Türkiyə türkmənlərə dəstək durmadı Dünya

Türkiyə türkmənlərə dəstək durmadı

İki milyon türkmənin həyatı təhlükədə

Cavid

İraq Türkmən Cəbhəsinin təmsilçisi, sabiq Diyala millət vəkili Həsən Özmən Kərkükdə türkmənləri müdafiə etməkdən ötrü qurulacaq briqada üçün mərkəzi hökumətdən kömək istəyib. Özmən Kərkükün İŞİD terror təşkilatının idarəsində olan cənub və orta bölgələrindəki türkmənləri qorumaq üçün 6 min nəfərlik bir briqada qurma işinə başladıqlarını söyləyib.
Briqada üçün beynəlxalq ictimaiyyətdən, xüsusilə BMT Təhlükəsizlik Şurasından kömək tələb edən Özmən "qurulacaq briqadaya mərkəzi hökumət və Şimali İraq rəhbərliyi dəstək olmalıdır. Əks halda, bu briqada təkbaşına terrorçularla mübarizə edə bilməz" - deyə, vurğulayıb.
Xatırladaq ki, İraq türkmənləri İraqda tarix boyunca məskunlaşmış xalqdır. Müxtəlif statistik məlumatlara görə, hazırda İraqda 2 milyona yaxın türkmən yaşayır. Türkmən türkcəsi Kərkük və Telafer kimi şəhərlərdə rəsmi dil olaraq işlədilir. Yeri gəlmişkən, türkmən türkcəsi Azərbaycan türkcəsinə çox yaxın bir dildir.
1920-ci ildən etibarən İraqda türkmənlərə qarşı tətbiq olunan assimilyasiya siyasəti və sünni-şiə məzhəbləri arasındakı münaqişə onlara çox böyük zərər vurur. Bu ABŞ-ın İraqı işğal etməsindən sonra daha da güclü şəkildə davam etmişdir. Məhz türkmənlərə qarşı demoqrafik təmizləmə əməliyyatı həyata keçirilir. Digər tərəfdən, dilləri və etnik kökləri eyni olmasına rəğmən türkmənlər arasında ciddi şəkildə sünni-şiə ayırımı olduğu üçün birlikdə hərəkət etmələrində çətinliklər yaranır. Bu mənada İraqın şimalında məskunlaşan kürdlər ilə türkmənlər arasında ciddi konfliktlər də mövcuddur.
Məlum olduğu kimi, İraqda ABŞ işğalından sonra da məzhəblərarası qanlı vuruşmalar davam edir. Hazırda İraqda üçlü parçalanma mövcuddur; kürdlərin Şimali iraqda hakimiyyəti əllərində tutduqları region, şiə ərəblərin hakimiyyətdə olduqları mərkəzi Bağdad hökuməti və Mosul, Kərkük, Süleymaniyə, Ərbil, Səlahəddin kimi şəhərlərin olduğu Türkmən regionu. Məhz mərkəzi Bağdad hökuməti ilə Şimali İraq Kürdüstan muxtariyyəti arasında baş verən siyasi-hərbi çəkişmələrdə türkmənlər təzyiqlərə məruz qalırlar.
Ekspert Rəşad İlyasov bildirib ki, Səddam rejiminin çökməsindən sonra, İraqda federal dövlət sistemi tətbiq olundu. Bu federal sistem, hələ də etnik və məzhəb çalarları ilə ölkə üçün ciddi problemlərə səbəb olur. Məhz etnik mozaikə malik Kərkük şəhərində daha çox məskunlaşan türkmənlər də vaxtaşırı olaraq etnik-məzhəb konfliktlərində iştirak edirlər.
İraq türkmənlərinin 1995-ci ildə Ərbil şəhərində qurulan İraq Türkmən Cəbhəsi adlı təşkilat hazırda İraqda siyasət səhnəsində daha aktivdir. Son vaxtlarda iraqlı türkmənlərin lideri Ərşad Salihi müxtəlif bəyanatlarında türkmənlərin hüquqlarının ölkə daxilində qorunacağını ifadə edir. Belə ki, Salihi türkmənlərin indiyə kimi İraqın bölünməməsi üçün çalışdıqlarını, əgər gələcəkdə İraq şiə, sünni və kürd regionlarına parçalanarsa, İraqlı türkmənlərin də yaşadıqları regionu "Türkmən eli" olaraq elan edəcəklərini bildirib. Bu əlbəttə ki, hələlik uzaq bir ehtimaldır. Digər tərəfdən, Salihi Türkiyə ilə İraq arasında son zamanlarda yaranan isti münasibətlərdə türkmənlərin Bağdad ilə Ankara arasında körpü rolunu oynaya biləcəyini ifadə edib. O, həm İraq baş naziri Nuri əl-Maliki, həm də türk hökumətinin məsul şəxsləri ilə görüşlərində bu mesajı verdiklərini bildirir: "Bu kontekstdə qeyd etməliyəm ki, Türkiyə də öz növbəsində son illərdə İraq türkmənlərini ciddi şəkildə dəstəkləyir. Məhz son vaxtlarda Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Kərkük şəhərinə səfəri və İraq Türkmən Cəbhəsi sədri Ərşad Salih ilə Kərkük və Ankaradakı görüşmələr bunu göstərir.
İraq türkmənlərinin tarixi şəhərləri olan Kərkük hazırda ciddi problemlərlə qarşı-qarşıyadır. Belə ki, Kərkükdə yalnız türkmənlərin silahlı qrupları yoxdur. İraq Şimali Kürdüstan muxtariyyətinə bağlı silahlı qüvvələr Kərkük şəhərində asayişi idarə edirlər. Məhz Kərkük şəhərində mövcud olan türkmənlərə aid incəsənət əsərləri və kitabxanalar məqsədli şəkildə talan edilir. Məsələn, Kərkük qalası və Osmanlı zamanında tikilən hökumət evi dağıdılıb. Burada vurğulanması vacib olan məqamlardan biridə odur ki, türkmənlər şimalda kürdlərin, cənubda isə ərəblərin iqtidarda olduğu regionlarda yaşayırlar".
Ekspert onu da bildirib ki, Kərkük və Mosul kimi türkmənlərin daha çox məskunlaşdığı şəhərlər eyni zamanda neft ehtiyatı baxımından da əhəmiyyət kəsb edir. Buna görə də Şimali İraq Kürdüstan muxtariyyəti bu şəhərlər üçün mərkəzi Bağdad hökuməti ilə siyasi mübarizə aparır. ABŞ silahlı qüvvələrinin buradan çəkilməsindən sonra mərkəzi Bağdad hökumətinin silahlı qüvvələri ilə Şimali İraq Kürdüstan muxtariyyətinin əsgərləri arasında bəzən konfliktlər yaranırdı. Bunun səbəbi isə Kərkük neftinin, mərkəzi Bağdad Maliki hökumətinin icazəsi olmadan Şimali İraq Kürdüstan muxtariyyəti tərəfindən başqa ölkələrə satılmasının qarşısını almaq idi. Məhz son vaxtlarda Şimali İraq Kürdüstan muxtariyyətinin Türkiyə ilə imzalanan neft müqavilələri də bunu təsdiqləyir: "Məlumdur ki, dünyanın ikinci ən böyük neft ehtiyatlarına malik olan İraqdakı siyasi vəziyyət vaxtaşırı olaraq dəyişir. Məhz son günlərdə "əl-Qaidə" terroristləri ilə hökumət əsgərlərinin Felluca şəhərində vuruşması bir daha bunu təsdiqləyir. Neft yataqlarının iqtisadi və siyasi cəhətdən istifadəsi iraqlı türkmənlər üçün də aktuallıq kəsb edir. Çünki türkmənlər neftlə zəngin regionlarda yaşayırlar. Bu səbəblə gələcəkdə İraqın inkişafı və parçalanmaması birbaşa iraqlı türkmənlərin ictimai-siyasi fəaliyyətlərindən də asılı olacaqdır".
İraq parlamentinin keçmiş deputatı Əkrəm Fevzi isə bildirib ki, İraq türkmənləri qətliama uğramaqdadır. İraq türkmənlərinin şöhrəti, tarixi, coğrafiyası yox olmaqdadır. Hazırda Təlafərdə, Tuzhurmatuda, Bəşir Qəsəbəsində, Çardağlı Qəsəbəsində və Əmirli Qəsəbəsində minlərlə İraq türkməni atəş altındadır. Türkmənlər İŞİD silahlılarının basqısı, raketləri altındadır: "Ailə üzvlərimiz, insanlarımız hazırda pərən-pərən düşərək çöllərə, dağlara, meşələrdə qaçıb, orada yaşayır. Çətin vəziyyətdir. Biz bu mübarək yerdən bütün türk dünyasına səslənirik. Türkiyəyə, Azərbaycana səslənirik ki, bizim yanımızda dursunlar, bizə dəstək olsunlar. İraq türkmənlərinin çoxsaylı silaha, təchizata ehtiyacı var. İndi tarixi bir vəziyyətdir, türkmənləri xilas etmək zamanıdır. Hazırda Təlafərdə insanlarımız öldürülür".
Ə.Fevzi onu da bildirib ki, 2003-cü ildən bəri İraqda bütün insanlar silahlı olsa da, yalnız türkmənlər silah götürmədilər: "Bütün türkmən eli hazırda silahlı olmalıdır. Çünki İraqda müharibə qanunları hökm sürür. Burada meşə qanunudur, qüvvətlinin zəifi yeməsi qanunudur. İndi bu anda bizim Çardağlı kəndi və digər qəsəbələrimiz raketlər altındadır. İŞİD silahlıları onlara qarşı güclü hücumlar həyata keçirir. Peşmərgə Kərkükü alıb, Süleymaniyyəni İŞİD alıb, Əmirlini Malikinin silahlılarının əlindədir. Həqiqətən sahibsiz qalmışıq. Silahlarımız tükənib, İŞİD silahlıları güclü silahlarla gəliblər, bizim məmləkətimiz alacaqlar. Alsalar da qətliam edəcəklər. Onlar heç nəyə göz yummurlar.
Təlafərdə, Tuzhurmatuda, Bəşir Qəsəbəsində, və Əmirli Qəsəbəsindən. İndi Xasadarlıda və Çardağlıda raketlər yağmaqdadır".
"Hilal" qəzetinin əməkdaşı, Dünya Gəncləri Dostluq və Yardımlaşma təşkilatının rəhbər müavini Məhəmməd Diyar isə bildirib ki, İŞİD-in hədəfində əsl şiələrdi. Coğrafi baxımdan türkmənlərin yaşadığı bölgə yeraltı sərvətlərlə çox zəngindir. İŞİD əvvəl al-Anbar şəhərində hadisələrə başladı və çox asanlıqla oranı ələ keçirdi, çünki ora sünni ərəblərin yaşadığı bölgədir. Daha sonra Mosula keçdi və heç bir müqavimətlə üzləşmədən oranı da ələ keçirdi. İraq ordusunun əsgərləri İŞİD-ə qarşı duruş gətirə bilmədi, terrorçular bunun ardından Tuzhurmatuya keçdi. Tuzhurmatu da şiə türkmənlərin yaşadığı bölgədir, eyni zamanda Kərküklə Bağdad arasındakı əsas yoldur. Bu gedişlə Peşmərgi asanlıqla götürdü. Ərşad Salihi bundan sonra bütün türkmənləri özlərini qorumaq üçün silaha sarılmağa çağırdı. Bizim kimsəylə düşmənçiliyimiz yoxdur dedi. Kərkükü qorumaq üçün qarşıdurmaya girəcəklərini hər kəslə razılaşaraq yaşayacaqlarını, ancaq kimsənin əmri altında yaşamayacaqlarını açıqladı. Buna görə bütün türkmənlər silahlandı. İraq hökuməti və kürdlərin oyunu deyərkən buna diqqət çəkmək istədi. Bəs nədən İŞİD kürd bölgəsinə hücum etmir? İŞİD hara hücum etdisə, ordu silahlarını atıb qaçdı. Telafer xalqı isə öz imkanlarıyla hücumlar qarşısında müqavimət göstərdi. Qadınlar və uşaqlar 50 km uzaqlıqda olan Sencar bölgəsinə qaçdı".
Məhəmməd Diyar onu da bildirib ki, Türkiyə indiyə qədər onlara heç bir kömək etmədi, bu anda tək istədikləri humanitar yardımdır: "Qida və çadıra böyük ehtiyacımız var. Çünki təxminən 200 minə yaxın türkmən hazırda səhralıqda yaşayır".
Ona sual etdik ki, Türkiyə nədən İŞİD-ə qarşı əməliyyat keçirmir. Cavabı belə oldu: "İndi Türkiyənin İŞİD terror təşkilatında girov olan diplomatları və 80-ə yaxın vətəndaşı var. Birinci səbəb bu, ikincisi, Türkiyənin kürdlərlə olan müqavilələri var, həm neft mövzusunda, həm də ticarət sahəsində. Ankara bunların pozulmasını istəmir. Bilirsiniz, İŞİD-in hədəfində Bağdad almaq var və bunun üçün özünə qarşı çıxan hər kəsə silah qaldırır, fərqinə varmır, qarşısına çıxan sünnidir, şiədir, türkdür, ya ərəb. Amma əksəriyyətlə şiələrə qarşı çox mərhəmətsiz olur. Türkmənlərə sahib çıxan yoxdur. Kim bizi dəstəkləyəcək, kim bizi müdafiə edəcək".
Məhəmməd Diyar onu da bildirib ki, İŞİD-in pula ehtiyacı yoxdur. Çünki yalnız Mosulda mərkəzi bankdan 429 milyon dollar və qızıl ələ keçirdi: "Bununla yanaşı Suriyanın Al-Barkada olan neft quyusunu nəzarət edir və Əsədə neft satır. Türkiyə İŞİD-də dəstək verir, vermir naməlumdur. Amma Türkiyədən Suriyadakı müxalifətə çoxlu silah köməyi edildi və bunların başına nə gəldiyi də bilinmədi. Türkiyə baş naziri isə İŞİD-ə terror təşkilatı deməməsi də maraqlıdır. Bilirsiniz, İŞİD-in əsas məqsədlərindən biri də İraqda sünni bölgəni ələ keçirmək və orada Süni ərəb dövləti qurmaqdır. İŞİD Suriyada da çox fəaldır və Əsəd ordusu indiyə qədər onlara heç toxunmadı. Əllərində saxladıqları bölgələrdən İraqa keçmək onlar üçün çox asan oldu. Telaferə qaçan ailələr geri dönə bilmir. Çünki İŞİD yollara mina döşəyib. Bundan xəbərsiz olanlar geri dönmək istərkən minaya düşür".