suda atəş yanmaz, Rəcəb Tayyib Ərdoğandan da prezident olmaz. Siyasi fikri, fikri mənsubiyyəti, məzhəbi və bölgəsi nə olursa olsun, istər AKP-çi, istər MHP-çi, istəsə də CHP-çi olsun, hər vətən övladı prezident ola bilər, amma Rəcəb Tayyib Ərdoğan ola bilməz, çünki millətin tərəzisi bu çəkini çəkməz".

Cavanşir Həsənli