İranla Qərb arasında iplər gərildi Dünya

İranla Qərb arasında iplər gərildi

Qərblə İran arasında "ümidverici" müzakirələr hər an yarımçıq dayandırıla bilər
Vaşinqton Tehranı sanksiyaları sərtləşdirəcəyilə, qarşı tərəf isə müzakirələrdən geri çəkiləcəyilə hədələyib

İranla Qərb arasında son aylardan bəri aparılan nüvə danışıqları yenidən qarşılıqlı təhdidedici bəyanatlarla əvəzlənib. Ruhani hökumətinin Vaşinqtonla sıcaq təmaslarında birdən-birə soyuqluq özünü göstərməyə başlayıb.
O həddə qədər ki, dünən hətta Ağ Evin sahibi Barak Obama da Ruhani hökumətini hədələyib. ABŞ prezidenti bəyan edib ki, İranın nüvə məsələsi həllini tapmasa, sanksiyaların ardı gələcək. Obama fransalı həmkarı Fransua Ollandla birgə keçirdiyi mətbuat konfransında ölkəsinin və müttəfiqlərinin İrana qarşı birgə icra etdiyi sanksiyaların effektiv olduğunu bildirib: "Bizim birliyimiz İran nüvə proqramının əsas hissələrinin tətbiqini dayandırdı və geri qaytardı. ABŞ və Fransa hazırkı sanksiyaların lazımi şəkildə icra edilməsi məsələsində həmfikirdir".
ABŞ prezidenti İrana qarşı sanksiyaları pozan şirkətlərin üzərinə "tonla kərpic tökəcəyinə" söz verib. "FransPress"in məlumatına görə, Obama müxtəlif şirkətlərin İrana qarşı sanksiyaların ləğv edilməsi barədə tərəflərin rəsmi razılığınadək İran bazarına daxil olmağa çalışaraq bazar barədə araşdırmalar aparıldığını bildirib: "Sizi inandırmaq istəyirəm ki, onlar bunu qorxularından edirlər. Biz qaydaları pozanların üzərinə bir ton kərpic kimi töküləcəyik."
Obama danışıqları pozmamaq üçün hələlik onları sərtləşdirməmək niyyətini bir daha çatdırıb: "Bizim son hədəfimiz olduğu kimi qalır, İran nüvə silahını əldə etməli deyil".
Qeyd edək ki, srağagün İran İslam İnqilabının 35-ci ildönümündə rəsmi Tehran ballistik və lazerli raketlər də daxil olmaqla, yeni hərbi texnologiyalarını sınaqdan keçirib və bu, ABŞ rəsmilərini daha da qıcıqlandırıb. Maraqlıdır ki, bu sınaqlar amerikalı rəsmilərin İranın nüvə məsələsindən sonra ölkənin ballistik raketləri ilə bağlı məsələnin də müzakirəyə çıxarılacağı barədə fikirlər səsləndirmələrindən sonra keçirilib.
Hətta ABŞ-dan gələn bu açıqlamalara İran prezidenti də sərt reaksiya verərək bəyan edib ki, ölkəsinə qarşı təhdidlər faydasızdır və Tehran istənilən təcavüzkar qarşısında duruş gətirə biləcək. İslam İnqilabının 35-ci ildönümü münasibəti ilə xalqa müraciətində Ruhani bildirib ki, İran öz prinsiplərində güzəştə getməyəcək.
İranın müdafiə naziri Hüseyn Dehqan də balistik raket sınağının ABŞ-ın "hərbi variantın hələ də masada olduğu" bəyanatına cavab olduğunu açıqlayıb.
Xatırladaq ki, İran paytaxtında yüz minlərlə insan yenilən "ABŞ-a ölüm!", "İsrailə ölüm!", "Savaşarıq, ölərik, ancaq razılaşmarıq!", "Bu ordu rəhbərin eşqi ilə arenada!" kimi şüarlar səsləndiriblər, Böyük Britaniya bayrağını yandırıblar.
İranda Qərb əleyhinə çağırışların artdığı bir vaxtda rəsmi Tehran ABŞ-a nota verib. Buna səbəb isə ABŞ Maliyyə Nazirliyinin ötən həftə Avropa və Yaxın Şərqdə fəaliyyət göstərən Türkiyə, İspaniya, Almaniya, Gürcüstan, Əfqanıstan, İran, Lixtenşteyn və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan bir neçə fiziki və hüquqi şəxsi "qara siyahı"ya salması olub. Ağ Evin açıqlamasına görə, həmin fiziki və hüquqi şəxslər İrana bu ölkəyə qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaları pozmaqda yardım göstəriblər. Bununla da onların ABŞ maliyyə sisteminə daxil olmasının qarşısı alınıb. ABŞ Maliyyə Nazirliyi 2013-cü il noyabrın 24-dən (Cenevrə razılaşması) bəri ikinci dəfədir belə bir addım atır. Bu il yanvarın 20-dən ABŞ, Avropa Birliyi və bəzi ölkələr İrana qarşı birtərəfli sanksiyaları aradan qaldırıblar.
Məsələ ilə bağlı ABŞ-ın Tehranda maraqlarını təmsil edən İsveçrə Konfederasiyasının səfiri Julio Hass İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi etiraz məktubu təqdim olunub.
Eyni zamanda İsveçrə səfirinə ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsinin və bu ölkənin bəzi rəsmilərinin açıqlamalarının Cenevrə razılaşmasına zidd olduğu bildirilib və bu addımların ABŞ rəhbərliyinin müəyyən məsələlərdə, məsələn, terrorizm mövzusunda öz mövqeyini hələ müəyyənləşdirmədiyini göstərir.
Qərblə İran arasında iplərin yenidən gərilməsi İsraili də hərəkətə keçirib. İsrailin baş naziri İran məsələsini ABŞ-a gələn ay reallaşdıracağı ziyarəti zamanı gündəmə gətirəcəyini bəyan edib. O, İranın döyüş gəmilərini ABŞ-ın dəniz sərhədlərinə göndərmək qərarına diqqət yönəldərək, bu ölkənin hələ də təhdid faktoru kimi qaldığını bildirib. Benyamin Netanyahu Ağ Evi də İran təhlükəsi mövzusunda xəbərdar edəcəyini söyləyib.
"Jerusalem Post" qəzetinin yazdığına görə, "Likud" Partiyasının həftəlik toplantısında danışan Netanyahu İranın terror siyasətinin davam etdiyini bildirib: "Buna görə də İranın nüvə silahı əldə etməsinə əsla imkan verilməməlidir".
Netanyahu İranda insan haqlarını pozulduğu faktına da ciddi diqqət yetirilməli olduğunu bəyanlayıb.
İsrailin baş naziri bildirib ki, İranın döyüş gəmilərini ABŞ-ın dəniz sərhədlərinə göndərməsi və İran səlahiyyətlilərinin İsrail əleyhinə bəyanatları bu ölkənin gerçək niyyətini göstərir.
Belə görünür, Qərblə İran arasında "ümidverici" müzakirələr hər an yarımçıq dayandırıla bilər. Elə İranın Konstitusiya Müdafiəçiləri Şurasının katibi Əhməd Cənnəti də "5+1" qrupu ilə davam edən müzakirələrə ümidli olmadığını bildirib. Cənnəti deyib: "Xain və kələkbaz olan amerikalılara güvənilməz. Ona görə də 5+1 qrupu ilə davam edən müzakirələrə ümidli deyiləm".
Cənnəti ABŞ-ın daha çox problem yaratmağa yönəlik siyasət sərgilədiyini deyib.
İranın "Sepah" korpusunun baş komandanı general Cəfəri də İslam İnqilabının ildönümü ilə bağlı yürüşü zamanı İranın baş düşməninin Amerika olduğunu bəyan edib. O, Ruhani hökumətini hədəfə alaraq deyib: "Bəzilərinə bunu soruşmaq lazımdır. Niyə ABŞ-la düşmənliyi aradan qaldırıb, İranın izzət, şərəf və milli iqtidarını asanca satmağa hazırlayar?"
Maraqlıdır ki, İranın hərbi və mühafizəkar dairələri ilə yanaşı ölkənin diplomatları da təhdid dilində danışmağa başlayıb. İranın xarici işlər nazirinin Avropa və ABŞ üzrə məsul köməkçisi Məcid Taxtirəvançi "ABŞ-ın təhdidlərinə qarşı İranın atacağı konkret addımların gələcəkdə bəlli olacağını" bildirib.
İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi isə ölkəsinin Beynəlxalq Atom Enerjisi Təşkilatının heç bir iddiasını qəbul etməyəcəyini, İranın "konkret olmayan suallara" sonsuza qədər cavab verməyəcəyini bildirib.
Salehi İranın uranı 60%-ə qədər zənginləşdirmə gücünə sahib olduğunu vurğulayıb. O, nüvə danışıqlarında yalnız dini lider Xamneyinin göstərişləri əsasında hərəkət etdiklərini bildirib: "Xamneyi qırmızı xətləri ən doğru şəkildə bəyan edib. İran heç zaman uranı zənginləşdirmə haqqını güzəştə getməyəcək".
TURQUT