Türkiyə Əsədlə bağlı mövqeyini niyə dəyişdi? Dünya

Türkiyə Əsədlə bağlı mövqeyini niyə dəyişdi?

"Türkiyənin Əsədlə bağlı mövqe dəyişikliyinə yeni hadisə kimi yanaşmaq doğru olmaz. Aparılan siyasəti bəyanatlar, açıqlamalar əsasında deyil, real addımlar və icraatlar əsasında qiymətləndirmək lazımdır".
Bu sözləri açıqlamasında Şahin Cəfərli deyib. Politoloq bildirib ki, Ankaranın mövqeyində dəyişiklik Türkiyənin Rusiya və İranla bağlı Astana formatında yer alması ilə başlayıb:
"Yəni Ankara Moskva və Tehranla üçtərəfli əməkdaşlığa daxil olanda artıq bəlli idi ki, Türkiyə Əsədin hakimiyyətdən kənarlaşdırılmasında israr etmir. Türkiyə israr edə də bilməzdi, çünki Rusiya və İran Suriya ixtilafına məhz Əsəd rejimini qorumaq və bu yolla öz regional maraqlarını gerçəkləşdirmək məqsədi ilə müdaxilə edib. Bu mənada Rusiya və İran müharibənin qalib tərəfi, Türkiyə isə məğlub tərəfidir. Ona görə də Ankaranın Əsədlə bağlı siyasətində geri addım atması qaçılmaz idi. Belə bir vəziyyətdə Əsədin iqtidardan uzaqlaşdırılmasını gündəmə gətirmək reallıqla heç bir əlaqəsi olmayan təklif olardı. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Qərb də hazırkı mərhələdə bu məsələni qaldırmır. Keçid dövrünün Əsədin qalması şərti ilə gerçəkləşməsi məsələsində az-çox həmrəylik var".
Ş.Cəfərlinin sözlərinə görə, Suriya münaqişəsinin gəlib çatdığı indiki mərhələ Türkiyənin prioritetlərini də dəyişib:
"Savaşın ilk illərində Türkiyə hücumda olan tərəf idi, yəni Ankaranın dəstəklədiyi qruplar irəliləyirdi. Lakin İran və Rusiyanın müdaxiləsindən, eyni zamanda, ABŞ-ın prioritetlərinin dəyişməsindən sonra Türkiyə də öz siyasətini dəyişmək məcburiyyətində qaldı. Artıq Türkiyə üçün öz sərhədlərindəki terrorçu qrupları zərərsizləşdirmək və Suriyanın şimalında kürd zolağının yaranmasının qarşısını almaq əsas vəzifəyə çevrilmişdi. Türkiyə "Fərat qalxanı" əməliyyatı ilə bu vəzifəni qismən yerinə yetirdi. Hazırda Ankaranın əsas səyləri kürd zolağının yaranması, ümumilikdə Suriya kürdlərinin dövlətləşməsi cəhdlərini tamamilə ortadan qaldırmağa yönəlib. Suriyanın siyasi gələcəyi mövzusunda keçiriləcək toplantılar və görüşlərdə məhz bu məsələ Türkiyə üçün aktualdır. Ona görə də Türkiyədən Əsədlə bağlı əvvəlki mövqeyinə qayıtmağı gözləmək əbəsdir".
Politoloq Türkiyənin Bəşər Əsəd rejimi ilə birbaşa olmasa da, dolayı təmaslara başlamasını istisna etməyib:
"Bəlkə də belə bir dolayı təmas artıq var. Məsələn, Rusiya böyük ehtimalla, Türkiyə ilə danışıqlar zamanı Əsədin də mövqeyini Ankaraya çatdırır və əksinə, Ankaranın mövqeyi barədə Əsədi məlumatlandırır".
Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsinin daha Suriya rejimini təhdid olaraq görmədiyini açıqlayıb.
"Bizim Suriya hökumətinə qarşı mənfi münasibətimiz onların bizim təyyarəni vuranda yaranmışdı. İndi isə belə hiss yoxdur. Bizim üçün əsas təhdid PYD və PKK-dır", - M.Çavuşoğlu bildirib.