Rus müstəmləkəçiliyinə həvəslənən ermənilər Dünya

Rus müstəmləkəçiliyinə həvəslənən ermənilər

Dağlıq Qarabağda və Cavaxetiyada separatçılara pasport paylamaq çağırışları təzyiq məqsədi daşıyır

Cavid

Rusiya Ukrayna torpağı Krımı işğal edib özünə birləşdirdikdən sonra keçmiş SSRİ məkanındakı münaqişələrə maraq artıb. Bu sırada Dağlıq Qarabağın adı daha çox çəkilir. Millətçi Vladimir Jirinovski Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsinin "vacib" olduğunu deyib.
Qeyd edək ki, Rusiyada Dağlıq Qarabağın erməni sakinlərinə Rusiya pasportu verilməsi müzakirə olunmağa başlayıb. Bəzi erməni ekspertlər Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsinə mənfi yanaşmadıqlarını dilə gətiriblər.
Amma Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi qeyri-real variant kimi dəyərləndirilir. Çünki Abxaziya, Cənubi Osetiya və Krımdan fərqli olaraq Dağlıq Qarabağın Rusiya ilə ümumi sərhədi yoxdur, ikincisi isə orada hazırda erməni əhali yaşayır. Rusiyanın ilhaq siyasəti isə "rus əhalinin müdafiəsi"nə əsaslanır.
Amma görünür, Kreml bütün hallarda Azərbaycana təzyiq baxımından Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi mövzusunun aktuallaşmasında maraqlıdır və bunu Jirinovski kimi millətçilərin dili ilə səsləndirir. Kreml bu yolla Azərbaycana təzyiqi artırır və Bakıya Qərblə sıx münasibətlərdə ehtiyatlı olmaq mesajı göndərir. Yəni Moskva Azərbaycanın xarici siyasətində Qərbə yönəlik ciddi dəyişiklik hiss etsə, bu variantı işə sala bilər. Rusiyadakı dairələrin yanaşmasına görə, bu, rəsmi Bakını Dağlıq Qarabağ məsələsini nə vaxtsa güc yoluyla həll etmək istəyindən çəkindirər və Rusiya Krımda olduğu kimi Dağlıq Qarabağda öz vətəndaşlarını qorumaq adı altında Ermənistandakı hərbi bazalarından Azərbaycan əleyhinə istifadə edə bilər.
Erməni mətbuatı hazırda Qarabağın qorunması üçün yeganə vasitənin Rusiya pasportlarının paylanmasından ibarət olduğunu bildirib.
Qeyd edək ki, "Rusiya vətəndaşlığın verilməsi haqqında" yeni qaydalar artıq təsdiqlənib. Bunun Cavaxetiyaya təsiri də qaçılmazdır. Oradakı ermənilər rahat şəkildə rus pasportlarını alacaqlar. Rusiyaya gedən Ermənistan vətəndaşları da rahat şəkildə Rusiya vətəndaşlığını alacaqlar. Nəticədə bir müddətdən sonra öz ailələrini Rusiya vətəndaşı edə biləcəklər. Erməni mətbuatı Ermənistanla bərabər vətəndaşlığın Qarabağda da paylanmasını "Qarabağı qorumağın yeganə variantı" hesab edirlər.
Bir çox təhlilçilərə, o cümlədən Azərbaycana münasibətdə hətta aqressiv mövqedə dayanan rus ekspertlərinə görə, Moskva heç bir səbəb olmadan Azərbaycanla, Türkiyə ilə bütün körpüləri yandırmaq istəməz.
Politoloq Hikmət Hacızadə bildirib ki, baş verənləri izah etmək üçün politoloq olmağa ehtiyac yoxdur. Azərbaycanın açıq-aşkar şəkildə hədələndiyini söyləyən ekspert narahatlıqları əsaslı sayır: "Sanki hansısa böyük plana hazırlıq gedir. Bu və ya digər yollarla Azərbaycana təzyiq etmək istəyirlər. İstəsələr Krım ssenarisini növbəti dəfə Qarabağla bağlı da tətbiq edə bilərlər. Nə olsun ki, Qarabağda ruslar yaşamır. Necə ki, Cənubi Osetiyada yaşayan osetinlərə Rusiya pasportları paylayıb öz ərazilərinə qatdılar, Qarabağla da bağlı eyni şeyi tətbiq edə bilərlər".
Politoloq onu da bildirib ki, hazırda dünyada pozulmamış qanun qalmayıb: "Beynəlxalq hüquq artıq demək olar ki, yox vəziyyətindədir. Kimin gücü nəyə çatırsa, oranı da ələ keçirir".
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiyanın Ukrayna ilə bağlı Qərblə qarşıdurma mövqeyinə keçməsi Cənbi Qafqazda da durumu gərginləşdirir: "Son vaxtlar Dağlıq Qarabağ danışıqlarında fəallaşma qeydə alındı. Əvvəlcə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Haaqada bir araya gəldilər. Bundan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri ayrı-ayrılıqda Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdülər. Nəhayət, Haaqada nüvə konfransı çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri bir araya gəldilər. Amerikalı həmsədr Uorlik bu görüşlər barədə özünün "Twitter" səhifəsindəki rəyində iki fərqli yanaşma ortaya qoydu. O, xarici işlər nazirlərinin görüşünü müsbət dəyərləndirdi, prezidentlərin görüşü ilə bağlı pessimist sual ünvanladı. Bu o deməkdir ki, prezidentlərin görüşü formal xarakter daşıyıb və kiçik bir irəliləyiş də qeydə alınmayıb. Yaxın müddətdə Dağlıq Qarabağ danışıqlarında sıçrayış gözləmək yersizdir. Rusiyanın Krımı işğal etməsi fonunda Bakı və İrəvan hadisələri qabaqlamaq istəməyəcəklər. Rusiyanın həm Ermənistana, həm də Azərbaycana təsir imkanları böyükdür. İrəvan və Bakı ehtiyat edir ki, indiki durumda Moskva bu təsir imkanlarından öz bildiyi kimi istifadə edə bilər. Ermənistan Rusiyanın müttəfiqi olsa da, Kremlin Dağlıq Qarabağla planlarından tam məlumatlı deyil".
Ekspert hesab edir ki, Avropa Birliyinin separatçı regionlarla bağlı mövqeyini dəqiqləşdirməsi də situasiyaya təsirsiz ötüşməyəcək: "Bu arada Azərbaycanın Xarici İşlər Nazirliyi maraqlı gediş edib. Avropa Birliyi Rusiyanın Krımı işğal etməsinə görə bütün digər separatçı bölgələrə siyasətini sərtləşdirib, separatçı bölgələrin (Krım, Abxaziya, Cənubi Osetiya, Dnestr, Dağlıq Qarabağ) sakinlərinə viza verməmək qərarına gəlib. Görünür, belə bir qərarın qəbulunda əsas səbəb odur ki, adları çəkilən separatçı bölgələrin hamısı Rusiyaya bağlıdır. XİN isə Azərbaycan vətəndaşlığını qəbul edən Dağlıq Qarabağ sakinlərinin Şengen vizası ala biləcəklərini açıqlayıb.
Bu, diplomatik gedişdir, Bakının beynəlxalq aləmə hesablanmış xoş mesajıdır. Aydındır ki, Dağlıq Qarabağ sakinləri Qərb ölkələrinə səfər etmək üçün Azərbaycan vətəndaşlığını qəbul etməyəcəklər. Onların bir çoxu Ermənistan pasportundan istifadə edir. Ümumiyyətlə Rusiyanın Krımı işğal etməsi ABŞ və Avropa Birliyinin keçmiş SSRİ məkanındakı digər separatçı bölgələrə münasibətini sərtləşib. Əslində bu situasiyadan rəsmi Bakı öz xeyrinə istifadə edə bilər. Birincisi, rəsmi Bakı ABŞ və Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmasını istəyə bilər. Ən azı prezidentlərin növbəti görüşünün Vaşinqton və ya Brüsseldə təşkil olunması mövzusunu aktuallaşdırmaq mümkündür. İkincisi, ABŞ və Avropa Birliyi Ermənistana maliyyə yardımları edir. Vaşinqton və Brüssel isə Krımın işğalında İrəvanın Moskvaya verdiyi dəstəkdən narazıdır. Odur ki, bu amildən istifadə edərək Vaşinqtonun və Brüsselin Ermənistana maliyyə yardımı məsələsini nəzərdən keçirməsi gündəliyə gətirilə bilər".
Politoloq Elşən Həsənovun fikrincə isə Rusiya Dağlıq Qarabağda da ermənilərə öz pasportunu təklif edə bilər: "Rəsmi Moskvanın məqsədi dünyada imperiya qurmaqdır, nəinki Cənubi Qafqazda. Kreml öz gücünü Ukraynada göstərməkdədir. Krımdan sonra Moskva Cavaxetiyada yaşayan erməniləri pasportlaşdırmağa başlayıb. Ermənilər də həvəslə Rusiya pasportlarını almağa başladılar. Gürcüstandakı mənbələrimizin mənə verdiyi məlumatlara görə, konsullq önündə növbə yaranmışdı. Ermənilər niyə rus pasportuna yiyələnirlər? Birincisi, ona görə ki, tarixən rusların qulu olublar, bu gün də həmin qulluqda dayanıblar. İkincisi, Rusiyadan qorxub, rəsmi Kremlin sifarişini yerinə yetirirlər, üçüncüsü isə Rusiya bazarlarına yol açmış olurlar. Ən başlıca səbəb isə bu məsələdə məkrli siaysət və hədə dayanır. Rusiya dünyaya hədəsini məhz separatçılar vasitəsilə həyata keçirir. Baxın, Rusiya gedib hansısa ölkə vətəndaşına öz pasportunu verə bilməz. Moskva münaqişə mövcüd olan bölgələrə nüfuz etməklə həmin bölgəni özündən asılı vəziyyətini daha da möhkəmləndirir. Rusiya deyəcək ki, Qarabağ erməniləri onların pasportlarına sahib olmaq niyyətindədirlər, bununla bağlı Kremlə müraciət ediblər və s. bəhanələr gətirəcəklər. Bununla da Moskva rəsmi Bakını hədələyəcək. Düzdür, onsuz da Putin Rusiyanın qapılarını bütün dünya ermənilərinin üzünə açıb, bu kimi məsələlərdə onlara maneə yoxdur".