ABŞ-Rusiya gərginliyi artır Dünya

ABŞ-Rusiya gərginliyi artır

"Suriyada gərginliyin azalmasına ümid edirəm, çünki münaqişələrdə bu cür hadisələr çox təhlükəli nəticələr doğura bilər".
"Yeni Şəfəq"ə istinadən xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş Rusiya və ABŞ münasibətləri ilə bağlı açıqlamasında deyib.
"Qətər böhranının həlli yolları tapılmalıdır. Aidiyyəti qurumların qarşı-qarşıya gəlməsinin gərəksiz olduğunu bildirmək istəyirəm. Gərginliyin artmasına ehtiyac yoxdur", - Quterreş bildirib.
Qeyd edək ki, ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin Rakka səmasında İŞİD-ə zərbə endirən Suriya qırıcısını vurmasından sonra Rusiya Müdafiə Nazirliyi sərt açıqlama yayıb. Açıqlamada ABŞ-la Suriyada terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıqdan imtina edildiyi bildirilib və Fərat çayının qərbinə keçən koalisiyaya məxsus təyyarə və uçan aparatların Rusiya hava hücumundan müdafiə sistemlərinin nəzarətində olacağı vurğulanıb.
Onu da qeyd edək ki, Rusiya ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalarla bağlı bəyanat yayıb.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib. Onun sözlərinə görə, rəsmi Moskva ABŞ-ın bu addımından təəssüflənir.
"Biz ABŞ hökumətinin bu siyasətinə görə təəssüf hissi keçiririk. Bundan sonra Moskva da Vaşinqtonun siyasətinə uyğun addımlar atacaq. Bu gedişatla iki dövlət arasındakı soyuq münasibətlər yaxşılaşmayacaq. Biz həmişə yaxşı münasibət qurmağın tərəfdarı olmuşuq. Görünür Amerika rəhbərləri bunu istəmirlər", - deyə Sergey Ryabkov bildirib.
Nazirlik rəsmisi əlavə edib ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar Rusiyanı heç vaxt zəiflətməyəcək: "Təbii ki, bu məhdudiyyətlərin ölkənin iqtisadiyyatına müəyyən mənada cüzi də olsa təsirləri var. Lakin bu təsirlər Rusiyanı zəiflətməyəcək. Bizim iqtisadi və siyasi gücümüzə zərbə vura bilməyəcək. Rusiyaya bu üsul ilə təzyiq etmək mümkün olmayacaq".
Nazir müavini həmçinin əlavə edib ki ABŞ-ın Suriyanın hökumət qüvvələrinə məxsus təyyarəsini vurması, Rusiya hərbçilərinə edilən hücumlar və s. kimi addımlar bir növ terrorçulara dəstəkdir.
Politoloq Qabil Hüseynli Rusiyanın ABŞ-a qarşı hər hansı addım atmağa cəsarət etməsinə inanmadığını bildirib. Çünki bu, çox böyük fəlakətə gətirib çıxara bilər. Bunun nəticəsində yeni bir dünya müharibəsi qaçılmaz olar.
Politoloq böyük müharibənin başlamasını istisna edib:"Rusiyanın bu addımı atmasına səbəb ondan ibarətdir ki, NATO qüvvələri Suriyada üstünlüyü ələ keçirib və hadisələrə diktə etməyə başlayıb. Bu prosesdə Rusiyanın mövqeyi xeyli qaranlıqdır. Rusiya cığallıq edir. Rusiya ABŞ təyyarələrinə qarşı bu addımı atmaz. Kreml yaxşı başa düşür ki, qarşıdurma genişlənə bilər və dünya müharibəsinə çevrilər. Məncə, hər iki dövlət bir-birinə psixoloji təsir göstərir. Ona görə də bu bəyanatların reallaşacağı və hərbi müstəviyə keçəcəyinə inanmıram".
Qeyd edək ki, ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin Rakka səmasında İŞİD-ə zərbə endirən Suriya qırıcısını vurmasından sonra Rusiya Müdafiə Nazirliyi sərt açıqlama yayıb. Açıqlamada ABŞ-la Suriyada terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıqdan imtina edildiyi bildirilib və Fərat çayının qərbinə keçən koalisiyaya məxsus təyyarə və uçan aparatların Rusiya hava hücumundan müdafiə sistemlərinin nəzarətində olacağı vurğulanıb.
Şərhçi Vüqar Zifəroğlu isə deyib ki, ABŞ-Rusiya qarşıdurması hərbi münaqişəyədək irəliləməyəcək.
Analitik bildirib ki, ABެ-Rusiya qarşıdurması onsuz da davam edir:"Sadəcə, bu qarşıdurma açıq hərbi münaqişəyədək irəliləməyib və irəliləcəyini də gözləmirəm. Təbii ki, siyasi təzyiqlər, iqtisadi sanksiyalar, diplomatik hədələr hər iki tərəfin, əsasən də ABŞ-ın rəqibinə qarşı istifadə etdiyi başlıca alətlər olaraq qalacaq. Münasibətlərin kəskinləşməsinin mənfi tərəfi münaqişə ocaqlarında konfliktin daha da dərinləşməsinə səbəb olur. Diqqət edin, böhran Suriyada hökumət qüvvələrinin 48 saatlıq atəşkəs elan etməsi fonunda baş verir. Təbii ki, belə olan halda atəşkəsi qorumaq və ya buna əməl etmək son dərəcə çətin olacaq. Bu həm də o deməkdir ki, atəşkəs yalnız münaqişədə marağı olan bütün tərəflərin razılığı ilə əldə edilə bilər. Buna nail olmaq isə çox çətindir".