Tramp: “Ağ Evdə əhval-ruhiyyə “şahanədir“ Dünya

Tramp: “Ağ Evdə əhval-ruhiyyə “şahanədir“

ABŞ prezidenti Donald Tramp seçki kampaniyasının Rusiya ilə əlaqələri olması iddialarına baxmayaraq Ağ Evdə əhval-ruhiyyənin "şahanə" olduğunu deyib. O, Reuters informasiya agentliyinə müsahibəsində bildirib ki, administrasiya "çox gözəl fəaliyyət göstərir".
"Biz 5 ay ərzində tarixdə heç bir prezidentin etmədiyi qədərini etmişik",- o, çərşənbə günü deyib. Prezident, həmçinin seçki kampaniyası zamanı rusiyalı vəkil ilə görüşən oğlunu müdafiə edib. Prezidentin oğlu Donald Tramp atasının seçki kampaniyasına kömək edə biləcəyini deyən rusiyalı vəkil Nataliya Veselnitskaya ilə ötən ilin iyun ayında görüşüb. Oğul Tramp Hillari Klintona xələl gətirən materiallara sahib olduğunu deyən və Kreml ilə bağlı olduğu iddia edilən vəkil ilə görüşmək təklifini qəbul etdiyini göstərən elektron məktubları yayıb.
Tramp Fox News-a müsahibəsində görüşü "heç nə" və "20 dəqiqəlik vaxt sərfiyyatı" adlandırıb, amma amma əlavə edib ki, görüşlə bağlı fərqli davranmalı idi. Tənqidçilər deyirlər ki, o, federal qanunları pozmuş ola bilər. ABŞ kəşfiyyat hesab edir ki, Moskva 2016-cı il ABŞ prezident seçkilərinin Trampın xeyrinə sonlanması üçün səy göstərib. Hazırda Trampın kampaniya komandası və Rusiya arasında potensial əlaqələr araşdırılır.
Moskva dəfələrlə bu iddiaları təkzib edib. Prezident Tramp isə iddiaları "Demokratlar tərəfindən təşkil edilmiş yalan" adlandırıb. Reuters-ə müsahibəsində Tramp bir neçə gün əvvələ qədər oğlunun rusiyalı vəkillə görüşündən xəbəriz olduğunu vurğulayıb. O, Tramp qeyd edib ki, "bir çox insan və siyasi peşəkarlar bunu hamının edəcəyini deyib".
Prezident seçki kapmaniyası dövrünü "bir çox insanlarla görüşə biləcəyiniz vəhşi vaxt" adlandırıb. O, oğlunun hərəkətlərindən peşiman olduğunu deməkdən imtina edib. Başqa bir müsahibəsində Tramp Rusiya prezidenti Vladimir Putinlə "çox yaxşı" yola getdiyini deyib. Tramp Hamburqda baş tutan G20 zirvə görüşündə cənab Putinlə çoxdan gözlənilən görüşündən sonra bu şərhləri verib. Donald Tramp Putinlə əməkdaşlığa nümunə kimi cənub-qərbi Suriyadakı son atəşkəs rejimini göstərib.
Prezidentin sözlərinə görə, o, əmindir ki, ruslar Ağ Evdə Demokrat Hillari Klintonu görməyə üstünlük verərdi. Niyə? "Əgər Hillari qazansaydı, hərbçilərimiz məhv olardı",- deyə o bildirib. "Bizim enerjimiz daha bahalı olacaq. Buna görə də Putin məni sevmir. Məhz buna görə də mən deyirəm, o məni niyə istəsin? ",- o əlavə edib. Tramp Reuters-ə deyib ki, o, görüş zamanı Putindən, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinin olub-olmadığını soruşub. "Mən dedim, "siz bunu etmisiniz?", o dedi, "yox, qətiyyən yox". Sonra mən ikinci dəfə tamamilə başqa cür soruşdum, O dedi "tamamilə yox".