Lukaşenkodan Putinə sərt mesaj Dünya

Lukaşenkodan Putinə sərt mesaj

"Ukraynanın federallaşmasına dair rusiyalıların mövqeyini dəstəkləsəm, əclaflıq etmiş olardım"

Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın federallaşmasını əleyhinə olduqlarını açıqlayıb. APA-nın "Belorusskiy partizan" saytına istinadən yaydığı xəbərə görə, Belarus xalqına və parlamentinə ünvanlanmış illik müraciətlə çıxış edən A. Lukaşenko Ukraynanın cənub-şərqində baş verənlərdən narahat olduğunu söyləyib:
"Siz gözəl başa düşürsünüz ki, federallaşma nə üçün lazımdır və nəyə gətirib çıxara bilər. Əgər ukraynalıların əli ilə Ukraynanın şərqə və qərbə parçalanması faktiki və hüquqi olaraq təsdiqlənərsə, istisna deyil ki, sabah kimsə bu federasiyanın bir hissəsini qoparmaq istəyəcək. Biz belaruslara bu lazımdır?! Xeyir. Biz istəyirik ki, Ukrayna vahid, bütöv, bloklara qoşulmayan ölkə olsun. Yəqin ki, mənim federallaşmaya qarşı tutduğum mövqe bizim rusiyalı qardaşlarımızın xoşuna gəlmir. Lakin mən bu mövzudan yan keçsəm, vicdansızlıq etmiş olardım. Düşündüyümün əksini söyləsəm və federallaşma tərəfdarı olan bəzi rusiyalıların nöqteyi-nəzərini dəstəkləməyə başlasam isə əclaflıq etmiş olardım. Vəziyyəti gərginləşdirmək, idarəolunmaz və ya idarəolunan xaos yaratmaq nəyə lazımdır? Mən bunun qəti əleyhinəyəm, kimin xoşuna gəlmirsə gəlməsin".
A. Lukaşenko Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinovu çoxdan tanıdığını vurğulayıb: "O, hələ Yuşşenkonun dövründə bura gəlmişdi. İnsanda hər zaman müsbət emosiyalar doğurur. Təmiz, vicdanlı, dindar insandır. Onlarla kitab yazıb, doktorluq dissertasiyası müdafiə edib. Düzdür, ifrat millətçidir, lakin normal adamdır, şər qüvvə deyil, Ukraynayönümlüdür".
A. Lukaşenko Belarus ərazisindən Ukraynaya hərbi təcavüz həyata keçiriləcəyi haqda Ukrayna tərəfinin narahatlığının əsassız olduğunu deyib: "Siz məni Kiyevdə tankın üstündə görməyəcəksiniz. Mən Kiyevə kotan və traktorla gedəcəyəm ki, əkin işlərində ukraynalılara kömək edim".