“Bu insanları türk adlandırmaq doğru deyil” Dünya

“Bu insanları türk adlandırmaq doğru deyil”

Arzuman Abdulkərimov: "Onlar müxtəlif zamanlarda terror təşkilatı olan PKK-nı, separatçı Kürdüstan dövlətinin qurulmasını dəstəkləyiblər"


Vüsal Hüseynov: "Türkiyə vətəndaşları ölkəmizin ərazisinə Ermənistandan keçərək qanunun tələblərini pozublar"


Sentyabrın 22 –də bir qrup Türkiyə vətəndaşının Dağlıq Qarabağa qanunsuz səfər etməsi Azərbaycanda ciddi etiraz doğurdu. Bir çox ekspertlər danışıqlar prosesində müəyyən intensivlik yaranacaq dönəm ərəfəsində belə bir addımın atılmasını təxribat hesab edirlər. Həçinin Azərbaycan və Türkiyə münasibətlərinə xələl gətirmək cəhdləri də ehtimallar sırasındadır.
Bu insanlar haqqında mediada maraqlı məlumatlar yayılıb, müəyən detallar üzə çıxıb. Əldə edilmiş məlumatlara əsasən, işğal edilmiş Azərbaycan ərazilərinə səfər edənlərin arasında olan Ufuk Uras adlı şəxs, Azərbaycanın ona qarşı olan mövqeyindən peşman olduğunu bildirib. Səfəri zamanı o, Xocalı soyqırımı barədə "qondarma Dağlıq Qarabağ respublikası" nümayəndələri ilə Azərbaycanın mövqeyini müdafiə etdiyini və bu cür münasibəti haqq etmədiyini vurğulayıb.
Bununla yanaşı, U.Uras yerli insanlarla da söhbət etmək imkanının olduğunu bildirib. Söhbət zamanı o, özünün burada ilk Türkiyə vətəndaşı olmadığını öyrənib. Belə ki, ona, işğal edilmiş ərazilərdə plastik boru və balıqçılıq sahələrində fəaliyyət göstərən türk firmalarına dair məlumatlar verilib. Habelə, U.Uras Azərbaycanla həmsərhəd digər ölkələr olan İran və Gürcüstanın, eləcə də, digər Avropa ölkə vətəndaşlarının da orada biznes fəaliyyəti ilə məşğul olması, müxtəlif istehsalat yerləri açması və turistik məqsədlərlə mütəmadi səfərlər etmələri barədə öz fikirlərini yaxın ətrafı ilə paylaşıb. U.Uras əlavə etmişdir ki, səfər etmiş digər xarici ölkə vətəndaşlarına bu cür reaksiya verilmədiyi halda, özünün Azərbaycanın mövqeyini müdafiə etməsinə baxmayaraq hədəfdəki insana çevrilməsindən çox peşmandır.
Xüsusilə U.Uras, işğal edilmiş ərazilərə qeyri-qanuni səfər edənlər arasında ən çox Qarabağ konfliktini həll etməyə çalışan ATƏT-in Minsk qrupunun həmsədr ölkə (Rusiya, ABŞ və Fransa) vətəndaşlarının olduğunu bildirib.
İşğal edilmiş Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etmiş və U.Urasın adlarının mətbuatda hallanmasını istəmədiyi bir neçə Türkiyə Respublikası vətəndaşı Mühittin Uyguner, Serbur Korucu Mustafa, Omer Farux Kurt, Ender Kurt, Pehlivan Hasandır.
Burada adları sadalanan şəxslər milliyətçə kürddülər Türkiyə vətəndaşlarıdır. Qarabağda bizneslə məşğuldular.
"Hilal" İctimai Birliyinin sədri Arzuman Abdulkərimov bildirib ki, bu şəxsləri türk adlandırmaq doğru deyil: "İlk olaraq onu qeyd edib ki, "Qarabağa qanunsuz səfər edən türklər" ifadəsi, məncə, bir qədər düz səslənmir. Çünki türk məfhumu genişdir. Biz araşdıranda məlum olur ki, elə bu insanların etnik köklərində də şübhə var. Ona görə də bu adamları elə Türkiyə vətəndaşları kimi ifadə etsək, məncə daha doğru olar. Digər ölkələrin vətəndaşları da daha öncə Qarabağa bu kimi qanunsuz səfərlər ediblər. Ancaq bizi Türkiyə ictimaiyyətindən olan bu insanların qanunsuz səfərləri daha çox narahat edir. Çünki Azərbaycan vətəndaşının Türkiyə ictimaiyyətindən gözləntiləri daha çoxdur. Bu da realdır ki, hər yerdə belə "su bulandıran" insanlar var. Araşdırdıq ki, bu insanlar müxtəlif zamanlarda terror təşkilatı olan PKK-nı, separatçı Kürdüstan dövlətinin qurulmasını dəstəkləyiblər. Həmçinin onlar erməni genosidini də təbliğ edirlər və Türkiyə ictimaiyyətində bir çaşqınlıq yaradırlar. Ən ciddi problem də bu insanların ora gedib-gəldikdən sonra Türkiyə cəmiyyətinə tanış olmayan "Arsax" ifadəsini işlətmələridir. Bu da haqlı olaraq bizdə qıcıq yaradır. Ona görə də bu əməllərə etiraz olaraq 15-ə yaxın qeyri-hökumət təşkilatları olaraq birgə bəyanat qəbul etdik. Bəyanatımızı Türkiyə səfirliyinə, Azərbaycan Xarici İşlər Nazirliyinə, Baş Prokurorluğa və mətbuata göndərmişik. Yəqin bundan sonra da çoxlu sayda QHT-lər bu bəyanatı imzalayacaqlar. Məsələ ilə bağlı Baş Prokurorluğun açıqlaması məncə çox dolğundur. Artıq cinayət işinin açılması ilə bağlı qərar da qəbul olunub. Bildiyim qədəri ilə onların Azərbaycana təhvil verilməsi üçün Türkiyə hüquq-mühafizə orqanlarına da müraciət edilib. Çox düzgün addımdır. Bu insanların ora səfər etmələri Azərbaycan qanunlarına hayqırıdır. Onlar Azərbaycan dövlətinin sərhədlərini pozmuş insanlardır. Ona görə də bu insanlara qarşı çox ciddi tədbirlər görülməlidir".
A.Abdulkərimov bildirib ki, onlar artıq Türkiyədəki hüquqşünaslarla ciddi məsləhətləşməyə başlayıblar: "İki gün ərzində "Hilal" ictimai birliyi olaraq Türkiyədəki hüquqşünaslarla danışıqlar aparırıq. Türkiyə hüquq sistemi imkan verir ki, biz Türkiyəyə gedib, o insanları məhkəməyə verək". Müsahibimiz əlavə edib ki, həm Türkiyədə, həm də Azərbaycanda bu səfərdən istifadə edib, iki qardaş ölkənin münasibətlərinə xələl gətirmək istəyənlər var: "Türkiyə böyük ölkədir və zaman-zaman orada bu kimi separatçılıq halları ilə qarşılaşırıq. Bizim cəmiyyət, ictimai nüfuzlu insanlar, eləcə də Türkiyədə olan nüfuzlu şəxslər bu tip provokasiyaların qarşısının alınması üçün səfərbər olunmalıdırlar. Ona görə də yaxın günlərdə Ankaraya gedib, bu məsələnin də bütün hüquqi tərəflərini araşdıracam. Orada Türkiyə ictimaiyyəti ilə müxtəlif görüşlər keçirəcəyik və bu hadisəni pisləməklə bağlı böyük proqramımız olacaq".
Ölkəmizə qarşı açıq-aşkar sayğısızlıq edən Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.
Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilib. Bu səfər həm Azərbaycan, həm də Türkiyə xarici siyasət idarələri tərəfindən pislənilib.
Azərbaycan tərəfindən atılan bu addım hansı effekt verə bilər və adıçəkilən şəxslərin cəzalandırılması mümkündürmü?
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin üzvü Vüsal Hüseynov Ermənistan ordusunun işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş Türkiyə vətəndaşlarının məsuliyyətə cəlb edilməsi və Azərbaycana verilməsi ilə bağlı hüquqi məsələlərə aydınlıq gətirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə cinayət hesab edilir və müvafiq məsuliyyət tədbirləri nəzərdə tutulur: "Qanunun bu maddəsi yalnız siyasi sığınacaq hüququndan istifadə etmək məqsədi ilə dövlət sərhədini keçmə qaydalarını pozmaqla ölkəmizə gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərə əgər onun hərəkətlərində başqa cinayət tərkibi yoxdursa, şamil edilmir. Qalan bütün hallarda kimliyindən və vətəndaşlığını daşıdığı ölkədən asılı olmayaraq hər bir şəxs bu halda cinayət məsuliyyətinə cəlb edilir.
Türkiyə vətəndaşları da Azərbaycanın müvafiq orqanının razılığı və sənədləri olmadan ölkəmizin ərazisinə dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Qanunun tələblərini pozublar. Bu səbəbdən, müvafiq olaraq barələrində prokurorluq orqanları tərəfindən qeyd edilən maddə ilə cinayət işi başlanmış və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib. Həmçinin, həmin şəxslərin istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib".
Həmin şəxslərin gələcəkdə Azərbaycana verilməsi ilə bağlı məsələyə gəlincə, millət vəkilinin fikrincə, burada bir sıra hüquqi prosedurlar və qanunların tələblərinə diqqət yetirilməlidir: "Türkiyə Respublikası Konstitusiyasının 38-ci maddəsinin son hissəsinə görə, Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüklə bağlı öhdəliklər istisna olmaqla, Türkiyə vətəndaşı törətdiyi cinayətə görə xarici dövlətə verilə bilməz. Qeyd edilməlidir ki, bizim də Konstitusiyamızın 53-cü və Cinayət Məcəlləmizin 13-cü maddələrinə əsasən xarici dövlətin ərazisində cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları heç bir halda xarici dövlətə verilə bilməz.
Türkiyə qanunvericiliyinə əsasən, cinayət törətmiş şəxslərin verilməsi üçün şərt şəxsin törətdiyi əməlin hər iki dövlətin qanunvericiliyi tərəfindən cinayət hesab olunmasıdır. Həmçinin, Türkiyə qanunvericiliyinə əsasən, xarici ölkənin dövlət sərhədini qanunsuz olaraq keçmək üçün cinayət məsuliyyəti müəyyən edilmir. Lakin bu hal bu şəxslərin hüquqi məsuliyyətdən kənar qalacaqlarını şərtləndirmir. Türkiyədə həmin şəxslər barəsində mənəvi zərərə görə kompensasiya tələbi də daxil olmaqla, digər məsuliyyət tədbirləri görülə bilər. Hər bir halda bütün məqamlar Türkiyə məhkəmələri və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən digər orqanlar tərəfindən diqqətə alınacaq.
Ekstradisiya (cinayət törərmiş, məhkum edilmiş şəxsin digər dövlətə verilməsi) sahəsində digər mühüm sənəd Avropa Şurasının "Ekstradisiya haqqında" Konvensiyasıdır. Türkiyə və Azərbaycan bu Konvensiyaya tərəfdirlər, lakin bu Konvensiyaya görə, üzv dövlətlərdən birinin digər tərəfə öz vətəndaşını verməmək hüquqi vardır. Həmçinin, bu Konvensiyanın 2-ci maddəsinə görə də, bir şəxsin verilməsi üçün əsas törədilmiş əməlin həm sorğu edən, həm də sorğu edilən tərəfin qanunverciliyi ilə cinayət sayılmasıdır.
Bu ümumi prinsiplərdən baxdıqda bu prosesin hüquqi olaraq həyata keçirilməsində olan məhdudiyyətlər görünür. Həmçinin, bir şəxsin başqa dövlətə verilməsinin məqsədi həmin şəxsin cəzasını vətəndaşı olduğu ölkədə çəkməsidir. Bu halda isə onların verilməsi bu prinsipə əks təşkil edir".
V.Hüseynov qeyd edib ki, həmin şəxslər üçüncü dövlətdə olduğu halda Azərbaycana ekstradisiya oluna bilərlər: "Lakin bu halda da ekstradisiya məsələsinə baxılarkən Türkiyənin rəyi alınmalıdır. Türkiyənin müvafiq dövlət qurumları artıq bu səfərlə bağlı bəyanatlar veriblər".

Əli