Myanma qətliamının səbəbi: böyük dövlətlərin Arakan savaşı Dünya

Myanma qətliamının səbəbi: böyük dövlətlərin Arakan savaşı

İstər Myanmada (biz həm də Birma adı ilə tanıyırıq) olsun, istərsə də müsəlmanların kompakt yaşadığı dünyanın hər hansı bir nöqtəsində, əgər geosiyasi və geoiqtisadi maraqlar toqquşursa, o zaman yaşananların dəhşətindən və qətliamların miqyasından asılı olmayaraq, münasibət təbii ki, kifayət qədər soyuq və ikitərəfli olur. Bunu siyasi analitik Vüqar Zifəroğlu Arakanda baş verən olayları şərh edərkən deyib.
Siyasi analitik bildirib ki, yüzillərdir münaqişəsi bitməyən Yaxın Şərq buna əyani sübutdur: "Bu səbəbdən hazırda Myanmada baş verənləri biz, sadəcə olaraq, həmin əraziləri nəzarət altında saxlamaq istəyən güclərin toqquşması kimi qiymətləndirə bilərik. Faciəli haldır ki, bu toqquşma Arakan müsəlmanlarının kütləvi şəkildə qətliamı ilə müşahidə edilməkdədir. Halbuki bölgədə yaşananlar yeni deyil və bunun təməli XX əsrin 40-cı illərinə dayanır. Müstəqilliyini elan etdikdən sonra hakimiyyəti ələ keçirmiş radikal inanclı buddist liderlər bir müddət sonra müsəlman əhaliyə qarşı təcrid və təzyiq siyasətindən istifadə etməyə başlamışdı. Nəticədə 50-ci illərdən sonra yerli buddistlərlə müsəlmanlar arasındakı gərginlik həmişə artan xətt üzrə inkişaf edib. Lakin problemlərin açıq şəkildə ortaya çıxmasına təkan verən amil 1982-ci ildə qəbul edilən "Vətənsizlik" qərarı oldu. Həmin qərara əsasən, Birma hökuməti ölkədəki bütün etnosları vətəndaş olaraq qəbul etdiyi halda, rohinyalılara bu statusu verməkdən imtina etdi və sonuncular faktiki olaraq "vətənsiz bir xalq" vəziyyətinə düşdülər. Ölkə iqtidarı, arakanlı müsəlmanların Benqal (Banqladeşli) olduğunu və XIX əsrdə ingilis koloniyası olduqları dönəmlərdə buraya gətirildiklərini iddia edirlər və bu səbəbdən də vətəndaşlıq verməkdən imtina etməkdədirlər. Bu cür irqçi münasibət isə şübhəsiz ki, bölgədə maraqları olan güclərin manipulyasiyası üçün son dərəcə ciddi alət olmaqdadır".
V.Zifəroğlu qeyd edib ki, bu qarşıdurmada bölgənin zəngin neft və qaz yataqlarının da önəmli və hətta həlledici rolu var: "Hazırda yaşananları məhz yanacaqla zəngin torpaqları "insansızlaşdırmaqla" nəzarət altında saxlamaq kimi qiymətləndirə bilərik. Rohinya uğrunda savaşda rəqabət aparan qüvvələr çoxqütblüdür və onların hər birinin öz hədəfləri var. Bu qüvvələrdən ən çox Çin və Səudiyyə Ərəbistanı ön plandadır. Cənub-Şərqi Asiyanın bu zəngin torpağında axan qanlar əslində bu acımasız rəqabətin bir elementidir. Yerli müsəlmanların hərbi nöqteyi-nəzərdən təşkilatlanmasında və yerli əhaliyə zorakı ayrı-seçkilik uyğulayan buddist hərbçi və polislərə qarşı müqavimətin təşkil edilməsində önəmli rol oynayan "Arakan Rohinya Qurtuluş Ordusu" (ARSA) Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir. Təşkilatın qurucusu Əbu Amar Jununi də Məkkədə böyümüş və ərəb mənşəlidir. Səudlar tam 8 ildir ki, fasiləsiz olaraq həmin bölgəyə kapital yatırmaqdadırlar. Rəhbəri olduğu ölkənin iri neft şirkəti olan "Saudi Aramko" vasitəsi ilə Səudiyyəni ilk dəfə Myanmada enerji bazarına daxil edən Məhəmməd ibn Salman bir yandan Yaxın Şərqdəki ən yaxın müttəfiqi Birləşmiş Ərəb Əmirliklərini də bölgənin xidmət sektorunu inkişaf etdirməyə təşviq edərkən, digər yandan da Rohinyadan əkin əraziərini satın aldı. Mərkəzi Əbu Dabidə yerləşən "Əl Mərvan" şirkəti isə Myanma hökuməti ilə Rohinyada avtomobil yolları və otellərin inşasını nəzərdə tutan müqavilə imzalamışdı".
Analitik vurğulayıb ki, burada ən maraqlı məqam Asiyanın ən zəngin qaz və neft ehtiyatlarına ev sahibliyi edən Benqal körfəzində yerləşən Myanmanın enerji bazarının Fransa, İngiltərə və Çinin nəzarəti altında olmasıdır: "Əslində Körfəz ölkələrini bazara daxil edərək Çinin nüfuzunu sarsıtmağı hədəfləyən ABŞ bölgəyə təsir imkanları əldə etmək niyyətindədir. Belə deyə bilərik ki, 2015-ci ildən indiyədək amerikalı biznesmenləri bölgəyə kapital qoymağa sövq edən Vaşinqton Myanmada Pekinin təsirini qırmaq üçün səudların ARSA və Rohinyadakı nüfuzundan istifadə etməkdədir. Təbii ki, Çin Cənub-Şərqi Asiyanın bu önəmli bölgəsindəki nüfuzunun sual altına alınmasına razı ola bilməz. Nəticədə buddist milislər aktiv şəkildə həm maliyyələşdirilir, həm də silahlandırılır. Digər tərəfdən qoca Avropa, ələlxüsus London da Benqalda yeni oyunçuların meydana çıxmasından narazıdır. Bu ərazilərin keçmiş sahibi kimi Britaniya krallığı Myanma hökumətinin Rohinya müsəlmanlarını sıxışdıraraq Pekin-London xəttinə yaxınlaşmasını hədəf olaraq götürür".
V.Zifəroğlu digər maraqlı məqamın isə Myanmada arakanlı müsəlmanlara qarşı şiddətin əsas günahkarı olaraq göstərilən Ang San Suu Çii ilə bağlı olduğunu bildirib: "Bu qadın Çinin bölgədəki nüfuzunu sona çatdırmaq üçün uzun müddətdir ki, Qərb tərəfindən istifadə edilir. 1991-ci ildə Nobel sülh mükafatına layiq görülən Çii Vaşinqtonun dəstəklədiyi demokratiya institutları tərəfindən ölkənin "müstəqil lideri" olaraq göstərilməkdədir. Məşhur "Ekonomist" qəzeti tərəfindən "Pekinin hakimiyyətini bitirəcək qadın" kimi təqdim edilən myanmalı Çii faktiki olaraq ABŞ və Avropa Biliyi tərəfindən istifadə edilməkdədir. ABŞ Dövlət Departamentinin 2015-ci il hesabatında bu qadın "neo-liberal iqtisadi islahatlar edən modern lider" kimi xarakterizə edilir, Arakan müsəlmanlarına edilən qətliamlar isə "yerli gərginliklər" olaraq göstərilir".