Rusiyanı aksiyalar bürüyür Dünya

Rusiyanı aksiyalar bürüyür

Rusiyadakı etirazlar konkret olaraq Medvedyevə qarşı çevrilsə də, bütövlükdə ölkənin siyasi elitasına etirazdır.
Bu sözləri Rusiyada etirazların yenidən baş qaldırması ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Rusiyada etirazların daha da böyüyəcəyi qənaətindədir:
"Son sosialoji sorğuların nəticələri göstərir ki, Rusiyada əhalinin 64 faizinin banklarda heç bir əmanəti yoxdur. Bu, Rusiyada maddi rifah halının çox kəskin pisləşdiyini göstərir. Medvedyevin konkret hədəf kimi seçilməsi etirazların bütün rüşvətxor məmur bürokratiyasına çevrilməsi ilə bağlıdır. Rusiya xalqı bu pramidanın başında kimin durduğunu çox yaxşı bilir. Sadəcə olaraq, Medvedyev taktikası belədir ki, əvvəl təşkilatlanma işləri aparılır, yəni əhali səfərbər edilir. Bundan sonra isə müəyyən tədbirlər həyata keçirməklə bütün ölkə miqyasında əhalinin sosial-siyasi fəallığını qaldırmağa çalışırlar. Yəni əslində, indiki aksiyalar müəyyən treninq xarakteri daşıyır. Məsələn, təxminən bir həftə bundan öncə Moskvada meydanda min nəfərlik bir aksiya keçirildi. Bu aksiya əhalinin siyasi fəallığının nə dərəcədə olduğunu öyrənmək üçün idi. Navalnı və digər müxalif liderlərdən başqa, yəqin ki, keçmiş baş nazir Mixail Kasyanov da bu proseslərin içərisindədir. Kommunist partiyasının da prosesə dəstəyi istina edilmir. Partiyanın baş katibi səviyyəsində olmasa da, rayon səviyyələrində bu işə dəstək verənlər ola bilər".
Politoloq Rusiyada başlayacaq mitinqlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyib:
"Bu mərhələnin spesifik xüsusiyyəti ondan ibarətdir ki, əhali ölkədəki vəziyyəti daha yaxşı öyrənir. Bununla da vəziyyətin getdikcə pisləşməsinin qarşısını almaq zərurəti yaranır. Üstəlik, artıq Rusiyanın Ehtiyat Fondu da tükənmək üzrədir. Bu, bir sıra iri sosial proqramları sıradan çıxaracaq. Əhalinin böyük hissəsi bunu bilir və bu səbəbdən də protest elektorata çevrilirlər. Protest elektoratın sayının durmadan artması Rusiya üçün yaxşı heç nə vəd etmir. Putin bu istiqamətdə müəyyən addımlar atsa da, ölkənin hərbi xərcləri həddindən artıq yüksəkdir. Ona görə də yeni mitinqlərin daha çox olacağı ehtimal edilir".
Politoloq Mirsamir Məmmədov isə deyib ki, Rusiyanın daxildən parçalanmasına az bir vaxt qalıb: "Kreml o qədər başqa dövlətlərin daxili işlərinə qarışıb, o qədər ölkələri daxildən parçalayıb ki, indi qazdığı quyuya özü düşəcək. Xalq artıq Putinin zorakılığından bezib. Rusiyada bütün insan haqları, demokratiya pozulur. Putin ona qarşı sərt mövqedə duran istənilən müxalifət liderini aradan götürür. O yalnız öz mövqeyini qoruyub saxlayır. Rusiyada işsizlik, köç, sosial problemlər çoxalıb. Putin Rusiyanı idarə etmək gücündə deyil. Qərbin Rusiyaya sanksiyaları bu ölkəni çökdürüb".
Qeyd edək ki, Rusiyalı müxalif blogger Aleksey Navalnının tərəfdarları yenidən Rusiyada etiraz aksiyalarına hazırlaşırlar. Rusiyanın 200 şəhərində korrupsiyaya qarşı keçiriləcək aksiyaların 12 iyunda baş tutacağı bildirilir.