Rusiyanı türk oyanışı narahat edir Dünya

Rusiyanı türk oyanışı narahat edir

Donanma Xəzərə çıxarılır
Rusiya Xəzər donanmasını Həştərxandan Kaspiysk şəhərinə köçürdükdən sonra demək olar ki, Xəzərin tamhüquqlu sahibinə çevriləcək.
Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Rusiya Qərb tərəfindən sıxışdırıldıqca heyfini postsovet məkanına daxil olan ölkələrdən alır:
"Rusiyanın Cənub Hərb Dairəsində fəaliyyət göstərən 62-ci ordusu bir neçə gündür ki, hərbi təlimlər keçirir. Dağıstandan başlayan bu təlimlər indi də Krasnadora qədər böyük bir ərazini əhatə edir. Rusiya tərəfi bu təlimlərin zəruriliyini cənubdan qəsdən ola biləcək təhlükələrdən qorunmaqla əlaqələndirir. Cənubdan təhlükələr dedikdə isə Yaxın Şərqi və NATO-nun yavaş-yavaş Cənubi Qafqaza irəliləməsini nəzərdə tutur. Rusiya NATO və bir sıra ölkələrin, həmçinin müttəfiqlik etdiyi Türkiyənin türkdilli Orta Asiya respublikalarına doğru irəliləməsindən çox ehtiyatlanır. Kreml hesab edir ki, Rusiya üçün ən təhlükəli zona hazırda Cənubi Qafqaz və Orta Asiya bölgəsidir və bu bölgələrdən Rusiyaya qarşı ciddi zərbələr ola bilər. Ona görə də Rusiya bütün Avrasiya qitəsinə nəzarət etmək üçün Orta Asiya, Cənubi Qafqaz və Xəzər dənizini əldə saxlamağa çalışır. Moskva xüsusilə Xəzər dənizinə böyük əhəmiyyət verir. Çünki ABŞ artıq Xəzər dənizinə öz marağını gizlətmir. Bu maraq yalnız təbii ehtiyatlarla deyil, həmçinin dənizin səthi ilə də bağlıdır. Vaşinqton buradan İran və Rusiyanı təhdid altında saxlamağın çox əlverişli ola biləcəyi qənaətindədir".
Politoloq qeyd edib ki, Orta Asiya respublikalarının son zamanlar Türkiyə nümunəsini təkrar edərək latın əlifbasına keçməsi və ümumtürk şüurunun oyanması istiqamətində atılan addımlar da Rusiyanı xeyli narahat edir:
"Bununla Orta Asiya respublikalarının Qərb və ABŞ-a meyillənməsi də güclənir. Cənubi Qafqazda isə Gürcüstan artıq Rusiya üçün itirilmiş bir bölgədir və bu durum tezliklə NATO-nu bölgəyə gətirəcək".
Q.Hüseynlinin sözlərinə görə, Rusiyanın hazırkı davranışları müəyyən həqiqətlərə söykənsə də, bu, Moskvaya postsovet ölklərinin hüquqlarını tapdalamağa imkan vermir:
"Azərbaycan Rusiya ilə normal münasibətlər saxlamağa çalışsa da, Rusiyanın müəyyən dairələri bunu korlamaq istəyir. Məqsəd Bakı ilə təzyiq dilində danışmaq, hətta Azərbaycanı köhnə SSRİ tipində Rusiyanın tərkibinə qatmaqdır. Söhbət Jirinovski, Koseçev və Zatulin kimi tiplərdən gedir. Onlar açıq-açkar Azərbaycana düşmənçilik mövqeyi nümayiş etdirirlər. Rusiya Xəzər donanmasını Həştərxandan Kaspiyskə köçürdükdən sonra demək olar ki, Xəzərin tamhüquqlu sahibinə çevriləcək. Yəni Xəzərə tam nəzarət imkanları qazanacaq və Azərbaycan üçün çox ciddi təhdid obyektinə çevriləcək, həmçinin dənizin dibində Azərbaycanın neft-qazma işlərini çətinləşdirəcək. Bir sözlə, Rusiya çox təhlükəli oynayır və bu oyun gec-tez Moskvanın öz başında çatlayacaq".
Qeyd edək ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Xəzər donanmasının Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürüləcəyini açıqlayıb.
Bununla yanaşı, Rusiya Silahlı Qüvvələrinin Cənub Hərb Dairəsinin birləşmələri Ermənistan, Abxaziya və Krasnadorda hərbi təlimlərə başlayıb.