“Paytaxt Ankaranın hədəf seçilməsini təsadüfi saymıram” Dünya

“Paytaxt Ankaranın hədəf seçilməsini təsadüfi saymıram”

Elçin Mirzəbəyli: "Bu aksiyalar bölgədə geosiyasi maraqları uğunda mücadilə aparan güclərdən birinin sifarişi ilə həyata keçirilə bilər"

Azər Verdiyev: "Son 3 ayda Türkiyədə bir neçə terror hadisəsinin törədilməsi Türkiyə hökümətinə növbəti mesaj kimi dəyərləndirilməlidir"

Arzu Nağıyev: "Terror hadisəsində də dəst-xətt eynidir"

Rasium Musabəyov: "Rusiyanın PKK-ya kömək etdiyi bəllidir, PKK-nın da Türkiyə ərazisində terror hadisəsi törətdiyi bəllidir"
"Son 5 ay ərzinə paytaxt Ankarada 3 terror aksiyasının törədilməsi bu dəşhətli cinayətin siyasi mesaj xarakterli olduğu ehtimalını yaradır". Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) beynəlxalq məsələlər üzrə katibi, politoloq Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, yaxın tarixdə terror aksiyaları adətən İstanbulda, Diyarbəkirdə və digər bu kimi ərazilərdə gerçəkləşdirilirdi: "Paytaxt Ankaranın, xüsusilə də dövlət qurumlarının yerləşdiyi ərazilərin hədəf seçilməsini təsadüfi saymıram. Bu aksiyalar bölgədə geosiyasi maraqları uğunda mücadilə aparan güclərdən birinin sifarişi ilə həyata keçirilə və Türkiyənin siyasi hakimiyyətinə mesaj xarakteri daşıya bilər. Yaxud aksiyanı gerçəkləşdirən terror təşkilatı köhnə-yeni dəstəkçilərindən daha çox maliyyə və silah yardımı almaq üçün siyasi yükü çox olan aksiyalara əl ata bilər. Və ya terror təşkilatı hansısa qüvvənin sifarişi ilə başqa bir qüvvənin sifarişçi kimi görünməsi mənzərəsini yarada bilər. Hər halda bu və digər yanaşmaların araşdıralacağını düşünürəm".
ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, ekspert Azər Verdiyev deyib ki, bütün türk dünyası Türkiyənin yanında olmalı, terrorla mübarizədə birgə fəaliyyət göstərməlidirlər. Onun sözlərinə görə, son 3 ayda Türkiyədə bir neçə terror hadisəsinin törədilməsi Türkiyə hökümətinə növbəti mesaj kimi dəyərləndirilməlidir: "Vəziyyət olduqca ciddidir. Türkiyə coğrafi baxımdan olduqca qaynar bir nöqtədə yerləşir. Ətrafında olan əksər qonşu dövlətlər qaynar müharibə ocaqlarıdır. Bu mənada terrorla mübarizədə Türkiyə höküməti daha çox güc ortaya qoymaq məcburiyyətindədir. Hesab edirəm ki, birgə strateji təhlükəsizlik addımlarının atılmasının tam zamanıdır".
Politoloq Arzu Nağıyev diqqətə çatdırıb ki, Türkiyədə qarışıqlıq yaratmaq bir çox qurumlara, o cümlədən PKK-ya və onun havadarlarına, maraqlı dövlətlərin xüsusi xidmət orqanlarına sərf edir. Politoloq bildirib ki, Ankara terroru təsadüf olmaya da bilər: "Son bir ayda ikinci terror aktıdır ki, Ankaranın mərkəzində, dövlət qurumlarının idarələri yerləşən ərazidə törədilir. İkinci terror hadisəsində də dəst-xətt eynidir yəni, avtomobili insanlarla dolu olan avtobusa çırpmaq vasitəsilə törədilib".
Onun sözlərinə görə, Türkiyə bu gün ağır siyasi dövr yaşayır: "Rusiya ilə gərginlik pik nöqtəsinə çatıb. Suriya ilə həmsərhəd ərazilərdə terror təşkilatları ilə mübarizə davam edir. Diyarbəkirdə PKK terrorçularına qarşı hərbi əməliyyatlar aparılır. Avropa İttifaqı ilə miqrant məsələlərinin həlli məhz Türkiyəyə həvalə edilib və bunun müqabilində külli miqdarda vəsaitin ayrılmasından söhbət gedir. Yəni, bütün bu faktorlara nəzər salanda görünür ki, terrorun Türkiyədə törədilməsində maraqlı olan qüvvələr kifayət qədərdir".
Arzu Nağıyev onu da qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə planlaşdırılan ilk səfər tarixindən 26 gün keçib: "Bu səfər zamanı Azərbaycanın Rusiya və Türkiyə arasında vasitəçi olması məsələsinin müzakirəsi də istisna deyildi. Bunun reallaşmasını istəməyən qüvvələr var. Terrorun törədilməsiylə bağlı ilkin versiyalar bir sıra maraqlı dövlətlərin xüsusi xidmət orqanları və təbii ki, PKK və onun qanadlarının təqsirkar olduğunu göstərir".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov isə bu hadisələrin Ərdoğanın Bakı səfəri ilə əlaqəli olub-olmaması barədə konkret fikir yürütməkdə çətinlik çəkdiyini deyib: "Bunu kimlərsə deyirsə, gərək ortaya fakt qoysunlar. Bu ehtimaldır, ola da bilər, olmaya da bilər. Mən əmin olsaydım ki, Ərdoğan Bakıya gəlməməklə bütün bu partlayışlar bitəcək, onda elə biz Türkiyəyə gedərdik. Amma heç kim buna məsul olmaz. Hər halda, istisna etmirəm, amma əlimdə bunu təsdiqləyən heç bir fakt yoxdur. Rusiya PKK vasitəsilə terakt törədə də bilər, törətməyə də. Rusiyanın PKK-ya kömək etdiyi bəllidir, PKK-nın da Türkiyə ərazisində terror hadisəsi törətdiyi bəllidir. Amma bunu təkcə Ərdoğanı hər vəchlə Bakıya səfərdən yayındırmaq üçün eləməsini təsdiqləyən heç bir fakt yoxdur. Sadəcə, birinci dəfə də o görüşə maneə yaradan terakt oldu, ikincini də... Ərdoğan Bakıya gəlsə, bundan sonra daha Türkiyədə terror hadisəsi olmayacaq? Yox. Bu terror hadisələrinin Ərdoğanın Bakı səfəri ilə əlaqəsi mümkündür, lakin təsdiqləyən sübut yoxdur. Ona görə də bunu birmənalı "Rusiya kürdlərin əli ilə edib ki, Ərdoğanın Bakı səfərini pozsun" kimi deyə bilmərəm. Türkiyənin Ukrayna ilə yaxınlaşması Rusiya üçün daha təhlükəlidir. Ukrayna prezidenti Poroşenko Türkiyəyə gedib Ərdoğanla görüşdü. Amma heç bir partlayış olmadı".
Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFQASSAM) sədri Hasan Oktay deyib ki, Ankarada son 5 ayda 3 böyük terror aksiyası həyata keçirilib: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri ərəfəsində belə bir terror aktlarının həyata keçirilməsinə, bəlkə bu təsadüfdür. Amma onun arxasında gizlənən bəzi məqamları da nəzərdən keçirmək lazımdır. Əgər Rusiya-İran bloku Suriyada Türkiyəyə verilən səlahiyyətə sahib olubsa, o halda bölgədə müharibəni gözləmək lazımdır. Hazırda Ərdoğanın Azərbaycan səfəri ən azı bir il ertələnməlidir. Çünki Ərdoğan İran və Rusiyanın təsirindən dolayı bu coğrafiyaya səfər etməməlidir. Hətta Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdi də ola bilər. Özü də həmin sui-qəsd təkcə xarici səfərlər də deyil, elə Türkiyənin daxilində də baş verə bilər".
O, deyib ki, Türkiyə-Azərbaycan əlaqələrinin korlanması üçün hətta bütün dünya birlikdə çalışa bilər: "Türkiyəni haqlı olduğu mübarizədə heç bir qüvvə geri addım atmağa vadar edə bilməz. Türkiyə nə terrora qarşı mübarizədə, nə də PKK-nın üsyanlarından dolayı geri addım atmaz və güçsüz duruma düşməz.
Türkiyəni qısa zaman içərisində çətin günlər gözləyir. Amma bu günlər də çox qısa sürəcək. Çünki Türkiyə bu çətinlikləri dəf etmək gücündədir. Bütün cəhdlərə baxmayaraq Türkiyə ayaqda qalacaq və qısa zamanda toparlana biləcək. Böyük güclər terrorun arxasında gozlənərək Türkiyəni cəzalandırmaq yolunu seçiblər...".

Əli