İranla ABŞ arasında zorən vasitəçi Dünya

İranla ABŞ arasında zorən vasitəçi

Kiçik sultanlıq Trampa görə mövqeyini dəyişmək məcburiyyətində qalacaqmı?
Respublikaçıların təkidi ilə ötən həftə Senatda açıqlanmış sənədə əsasən, Obama administrasiyası 2015-ci ildə İrana nüvə sazişi üzrə nağd pul almaqda kömək etməyə çalışıb. Hesabatda, həmçinin az tanınan sultanlıq olsa da, strateji əhəmiyyətli Omanın oynadığı rolla bağlı məsələlər qaldırılıb. Müqavilə ərəfəsində administrasiya rəsmiləri İranın ABŞ-ın maliyyə sisteminə heç vaxt çıxa bilməyəcəyini bildiriblər. Bununla belə, Obama komandası bankçılıq icması üçün qəbulolunmaz sayılan İranın sazişdən bəzi maddi faydalar götürdüyünü görə biliblər. Başqa şeylərlə bərabər, Tehran 5 milyard vəsaiti avroya çevirməyə çalışıb.
"Strateq" "Wall Street Journal"a istinadən yazır ki, problem, ilk növbədə, rialların ABŞ dollarına çevrilməsində olub. Sanksiyalar rejiminə əsasən, bunun üçün ABŞ Xəzinədarlığından lisenziyası tələb olunur. Senatın hesabatına əsasən, Xəzinədarlıq lisenziya verməyib, amma iki Amerika bankından əməliyyatlar üçün "Bank Muscat"la əməkdaşlıq etməsini istəyib. Amerika bankları İranla iş birliyinin qeyri-qanuni olması və nüfuzlarına zərbə dəymə riskindən qorxuya düşüb. Daha sonra Oman İrana köçürülə biləcək kiçik miqdarda avro almağa başlayıb. Tehranın 5,7 milyard dollar məbləğində vəsaiti əldə edib-etməməsi sonadək aydın deyil.
Amma əsas məsələ – niyə məhz Oman? 2012-ci ildən 2015-ci ilədək bu ölkə İranla nüvə razılaşması üzrə tərəflər arasında danışıqlar məkanı idi. Obama administrasiyası bu razılaşma ilə bağlı Omanın töhfələrini yüksək qiymətləndirib, amma sultanlığın bəzi qonşuları İrana qarşı siyasətini canyandırma kimi səciyyələndirib. Digər Körfəz ərəb ölkələrindən daha az güclü və daha az neft olan omanlılar uzun müddət sülhməramlı olmaqdan başqa çarələrinin olmadığını iddia edirlər. Ancaq bu, Omanın bəzi davranışlarını izah etmir. 2016-cı ildə "Reuters" xəbər verib ki, İran Yəməndə hökumətlə döyüşən husi üsyançılarına Umman vasitəsilə silah göndərir. Müxtəlif raketlər, atıcı silahlar, partlayıcı maddələr və dronlar. Husilərə silah göndərmə BMT Təhlükəsizlik Şurasının 2015-ci il tarixli silah embarqosunu pozmaq deməkdir.
2017-ci ilin martında Britaniyadakı "Silahlanmaya Müqavimət" qeyri-hökumət təşkilatı husilərin istifadəsində olan PUA-ların Oman vasitəsilə Yəmənə daxil olduğunu bildirib. 2018-ci ilin yanvar ayında Təhlükəsizlik Şurasının Yəmən üzrə ekspertlər heyəti "Burkan-2H" raketlərinin Yəmənə Oman vasitəsilə, quru yolla göndərildiyini iddia edib. Hesabata əsasən, ikinci ən mümkün variant Omanın Salalah limanının daşınma nöqtəsi kimi istifadə edilməsidir. Yəmən səlahiyyətliləri, həmçinin 2017-ci il mayın 9-da Omanla sərhəd keçidində bir kamyon ələ keçirib. Yük maşını 3,42 milyon dollar valyuta və qızıl ehtiyatı daşıyırmış.
Bəlkə də ən riskli budur ki, Suriyanın "Cham Wings" aviaşirkəti 2015-ci ildən Şam-Musqət arasında uçuşlara başlayıb. Xəzinədarlıq 2016-cı ildə terrorizm və silahların yayılması üçün "Cham Wings"-ə sanksiya tətbiq edib. Yəqin ki, hava yolu şirkəti Yəmən üçün Suriyadan Omana silah, ehtiyat hissələri, personal və ya pul gətirir. Əks halda, bu hava körpüsünün nə üçün qurulduğu aydın deyil.
Xəzinədarlıq müşaviri Siqal Mandelkerin bu yaxınlarda müşahidə etdiyi kimi, "insanlar Suriyaya tətilə getmirlər". Oman rəsmi orqanlarının birbaşa İran adından qanunsuz fəaliyyət göstərdiyi barədə heç bir sübut yoxdur. Amma ABŞ rəsmiləri narahatlıqlarını 2016-cı ildən bir neçə dəfə Oman səlahiyyətlilərinə çatdırıblar. Səudilər, yəmənlilər, Əmirliklər və İsrail də narahatlıqlarını ifadə ediblər. Oman rəsmiləri isə ümumiyyətlə belə bir problemin mövcudluğunu inkar edirlər.
Əksər amerikalılar, ehtimal ki, xəritədə Omanı tapa bilməyəcək, amma bu ölkə Yaxın Şərqdə ABŞ maraqlarının qorunmasında mühüm rol oynayır. Oman 1980-ci ildən ABŞ-a hərbi bazalarını istifadə etməyə icazə verib. Ölkə İranla birlikdə Hörmüz boğazı içərisində mühüm neft nəqli yollarına nəzarət edir. Prezident Tramp İranla bağlı Amerika siyasətini tam dəyişib. Oman bu yeni reallığa uyğunlaşma məcburiyyətindədir. Amerikalı rəsmilər xoşqılıq olmalıdırlar, amma Musqət İran silahlarının qaçaqmalçılığında iştirak edirsə, buna göz yummaq olmaz.