İran ABŞ-ı təhdid etdi: “Mövqelərini 1000 km geri çəksin” Dünya

İran ABŞ-ı təhdid etdi: “Mövqelərini 1000 km geri çəksin”

ABŞ Prezidenti Donald Tramp hökumətinin ballistik raket proqramı səbəbilə İrana qarşı yeni sanksiyalara cavab olaraq İran İnqilab Keşikçiləri komandiri Məhəmməd Əli Cəfəri açıqlama verib. Cəfəri rəsmi Vaşinqtonun "yanlış hesablama"lardan qaçması lazım olduğunu söyləyib: "ABŞ əgər İnqilab Keşikçiləri və İranın təhlükəsizliyinə istiqamətlənmiş sanksiyalar niyyətindədirsə, bölgədəki hərbi bazalarını 1000 km kənara daşımalıdır. Əks halda, bunun əvəzini ağır şəkildə ödəyəcək".
Əlavə olaraq, Cəfəri İranın quruda, suda və havada raket qabiliyyətlərinin getdikcə böyüdüyünü, lakin bunun ölkənin tamamilə daxili mövzusu olduğunu qeyd edib. İran ballistik raket proqramının müdafiə məqsədli olduğunu və bunun nüvə anlaşmasına heç bir təsiri olmadığını desə də, Vaşinqton raket sınaqlarının BMT-nin qərarlarına və 2015 razılaşmasına zidd olduğunu iddia edir. ABŞ Müdafiə Nazirliyinin spikeri Adrian Rankine Cəfəriyə cavab olaraq bildirib ki, onun təhdidlərindən sonra ABŞ mövqeyini dəyişmək fikrində deyil.
İran prezidenti Həsən Ruhani də ölkəsinin Birləşmiş Ştatların sanksiyalarına müqavimət göstərəcəyini və İslam Respublikasına qarşı yeni sanksiyalara cavab verəcəyini bildirib. "Biz Birləşmiş Ştatlara müqavimət göstərəcəyik. Böyük İran dövləti münasib cavab verəcək",- Ruhani bildirib. İran prezidenti bu açıqlamanı Nazirlər Kabinetinin televiziya ilə yayımlanan iclası zamanı verib. Birləşmiş Ştatlar bundan bir gün əvvəl Tehranın ballistik raket proqramını dəstəkləməkdə ittiham olunan 18 İran vətəndaşı və iki qrupa qarşı yeni sanksiyalar tətbiq edib.
ABŞ Dövlət Departamenti İranın elitar İnqilab Keşikçiləri ilə əlaqəsi olan bu iki qrupun ballistik raket proqramı ilə bağlı tədqiqat və proqramın inkişaf etdirilməsinə cəlb olunduğunu bildirib. Dövlət Departamenti eyni zamanda, İranın fəaliyyətlərinin Yaxın Şərqdə "regional sabitliyi, təhlükəsiziyi və tərəqqini" pozduğunu bildirib. Bu arada, ABŞ-ın Maliyyə nazirliyi beş şəxsə və yeddi qrupa qarşı İranın hərbi transaksiyalarını dəstəkləməklə bağlı sanksiyalar tətbiq edib. Üç başqa iranlı isə "İranda qərargahlanan transmilli cinayətkar təşkilat"ın bir hissəsi olduğuna görə sanksiyalara məruz qalıb.
Sanksiyalara əsasən, həmin şəxslərin ABŞ-da hesabları dondurulur və amerikalıların onlarla biznes əlaqələrinin qarşısı alınır. İranın xarici işlər naziri Məhəmməd Zərif Nyu Yorkda BMT-də "Amerikanın Səsi"nə deyib ki, sanksiyalar Birləşmiş Ştatlarla "təəssüf ki, pis vərdişə çevrilib" və ABŞ İrandan cavab tədbirləri gözləyə bilər.