Putin dünyanı müharibə ilə hədələdi Dünya

Putin dünyanı müharibə ilə hədələdi

"NATO-ya üzv olan bir sıra təcavüzkar dövlətlərin böyüməsindən qorxmuruq, onların hamısını boğarıq"
"Rusiya güclü bir ölkədir və həmin dövlətlərin qarşısında durmağa hazırdır"
"İmkan yaratmaq lazımdır ki, Dnestryanı bölgədə yaşayan əhali taleyini özü həll etsin"

Dünən Rusiya prezidenti Vladimir Putin mərkəzi telekanallar və radiostansiyaların efirində 12-ci dəfə vətəndaşlarla onlayn əlaqə yaradıb. Rusiya dövlət başçısının "canlı xətt" konfransı zamanı səsləndirilən suallar, əsas bəyanatlar və ekspertlərin şərhləri RİA "Novosti" agentliyinin onlayn-reportajında yayımlanıb.
Aparıcının prezidentə verdiyi ilk sual onun Ukraynanın cənub-şərqindəki hadisələrə münasibəti barədə olub. Putin cavabında bildirib: "Ukraynanın şərqindəki əhaliyə qarşı tank və aviasiya qüvvələrindən istifadə bugünkü Kiyev hökumətinin törətdiyi növbəti cinayətdir. Hökumət ölkənin şərqində özünün təyin etdiyi məmurlarla deyil, sadə vətəndaşlarla danışıqlar aparmalıdır. Rusiya heç vaxt hərbi fəaliyyət və ya Krımın işğalını planlaşdırmayıb".
Canlı yayımdan sonra sevastopollular tərəfindən verilən birinci sual Qara dəniz donanmasının taleyi barədə olub.
Putin deyib: "Biz Krımın bu sahədəki potensialını genişləndirməkdə davam edəcəyik. Sevastopol Rusiyanın hərbi-dəniz şöhrətinin simvolu olan şəhərdir, biz məhz buna istinad edəcək, bunu rəhbər tutacağıq".
Putinin sözlərinə görə, "Rusiya hərbçiləri yarımadada müstəqil referendum keçirməyə imkan yaratmaq və vətəndaşlara qarşı silahdan istifadəyə imkan verməmək üçün Krım müdafiə qüvvələrinin arxasında düzgün, qərarlı və peşəkar şəkildə fəaliyyət göstəriblər".
Putin qeyd edib ki, Ukrayna üzrə kompromis üçüncü dərəcəli oyunçular arasında deyil, ölkə daxilində tapılmalıdır. O, Krım sakinlərinin Rusiya Federasiyasına qoşulduqlarına görə maddi üstünlük hiss edəcəklərinə əmin olduğunu vurğulayıb: "Krımda mövcud olan sosial imtiyazlar dotasiya və büdcə hesabına saxlanılır, bundan sonra Rusiyanın da yardımı əlavə olunacaq. Biz Krım sakinlərinin Ukrayna tərkibində sahib olduqları güzəşt və imtiyazlara əsaslanırıq. Onlar itməli deyil və əgər həmin imtiyazlar Rusiyada yoxdursa, biz Krım büdcəsinə əlavə subsidiyaların köməyi ilə onları saxlayacağıq".
Putin Krım tatarlarının reabilitasiyası ilə bağlı fərman hazırlandığını da söyləyib. Krım tatarlarının Stalin repressiyalarından çox əziyyət çəkdiyini deyən Putin qeyd edib ki, Krımın Rusiya Federasiyası tərkibinə daxil olması prosesi Krım-tatar xalqının haqlarının bərpası ilə paralel aparılmalıdır.
XVIII əsrdə Krım Rusiya imperiyasına birləşdirilərkən II Yekaterinanın Krım tatarlarının hüquqlarına hörmətlə yanaşılmasını nəzərdə tutan fərman imzaladığını xatırladan Rusiya prezidenti bu siyasətin davam etdiriləcəyini vurğulayıb: "Krım-tatar xalqının reabilitasiyası haqqında fərman hazırlanır. Özü də təkcə tatarların deyil. Stalin repressiyaları zamanı ermənilər də, almanlar da əziyyət çəkiblər".
Rusiyanın dövlət başçısı həmçinin qeyd edib ki, Ukrayna əlaqə yaratmaqdan qaçdığı üçün Rusiya Krımda şəxsi bank-hesabat şəbəkəsini yaratmağı tezləşdirəcək. Onun fikrincə, bunun üçün təxminən bir ay müddət lazımdır.
Rusiyanın dövlət başçısı növbəti dəfə ölkəsinə xəyanət etmiş sabiq prezident Yanukoviçi müdafiə edib: "Viktor Yanukoviç prezident vəzifəsini icra edib, çünki bunu lazımlı və düzgün hesab edib. O, vətəndaşlara qarşı silah tətbiqi barədə göstərişi imzalamağa əlinin gəlmədiyini söyləyib".
V.Putinin sözlərinə əsasən, o, Yanukoviçin ölkədən qaçması ilə razı deyil: "O, regiona yollanıb, bu zaman isə Kiyevdə imzalanan razılaşmaya baxmayaraq, hakimiyyət ələ keçirilib".
Rusiya prezidenti hesab edir ki, "dövləti qorumaq üçün vəzifələrini yerinə yetirən yaraqlıları" təhqir etmək olmaz: "Sonda "Berkut"a "çox sağ ol" deyəcəklərinə əminəm. Krım və Sevastopol turizm və sənayenin inkişafı üçün yaxşı potensiala malikdir, lakin bunun üçün sərmayə lazımdır".
Rusiya prezidenti Vladimir Putin dövlətlərarası münasibətlər çərçivəsində Ukrayna ilə qarşılıqlı anlayış tapmağın mümkün olacağına əmindir. O, ölkəsinin "hər zaman Ukraynanın yanında olduğunu və bundan sonra da olacağını" bildirib.
Putinin sözlərinə əsasən, Ukraynaya maliyyə yardımı 100 milyard dollar təşkil edir: "Rusiyalılar və ukraynalılar bir-birilərini sevib hörmət edirlərsə, onlar bir-birilərini başa düşməyin yolunu tapmalıdırlar. Bunu bir ailə çərçivəsində etmək dövlət çərçivəsində etməkdən daha asan olar".
Putin əlavə edib ki, "Ukraynanın cənub-şərqindəki vəziyyətlə bağlı təcili toplanmaq və oradakı insanlarla danışıqlar aparmaq lazımdır". Onun sözlərinə görə, Ukraynada Rusiya agentlərinin olması ilə bağlı iddialara da cavab verib: "Ukraynada Rusiya xüsusi xidmət orqanlarına məxsus bölmə, təlimatçı yoxdur".
Putin bildirib ki, müəyyən güclər Yuqoslaviya ssenarisi ilə Rusiyanı parçalamaq istəyir. O, Rusiya ilə Ukraynanın arasını vurmaq istəyən dairələrin bu istiqamətdə fəaliyyət göstərdiyini bildirib: "Vahid xalqı bölmək istəyirlər. Təəssüflər olsun ki, Ukraynada bəzilərinin Rusiyaya qarşı siyasəti davam edir. Bu o güclərdir ki, bizim böyüklüyümüzdən, gücümüzdən qorxurlar. Baxın görün, Yuqoslaviyanı necə tikə-tikə parçaladılar. İndi də həmin qüvvələr siyasi proseslərlə manipulyasiya edirlər".
Rusiya prezidenti Moldovanın ərazi bütövlüyünü təhdid edən bəyanat da səsləndirib. Dnestryanı probleminin mürəkkəb olduğunu bildirən Putin orada çoxlu sayda rusiyalıların yaşadığını və onların əksəriyyətinin Rusiyaya meyilli olduğunu vurğulayıb: "İmkan yaratmaq lazımdır ki, Dnestryanı bölgədə yaşayan əhali taleyini özü həll etsin. Onların öz taleləri barədə öz düşüncələri var. Demokratiya onlara istədikləri kimi yaşamaq hüququ verir. Moldova, Dnestryanı ilə danışıqları davam etdirmək lazımdır. Dnestryanının blokadasını dərhal aradan qaldırmaq lazımdır. Son nəticədə mən buradan çıxış edirəm, neqativ nəticələrini Dnestryanıda yaşayan insanların həm Moldova və kənardan, yeri gəlmişkən, Ukrayna tərəfdən hiss etdikləri blokadanı dərhal aradan qaldırmaq lazımdır. Dnestryanı və Ukrayna sərhədi arasında millətçilərin silahlı qruplaşmaları toplaşıb və bu vəziyyət şübhəsiz ki, dayandırılmalıdır. Lakin son nəticədə adamlara öz talelərini özləri həll etmələrinə icazə verilməlidir. Biz bunun üzərində öz tərəfdaşlarımızla işləyəcəyik".
Putin açıq formada Qərbi və HATO-nu da təhdid etməkdən çəkinməyib: "NATO-nun şərqə doğru genişlənməsindən qorxmuram. Bundan heç kim qorxmamalıdır, lakin eyni zamanda durumu soyuqqanlı dəyərləndirmək lazımdır. Krımla bağlı qərarın qəbulunun səbəblərindən biri NATO-nun şərqə doğru genişlənməsi olub. Mən deyəndə ki, NATO-ya yeni ölkələrin qoşulmasına ehtiyac yoxdur, təhlükəsizliyə dair ikitərəfli saziş əsasında əməkdaşlıq qurula bilər, bizə dedilər ki, bu sizin işiniz deyil. Ona görə də əgər birdən NATO qoşunları Sevastopolda peyda olsa idilər, bu, artıq Rusiya üçün geosiyasi əhəmiyyət kəsb edəcəkdir. Yəni Rusiya Qara dəniz bölgəsindən sıxışdırılıb çıxarılacaqdı. Odur ki, NATO-nun genişlənməsi məsələsində bütün amilləri nəzərə alacağıq və müvafiq addımlar atacağıq. Rusiyanın təhlükəsizliyinin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik. Bir sıra dövlətlər Rusiyanı zəiflətməyə çalışırlar, ancaq buna nail ola bilməyəcəklər. Hazırda NATO-ya üzv olan dövlətlərin bəziləri Rusiyaya qarşı sanksiyalara tətbiq etməklə ölkəmizi zəiflətməyə çalışır. Rusiya güclü bir ölkədir və həmin dövlətlərin qarşısında durmağa hazırdır. Biz heç kimdən, eləcə də NATO-ya üzv olan bir sıra təcavüzkar dövlətlərin böyüməsindən qorxmuruq. Onların hamısını boğarıq. Rusiya hər zaman lider bir ölkə olub".
Putin bəyan edib ki, Rusiya Qara dənizdə hərbi gəmilərin sayını artıracaq: "Qısa zamanda Novorossiyskdəki hərbi donanamaya məxsus hərbi gəmilərin bir qismi Krıma gətiriləcək. Krım gəmitəmiri və gəmiqayırma baxımından çox yaxşı potensila malikdir. Biz bunu Krımın inkişafı baxımından etmək istəyirik. Amma buna vaxt lazımdır, buna baxmayaraq, bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik".

TURQUT