Ukrayanın baş nazirindən şok bəyanat Dünya

Ukrayanın baş nazirindən şok bəyanat

Arseni Yasenyuk: "Rus qoşunlarının Ukrayna ərazisini işğal etməsi Avropa məkanında müharibəyə gətirib çıxaracaq"
Sergey Lavrov: "Rusiya vətəndaşlarına qarşı güc tətbiqi Rusiyaya hücum sayılacaq və buna dərhal cavab veriləcək"
Con Kerri: "Rusiya davam etdirsə, ABŞ və Avropa Moskvanın böyük əvəz ödəməsi üçün hər şeyi edəcək, biz hərəkətə keçməyə hazırıq"

Ukraynanın şərqində silahlı rus separatçılarının nəzarət etdikləri məntəqələrdə vəziyyət gərgin olaraq qalmaqdadır. Ötən gün Kramatorsk vilayətində bu ölkəyə məxsus helikopter vurulub. Bu haqda rəsmi Kiyevin antiterror mərkəzinin rəhbəri Vasili Krutov məlumat açıqlayıb.
Onun sözlərinə görə, naməlum şəxs snayperdən açdığı atəşlə helikopterin benzin çənini zədələyib və nəticədə helikopter yerə enən zaman partlayıb. Partlayış nəticəsində helikopter heyəti ağır yaralanıb.
Ölkənin müdafiə naziri Mixail Koval bəyan edib ki, Ukraynanın Silahlı Qüvvələri Rusiyanın istənilən hücumunun qarşısını almağa və ona layiqli cavab verməyə hazırdır.
Onun sözlərinə görə, rus qoşunları hərbi manevri davam etdirsələr də, hələ ki, Ukrayna sərhəddini pozmayıb: "Dünən Ukrayna sərhəddində bir sıra hərbi manevrlər olub və biz buna lazımı reaksiyanı vermişik."
Nazir onu da əlavə edib ki, rus qoşunları hərbi manevrlər zamanı Ukrayna sərhəddinin bir kilometrliyinədək yaxınlaşıb.
Ukraynanın BMT-dəki səfiri Yuri Sergeyev bəyan edib ki, Rusiya Abxaziya və Krım kimi, hazırkı təcavüzünə də legitimlik donu geyindirməyə çalışır. Onun sözlərinə görə hazırda Ukrayna ilə sərhəddə keçirilən hərbi təlimlər zamanı Rusiya artilleriya, "Qrad" qurğuları və təxminən 200 tankdan istifadə edir.
Bu arada Ukrayna daxili işlər naziri Arsen Avakov ölkənin şərqində antiterror əməliyyatının dayandırılması haqqında məlumatların əsassız olduğunu açıqlayıb. Əməliyyatın davam etdiyini bildirən A.Avakov terrorçuları hər an təhlükə gözlədiyini deyib: "Dinc sakinlər isə heç nədən qorxmasın. Antiterror əməliyyatının əsas prinsiplərindən biri dinc əhali üçün riskləri minimuma endirməkdir. Biz yalnız silahlı terrorçulara qarşı güc tətbiq edirik".
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin müavini Viktoriya Sümar isə bildirib ki, ölkənin şərqindəki əməliyyat bir neçə mərhələdə həyata keçiriləcək: "Xüsusi əməliyyat davam etdiriləcək. O bir neçə mərhələdə həyata keçiriləcək. Biz onları açıqlaya bilmərik. Bugünkü əməliyyat bu mərhələlərdən biri olub. Bu mərhələdə qarşıya qoyulan vəzifə həll olunub".
Ukrayna prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turçinov da Rusiya Federasiyasının Ukraynanın şərqindəki terrorçuları dövlət səviyyəsində əlaqələndirdiyini və dəstəklədiyini, antiterror əməliyyatının bərpa olunduğunu bəyan edib: "Real təhlükəni nəzərə alaraq biz antiterror əməliyyatı bərpa etdik. Dinc vətəndaşların qorunması və terror təhlükəsinin tam aradan qaldırılması məqsədilə əməliyyat sistemli və ardıcıl şəkildə həyata keçirilir. Rusiya heç bir əsası olmadan həyasızcasına Ukraynanın daxili işlərinə qarışır. Rusiya vətəndaşları öz ərazilərində daim terror hücumlarına məruz qaldıqları halda Moskva Ukraynada terroru dövlət səviyyəsində dəstəkləyir".
Rusiya isə açıq şəkildə Ukraynaya qarşı hərbi təcavüzə bahən axtardığını nümayiş etdirir. Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynadakı Rusiya vətəndaşlarına qarşı güc tətbiqinin Rusiyaya hücum sayılacağını və buna dərhal cavab veriləcəyini bəyan edib: "Bizə hücum etsələr, özümüzü qoruyacağıq".
Belə halda Ukraynaya qoşun yeridilməsinin beynəlxalq hüquqa uyğun olacağını deyən Rusiya XİN başçısı 2008-ci ilin yayında Cənubi Osetiyada baş verənləri xatırladıb.
S.Lavrov hazırda Rusiya qoşunlarının ölkə ərazisində olduğunu söyləyib: "Həmin qoşunlar beynəlxalq hüquqa zidd heç nə etmirlər. Onlar Ukrayna sərhədindən biraz aralıda təlimdə iştirak edirlər".
Nazir Rusiya qoşunlarının Ukrayna ərazisində olmaları ilə bağlı yayılan məlumatları təkzib edib: "Muşahidəçilər həmin regiondadırlar. Onların sübutu yoxdur. Rusiyaya qarşı yeganə sübut Ukraynada rus silahlarından istifadə edilməsidir. Halbuki Ukrayna ərazisində hər kəs Rusiya istehsalı silahdan istifadə edir. Ona görə də belə arqumentlər inandırıcı deyil".
ABŞ Rusiyanın bu təhdidlərini cavabsız qoymayıb. ABŞ dövlət katibi Con Kerri Cenevrə razılaşmalarını yerinə yetirməyən Rusiyanı sərt ifadələrlə tənqid edib. O deyib ki, böhranı yalnız bir tərəfin addımları ilə həll etmək mümkün deyil: "Yeddi gün ərzində Rusiya düzgün istiqamətdə heç bir addım atmayıb. Rusiya hakimiyyətinin bir nümayəndəsi belə, separatçıları Cenevrə razılaşmalarına əməl etməyə, silahı yerə qoymağa və binaları azad etməyə çağırmayıb".
Dövlət katibi Ukrayna tərəfinin ilk gündən Cenevrə razılaşmalarını necə yerinə yetirmək üzərində çalışdığını söyləyərək bəyan edib ki, Rusiya Ukraynanın şərqində separatçı hərəkatları maliyyələşdirməyə və onların fəaliyyətini əlaqələndirməyə davam edir.
O, Rusiyanı Ukraynadakı demokratik prosesə qarşı sabotaj cəhdində ittiham edib: "Əgər Rusiya eyni istiqamətdə fəaliyyətə davam edərsə, bu, nəinki ciddi, həm də ona baha başa gələcək səhv olacaq. Kursun dəyişməsi üçün pəncərə qapanmaqdadır. Rusiya əvvəlki yolunu davam etdirsə, ABŞ və Avropa Moskvanın böyük əvəz ödəməsi üçün hər şeyi edəcək. Biz hərəkətə keçməyə hazırıq".
Ukraynanın baş naziri Arseni Yasenyuk isə dünən hökumətin iclasında çıxış edərkən Rusiyanın üçüncü dünya müharibəsi başlamaq istədiyini deyib. Ukrayna mətbuatı xəbər verir ki, baş nazir Ukraynanın Cenevrə razılaşmasına sadiq olduğunu və onun müddəlarına əməl edəcəyini deyib.
Yasenyukun sözlərinə görə, Rusiyanın Ukraynanı siyasi və hərbi cəhətdən işğalına imkan verilməyəcək və plan baş tutmayacaq: "Rus qoşunlarının Ukrayna ərazisini işğal etməsi Avropa məkanında hərbi konfliktə gətirib çıxaracaq. Dünya hələ ikinci dünya müharibəsini unutmayıb. Rusiya indi isə üçüncü dünya müharibəsinə başlamaq istəyir. Ukrayna ərazisinin işğal edilməsi, beynəlxalq təhlükəsizliyin və sabitliyin pozulması ilə bağlı məsuliyyət Rusiya hakimiyyətinin üzərinə düşəcək".
Baş nazir onu da əlavə edib ki, Rusiyanın Ukraynadakı terrorçuları müdafiə etməsi beynəlxalq cinayət hesab olunacaq: "Ona görə də bütün dünyanı təcavüzünə qarşı birləşməyə çağırıram".