Tramp: “Şimali Koreya ilə böyük münaqişə mümkündür“ Dünya

Tramp: “Şimali Koreya ilə böyük münaqişə mümkündür“

Donald Tramp Çin prezidenti Xi Jinping-in Şimali Koreya ilə bağlı addımlarını tərifləyib və onu öz ölkəsini sevən "çox yaxşı adam" adlandırıb. ABŞ prezidenti Reuters xəbər agentliyinə açıqlamasında bildirib ki, o, böhranı diplomatik yolla həll etmək istəyir, amma bu, "çətindir" və "böyük, iri münaqişə" mümkündür. O, həmçinin deyib ki, Kim Jongun üçün belə gənc yaşda Şimali Koreyanı öhdəliyə götürmək "çox ağır" olub.
"Onun 27 yaşı var. Atası ölüb, rejimi öhdəliyinə götürüb. Yəni istədiyinizi deyə bilərsiniz, amma bu asan deyil, xüsusən o yaşda",- o qeyd edib. Lakin bu zaman cənab Tramp onu da əlavə edib ki, Kim Jong-un-un "rasional olmasına ümid edir".
BMT Təhlükəsizlik Şurası cümə günü Şimali Koreyanı müzakirə etmək üçün görüşür. Çin ABŞ-a Şimali Koreya gələcəkdə nüvə sınaqları ilə məşğul olarsa, ona qarşı sanksiya tətbiq edəcəyini deyib. Tramp prezident seçildikdən bir müddət sonra Çini "Şimali Koreyanı kifayət qədər cilovlaya bilməməkdə" ittiham edib və ABŞ-ın birtərəfli addımlar ata biləcəyini deyib. Bu ayın əvvəlində cənab Xi ilə görüşən cənab Tramp Reuters agentliyinə geniş müsahibəsində deyib ki, Çin prezidenti "əlbəttə, sarsıntı və ölüm görmək istəmir".
"O, çox yaxşı insandır və mən onu çox yaxşı tanıdım",- Donald Tramp deyib. Müsahibə zamanı ABŞ prezidenti qeyd edib ki, Şimali Koreya ilə böyük, iri münaqişə mümkündür. Şimali Koreya son aylarda dəfələrlə raket sınaqları həyata keçirib və altıncı nüvə sınağını aparmaqla təhdid edir. Tillerson Fox News-a məlumat verib ki, Çin Şimali Koreyanı daha çox sınaq keçirməkdən çəkinməyə çağırıb. Çin fevral ayında Şimali Koreyadan kömür idxalını qadağan edib. Əgər Pxenyan davranışlarını dəyişməsə, Çinin neft ixracının məhdudlaşdırılmasını nəzərdən keçirəcəyi də bildirilir.
Bundan əvvəl, yarımadada gərginliyin artması fonunda Rusiya prezidenti Vladimir Putin Şimali Koreya danışıqlarını bərpa etməyə çağırış edib. Yaponiyanın baş naziri Shinzo Abe ilə Moskvadakı danışıqları zamanı o, tərəfləri "hərbi ritorikadan istifadə etməkdən çəkinməyə"- çağırıb.