Tramp Fələstin dövlətinin sərhədlərini cızdı Dünya

Tramp Fələstin dövlətinin sərhədlərini cızdı

İsraildəki səfirliyini Qüdsə köçürərək dünyada böyük bir xaosun təməlini qoyan ABŞ Prezidenti Donald Tramp paytaxtı Əbu Dis şəhəri olan Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "sülh" planını Ramazan ayından sonra açıqlayacaq. Bu barədə "Asoşeyted Press" 5 amerikalı diplomata istinadən informasiya yayıb. Diplomatların sözlərinə görə, Cared Kuşner və Ceyson Qrinblattın hazırladığı sülh planının mətni artıq tam şəkildə hazırlanıb. Sözügedən sənədin yekun akt kimi qiymətləndirilmədiyini vurğulayan ABŞ diplomatları bəyanatın səsləndirilməsinin ardından 3 Körfəz ölkəsi rəsmilərinin, Misir lideri Əbdülfəttah Sisinin, Fələstin və İsrailin birlikdə müzakirələrə başlaya biləcəyinə işarə edib. İsrailin "Yerusalim Post" qəzeti Körfəz ölkələrini təmsil edənlər arasında Səudiyyə və BƏƏ vəliəhdlərinin olacağını qeyd edib.
MOSSAD-a yaxınlığı ilə tanınan "Debka" xəbər saytı Trampın xaos planının detallarını açıqlayıb. Plana əsasən, qurulacaq Fələstin dövlətinin paytaxtı Şərqi Qüdsdəki Əbu Dis olacaq. Plana uyğun olaraq, Qüdsün ərəblər yaşayan məhəllələri Fələstinə tabe olsa da, Əqsa məscidinin yerləşdiyi "Əski şəhər"ə nəzarət tamamilə İsraildə olacaq.
Planın detallarını təqdim edirik:
- Qurulacaq Fələstin dövləti Qərbi Şəriyənin yarısı ilə Qəzzadan ibarət olacaq;
- İsrail Qərbi Şeriyə və sərhədlərinin təhlükəsizliyini təmin etməyi öhdəsinə götürəcək;
- Şərqi Qüdsün ərəb məhəllələri Fələstinin nəzarətində, Məscidi Əqsa yerləşən "Əski şəhər" İsrailin tabeliyində olacaq;
- Fələstinin paytaxtı Əbu Dis olacaq;
- Fələstindəki məscidlərin idarəsini İordaniya öz üzərinə götürəcək;
- Qəzza zolağı HƏMAS-ın silahı yerə qoyacağı təqdirdə Fələstin dövlətinə daxil ediləcək;
- Fələstinli qaçqınlara geri dönmək haqqı verilməyəcək, ancaq təzminat almaq üçün beynəlxalq mexanizm yaradılacaq;
- İsrail bütün dünyadakı yəhudilərin dövləti olaraq tanınacaq.