Hamburqda G20 sammiti keçirilib Dünya

Hamburqda G20 sammiti keçirilib

Dünən Almaniyanın Hamburq şəhərində G20 sammiti keçirilib.
Almaniya baş naziri Angela Merkelin ev sahibliyi etdiyi sammitdə ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının lideri Si Cinpin, Böyük Britaniyanın baş naziri Tereza Mey, Fransa prezidenti Emmanuel Makron, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Kanada baş naziri Castin Trüdo, Hindistan baş naziri Narendra Modi, İndoneziya baş naziri Joko Vidodo, Avstraliya baş naziri Malkolm Ternbull, Cənubi Koreya prezidenti Mun Çje İn, o cümlədən Yaponiya, Argentina, Braziliya, İtaliya, Meksika, Səudiyyə Ərəbistanı və Cənubi Afrikanın dövlət və hökumət rəsmiləri, Avropa İttifaqının rəhbərlər şəxsləri iştirak ediblər.
Rəsmi sessiyadan əvvəl dövlət və hökumət başçıları qeyri-rəsmi müzakirələr aparıblar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp və Kanada baş naziri ilə qısa söhbət edib. Donald Tramp Vladimir Putinlə də xüsusi həvəslə əl verərək görüşüb. Liderlər terrorla mücadilə mövzusunda müzakirələrdən sonra birgə foto çəkdiriblər. Çin Xalq Respublikasının lideri Cinpin sammitdə dövlətləri açıq dünya iqtisadiyyatı qurmağa, bölgələrdəki münaqişələri dinc yolla həll etməyə çağırıb.
Hamburqda G20 sammiti "Cəhənnəmə xoş gəldiniz!" şüarı ilə təşkil edilən aksiyaların kölgəsində keçirilib. Polis şəhərin "Balıq bazarı" adlanan yerində toplanan 12 min aksiya iştirakçısını dağıtmaq üçün təzyiqli su və bibər qazından istifadə edib, küçə və yollar bağlanıb. İlkin məlumata görə, artıq 76 aksiya iştirakçısı və 130 polis xəsarət alıb. Aksiyaçılar Rusiya, Cənubi Koreya prezidentləri və Avstraliya baş nazirinin qaldığı "Park Hayatt" otelinə də hücum çəkiblər. Həmin vaxt sözügedən ölkələrin liderləri G20 sammitinin keçirildiyi məkanda olublar.