“Tramp seçkiöncəsi vədlərini yerinə yetirə bilmir” Dünya

“Tramp seçkiöncəsi vədlərini yerinə yetirə bilmir”

Vladimir Putin: "Buna səbəb ABŞ daxilindəki məhdudiyyətlərdir"


Rusiya prezidenti Vladimir Putin Moskvada illik ənənəvi mətbuat konfransı keçirib, jurnalistlərin suallarını cavablandırıb.
Rusiya prezidenti bildirib ki, ABŞ Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən çıxmaq üçün informasiya-təbliğat işi aparır:
"Biz, Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilə ilə bağlı problemlər barədə söhbətləri eşidirik. Güman ki, şərtlər yaradılır və ABŞ Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən mümkün çıxışı üçün informasiya-təbliğat işi aparılır". Bununla belə, Putin Rusiyanın analoji addım atmaq niyyətində olmadığını qeyd edib.
Trampla bağlı jurnalistlərin sualını cavablandıran V.Putin "Trampa qiyməti mən verməməliyəm", - deyə vurğulayıb. O bildirib ki, Trampa amerikalılar qiymət verməlidir. "Həm də investorlar ABŞ-a etibar edirlər, bu isə vacib göstəricidir".
Putin ümidvar olduğunu bildirib ki, Trampın hələ də Rusiya ilə əlaqələri yaxşılaşdırmaq niyyəti qalır. O qeyd edib ki, Ağ evin rəhbəri Moskva ilə əməkdaşlıq etmək istəyib və bunu seçkiöncəsi kampaniyası zamanı dəfələrlə bəyan edib. Bununla yanaşı, Rusiya prezidenti deyib ki, Tramp seçkiöncəsi vədlərini, o cümlədən Rusiya ilə bağlı vədlərini yerinə yetirə bilmir. Onun sözlərinə görə, buna səbəb ABŞ daxilindəki məhdudiyyətlərdir.
Rusiyanın ABŞ-dakı seçki prosesinə müdaxiləsinə gəldikdə isə Putin bu məsələnin uydurulduğunu bildirib: "Bəyəm, istənilən təmasları qadağan etmək lazımdır? Hər şeydən "xəfiyyəlik" yaratmaq olmaz".
"Russian Today" telekanalı və "Sputnik" agentliyi ilə bağlı yaranmış vəziyyətə gəldikdə isə Rusiya prezidenti bildirib ki, sözügedən media qurumları Vaşinqton üçün təhlükəli görünür. "ABŞ KİV-nin böyük həcmdə reklamları olsa da, məhdudiyyətlər Rusiya KİV-nə tətbiq olunur", - deyə o vurğulayıb.
"Associated Press" müxbirinin Şimali Koreya ilə bağlı sualını cavablandıran Rusiyanın dövlət başçısı diqqətə çatdırıb ki, Rusiya Şimali Koreyanı nüvə dövləti kimi tanımayacaq. O hesab edir ki, Pxenyanı silah sazişindən çıxmağa Qərb vadar edib: "Liviya və İraq məsələsindən sonra Şimali Koreya başqa çıxış yolu görmür və müdafiə olunur. ABŞ təlim keçirməyəcəyini vəd etsə də, sözünün üstündə durmayıb. Bundan sonra Pxenyan raketlərin sınağını keçirib".
Putin onu da qeyd edib ki, ABŞ hakimiyyəti Rusiya, Şimali Koreya və İranı eyni sırada görür, eyni zamanda Moskvadan Pxenyan və Tehranla bağlı problemlərin həllini tələb edir: "Ümumiyyətlə, siz, normal insanlarsınız?".
O, Saakaşvili ilə bağlı yaranmış vəziyyəti isə ukraynalıların üzündə tüpürcək adlandırıb: "Saakaşvilinin etdikləri gürcü və Ukrayna xalqlarının üzündə tüpürcəkdir. Buna necə dözürsünüz? Bəyəm, Ukraynada əsl ukraynalılar yoxdur? Bunu seyr etmək ağırdır, ürəyim ağrıyır".
Ukrayna məsələsindən danışan Putin deyib ki, Donbasda Rusiya Ordusu yoxdur: "Orada regiona istənilən irimiqyaslı müdaxiləni dəf etməyə hazır olan milis birləşmələri var".
V. Putin Donbasdakı vəziyyəti Serebrenitsa ilə müqayisə edib: "Milis birləşmələrinin müqaviməti olmasa, Ukrayna Ordusu Bosniyanın Serebrenitsa şəhərində olduğu kimi, Donbasda qətliamlar törədər".
Donbas münaqişəsində əsir düşənlərin dəyişdirilməsi məsələsinə toxunan Rusiya lideri qeyd edib ki, bu proses Ukrayna tərəfinin siyahını dəyişdirməsi səbəbindən baş tutmayıb: "Heç olmasa, gəlin bu məsələni Yeni il qabağı həll edək".
Putin rəsmi Kiyevi "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" ilə vasitəçilərsiz danışıqlar aparmağa çağırıb: "Kiyev Donbasla birbaşa danışmalıdır. Təəssüf ki, Kiyev birbaşa təmaslardan qaçır. Belə məsələlər vasitəçilərlə həll olunmur".
Rusiya prezidenti həmçinin Suriya məsələsinə də toxunub: "Beynəlxalq səylər Suriyanın bərpasına yönəldilməlidir".
O qeyd edib ki, Rusiya suriyalı qaçqınların problemini "ümumi səylər" çərçivəsində həll etməyə hazırdır. Putin həmçinin Suriyaya səfərindən danışıb. Konkret olaraq o bildirib ki, Rusiya hərbi təyyarələri prezidentin olduğu təyyarədən bir qədər aşağı uçublar. Məqsəd təyyarənin istilik izini gizlətmək olub.
Putin Polşa Prezidenti Lex Kaçinskinin təyyarəsinin Smolenskdə qəzaya uğraması ilə bağlı suala isə əsəbləşib: "Biz bu məsələ ilə bağlı açıqlama verməkdən yorulmuşuk. Siz deyirsiz ki, təyyarədə partlayıcı olub. Təyyarə Varşavadan uçub. Demək ki, partlayıcı da orda yerləşdirilib. Orada da axtarın! İkincisi araşdırma qrupu təyyarənin partlamadığını bildirib. Heç nə uydurmaq lazım deyil. Buna faciə kimi yanaşın! Bu səhifəni çevirin! Böyüyün! Siz bu məsələni gündəmə gətirməklə Rusiya-Polşa münasibətlərini pisləşdirmək, Polşanın hazırki hökumətinə hansısa reytinq qazandırmaq istəyirsiz. Fikrimcə, Rusiya-Polşa münasibətləri daha üstündür. Bizə başqa heç nə lazım deyil".
Rusiyada prezidentiliyə namizəd, teleaparıcı Kseniya Sobçak da Prezident Vladimir Putinin ənənəvi illik mətbuat konfransında sual verib. Sobçak Rusiyada prezidentliyə namizəd olan müxalif şəxslərə yaradılan problemlərdən danışıb. O bildirib ki, müxalif namizədlərə xalq yardım etmək istəmir: "Onlar bilir ki, ya onları öldürəcəklər, ya həbs edəcəklər, ya da ki başqa problemlər yaradacaqlar. Mən özümü və müxalif lider Aleksey Navanlını nəzərdə tuturam. Navalnı ilə bağlı yalan ittihamlar hazırlanıb, onu həbs etdilər. Ancaq Avropa məhkəməsi bu ittihamların yalan olduğunu elan etdi. Bu problemlərı nə ilə bağlıdır? Hazırki hakimiyyət dürüst mübarizədən qaçır?"
Putin bu sualda Saakaşvilini misal göstərib və bildirib ki, Ukrayna ssenarisi Rusiyada davam etdirilə bilməz: "Müxalifət meydana aydın, anlaşılan proqramı ilə çıxmalıdır. Bizim müxalifət "hamıya qarşı" mövqeyi ilə çıxır. Siz nə təklif edirsiz? Əgər müxalifətin proqramı olmasa, Rusiyada da "Maydanlar" baş verə bilər, küçədə "saakaşvililər" qaçacaq". Putin qeyd edib ki, rus xalqı bunu istəmir.