Londonla Şotlandiya arasında qarşıdurma gözlənilir Dünya

Londonla Şotlandiya arasında qarşıdurma gözlənilir

"The Guardian" yazır ki, Şotlandiyanın birinci naziri Nicola Sturgeon Britaniyanın baş naziri Teresa Mayi Birləşmiş Krallığın "bəxtini bağlamaqda" günahlandırıb. Xanım May Şotlandiyaya daha bir müstəqillik referendumunun keçirilməsi üçün icazə verilməyəcəyini bəyan edib. Xanım Sturgeon belə bir bəyanatın qətiyyən "yolverilməz və hiddət doğuran" olduğunu deyib.
Şotlandiyanın birinci naziri Britaniyada keçirilmiş referendumdan sonra dəfələrlə Şotlandiyanın da təkrar müstəqillik referendumu keçirə biləcəyini bəyan etmişdi. Xanım Sturgeon bildirmişdi ki, Britaniyanın Avropa İttifaqından çıxmasına yol açmış referendumda şotlandların əksəriyyəti ittifaqda qalmağa səs verib. Nicola Sturgeon bildirmişdi ki, Britaniya Avropa İttifaqından çıxmaq qərarını qəbul edərsə, Şotlandiya da Britaniyadan çıxmaq üçün referendum keçiriəcək. O bu referendumun 2018 və ya 2019-cu ildə keçirilə biləcəyini bəyan etmişdi.
Britaniyanın baş naziri Teresa May "indi Şotlandiya müstəqilliyi referendumunun vaxtı olmadığını" deyib. Bundan hiddətlənən Şotlandiya rəhbəri xanım Sturgeon deyib: "Vaxt gələcək, biz bu günü yada salıb deyəcəyik ki, bu, Britaniyanın bəxtinin bağlandığı gündür". Xanım May isə bidlirir ki, Brityaniyanın Avropa İttifaqından çıxmasına dair danışıqlar başa çatmamış, heç bir Şotlandiya referendumundan söhbət gedə bilməz. Bu isə ekspertlərin fikrincə 2021-ci ilədək baş verməyəcək.
"The Guardian" yazır ki, xanım Sturgeon-un millətçi SNP partiyası hazırda Şotıandiyanın azlıq hökumətinə daxildir, halbuki 2012-ci ildə bu partiya parlamentdə əhəmiyyətli çoxluğa malik idi. Məhz bu, 2014-cü ildə Şotlandiyanın müstəqilliyinə dair referendumun keçirilməsinə yol açmışdı. Həmin refrendumda şotlandlar kiçik çoxluqla Britaniyanın tərkibində qalmağa səs vermişdilər.
Məqalədə deyilir ki, indi Şotlandiya partiyalarının sıralarında bir çox məsələlərə, o cümlədən müstəqillik məsələsinə dair vahid fikir yoxdur. Buna baxmayaraq, Şotlandiya parlamentindəki mühafəkarlar müstəqillik üçün ictimai dəstəyin yüksələcəyi təqdirdə referendum ideyasına tərəfdar olacaqlarını bildiriblər. Belə bir şəraitdə Şotlandiya lideri Nicola Sturgeon Britaniya baş nazirini təkbətək televiziya debatına çağırıb.