Avropa Şurasının prezidenti Trampı düşmən adlandırdı Dünya

Avropa Şurasının prezidenti Trampı düşmən adlandırdı

Avropa Şurasının prezidenti Donald Tusk ABŞ prezidenti Donald Trampın "özünə arxayın şiltaqlığını" pisləyib. Onun sözlərinə görə bu, "digər tərəfdən Avropanı bütün xülyalardan azad edib". Azadlıq xəbər verir ki, Tusk bu bəyanatı mayın 16-da Bolqarıstan paytaxtı Sofiyada verib. Burada keçirilməsi planlaşdırılan Avropa İttifaqı sammitində ABŞ-ın İranla nüvə sazişindən çıxmaq qərarı və Trampın alüminium və polad idxalına qoyduğu əlavə rüsumlar məsələsi müzakirə ediləcək. Tusk deyib ki, "Çinin yüksəlişi və Rusiyanın təcavüzkar mövqeyi kimi ənənəvi problemlərlə yanaşı indi də yeni fenomen peyda olub: "Amerika administrasiyasının özündən razı şıltaqlığı".
Donald Tusk deyib : "Prezident Trampın son qərarlarına diqqət yetirərkən hətta düşünməli olursan: belə dostu olana düşmən lazımdırmı?! Amma səmimi danışsam, deməliyəm ki, Avropa prezident Trampa minnətdar olmalıdır. Çünki biz onun sayəsində xülyalardan azad olmuşuq. O bizi inandırdı ki, sənə kömək əli lazım olanda öz əllərinə baxmalısan".
Bununla yanaşı Polşanın keçmiş baş naziri deyib ki, "Avropa transatlantik bağların qorunub saxlanması üçün bügünkü əhval-ruhiyyəyə baxmayaraq əlindən gələn hər şeyi etməlidir". Bundan bir gün əvvəl bu bağların saxlanmasının zəruriliyi barədə Almaniya kansleri Angela Merkel bəyanat vermişdi: "Transatlantik bağlar hazırda və gələcəkdə ali mühümlüyünü saxlayır". Almaniya kansleri Trampın nüvə sazişindən çıxmaq qərarını "narahatedici xəbər" adlandırıb.
Xatırladaq ki, mayın 15-də Brüsseldə İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşən Britaniya, Fransa və Almaniya nazirləri 2015-ci il sazişinin saxlanmasına tərəfdar olduqlarını bildiriblər. Zarif mayın 16-da deyib ki, bu görüşlər çox güclü siyasi mesaj göndərir, lakin indi sözdən hərəkətə keçmək vaxtıdır.