ABŞ və Rusiya Avropanın qaz bazarı uğrunda rəqabət aparır Dünya

ABŞ və Rusiya Avropanın qaz bazarı uğrunda rəqabət aparır

Bu həftə Polşaya səfər edən ABŞ prezidenti Donald Tramp Amerikanın mayeləşdirilmiş təbii qazının (LNG) Mərkəzi Avropaya ixracını artıracağına söz verərək, Rusiyanın bazar üzərindəki nüfuzuna meydan oxuyub. Bir çox Avropa ölkəsi Moskvanı enerjidən siyasi alət kimi istifadə etməkdə ittiham edir. Təhlilçilər isə deyir ki, Birləşmiş Ştatlar və Rusiya regiona enerji təchizatı məsələsi ilə bağlı çəkişmə yaşaya bilər. Prezident Trampın Polşadakı gündəmindəki əsas məsələ qaz təchizatı olub.
"Amerika Polşa və digər Avropa ölkələrinə enerji təchizatlarını şaxələndirməyə yardım etməyə hazırdır ki, siz bir daha tək bir təchizatçıdan asılı qalmayasınız",- deyə o bildirib. Bu günədək həmin təchizatçı Rusiya idi. Rusiyanın dövlətə məxsus Qazprom şirkəti 2015-ci ildə Ukraynaya təchizatı kəsərək, Kiyevi ən böyük gəlir mənbəyindən məhrum edib, Şərqi Avropaya qaz təchizatını dayandırmışdı.
"Bu, Rusiya xarici siyasətinin ən əsas məqsədidir ki, qaz və enerjidən istifadə edərək Mərkəzi Avropa üzərində nüfuzunu qoruyub saxlaya bilsin",- deyə CEC Hökümət Əlaqələri təşkilatından Marek Matraszek bildirir. Amerikanın mayeləşdirilmiş təbii qazı ilk dəfə Polşaya ötən ay çatdırılıb və indi ölkə bu qazın mərkəzinə çevrilməyi ümid edir. Varşavada keçirilən Üç Dəniz Təşəbbüsü sammitində 12 Şərqi Avropa ölkəsi lideri ilə birlikdə Donald Tramp da iştirak edib.
O, Birləşmiş Ştatların enerjidən heç vaxt siyasi alət kimi istifadə etməyəcəyinə dair söz verib. Polşanın Xarici Kəşfiyyat Agentliyinin sabiq başçısı, enerji üzrə təhlilçi Qrzeqorz Maleki isə deyir ki, Rusiya baş verənləri maraqla izləyəcək. "Əgər yeni qaz təchizatları olsa və yeni infrastruktur tikilsə, Rusiya öz yanaşmasını dəyişə bilər. Ola bilsin, Polşa da elə bunu gözləyir. Mümkündür ki, Rusiya enerji sahəsində Polşaya qarşı siyasətini dəyişsin",- Maleki deyir.
Lakin Rusiyanın öz planları var. 2019-cu ildə istismara veriləcəyi nəzərdə tutulan Nord Stream-2 boru kəməri Rusiyanın Ukraynanı yan keçərək nefti birbaşa Almaniyaya ixrac etməsinə gətirib çıxaracaq. Şərqi Avropa ölkələri isə bu layihənin qarşısını almaq istəyir. "Əgər biz Birləşmiş Ştatların mayeləşdirilmiş təbii qaz təchizatının Mərkəzi Avropaya çatmasını istəyiriksə, o zaman Birləşmiş Ştatlar Nord Stream-2-yə, Rusiyaya qarşı sərt mövqe sərgiləməlidir", - deyə Maleki bildirir.
Vaşinqtondakı təhlilçilər deyir ki, əgər Amerikanın mayeləşdirilmiş təbii qaz təchizatı ilə bağlı razılığı həyata keçsə, bunun ABŞ-Rusiya münasibətlərinə böyük təsiri ola bilər. "Fikrimcə, bu çox tez baş verə bilər və bir baxımdan bu, bizim Putin və ruslar üzərində təsirimizi gücləndirər ki, onlar təkcə Avropa deyil, Birləşmiş Ştatlara qarşı da təcavüzkar fəaliyyətlərini azaltmağa başlasın",- deyə Demokratiyaların Müdafiə Fondundan Con Hanna bildirir.
Prezident Tramp Vladimir Putinlə münasibətlərinə dair nikbiliyini qoruyub saxlayır. Buna baxmayaraq, Avropadakı enerji siyasətinin də çəkişmə mənbəyi olaraq qalacağı gözlənilir.