Makron Trampı etibarsızlıqda qınadı Dünya

Makron Trampı etibarsızlıqda qınadı

Pentaqon ABŞ əsgərlərinin Suriyadan çıxarılmasıyla bağlı fərmanın imzalandığını bildirir. Prezident Donald Tramp dekabrın 19-da əsgərlərin Suriyadan tamamilə çıxarılacağını açıqlamışdı. "Suriyaya dair fərman imzalanıb", – "Frans Pres" agentliyi ABŞ ordusunun sözçüsünü istinadla dekabrın 23-də axşam bildirib.
Azadlıq radiosu xəbər verir ki, CNN müdafiə rəsmisinin fərmanın imzalandığını təsdiqlədiyini xəbərləyib. Telekanalın başqa bir rəsmiyə istinadla verdiyi xəbərə görə, müdafiə naziri Ceyms Mattis sənədi imzalayıb. Tramp dekabrın 19-da Twitter-də paylaşdığı videoda elan edib ki, "Suriyada İslam Dövləti terror qruplaşması üzərində qələbə çalmışıq". O, ABŞ-ın qüvvələrinin hamısının vətənə qaytarılacağını elan edib.
Respublikaçı və demokrat konqresmenlər, keçmiş hökumət liderləri, beynəlxalq müttəfiqlər Trampın qərarını tənqid edib, ABŞ qüvvələrinin Suriyadan çıxarılmasını "tələsik" adlandırıb. ABŞ hərbçiləri 2015-ci ildən Suriyadan İslam Dövləti (İŞİD) terror qrupuyla savaşan ərəb və kürd döyüşçüləri dəstəkləyir. Opponentlərin fikrincə, ABŞ-ın Suriyadan çıxması kürd qüvvələrinə xəyanət deməkdir, onlar Türkiyə qüvvələrinin insafına buraxılmış olurlar. Ankara kürd döyüşçüləri Türkiyədəki kürd üsyançılarla əlaqələrdə ittiham edir.
Tənqidçilər onu da deyirlər ki, ABŞ-ın qüvvələrini çıxarması Suriyada İranla Rusiyanın qələbə çalmasına səbəb olar. Fransa prezidenti Emmanuel Makron dekabrın 23-də deyib ki, Trampın qərarından dərindən təəssüflənir. "Müttəfiq etibarlı olmalıdır", – o, sözlərinə əlavə edib.
Trampın ətrafındakılardan bəziləri açıq şəkildə onu qərarından döndərməyə çalışıblar. Tramp planlarını açıqlayandan sonra Mattis prezidentin xarici siyasətinə etiraz olaraq istefasını elan edib. İŞİD-ə qarşı qlobal koalisiyada Birləşmiş Ştatların əsas elçisi Brett Makruk da istefasını açıqlayıb.
2011-ci ildən Suriyada vətəndaş müharibəsi gedir. Rusiya və İran bu müharibədə Prezident Bəşər Əsəd dəstəkləyir. Birləşmiş Ştatlar və Türkiyə isə müxtəlif üsyançı qrupların arxasında durur. Bu müharibədə bütün tərəflər İŞİD-ə qarşıdır. 2014-cü ildə Suriyada, qonşu İraqda böyük əraziləri tutaraq İslam "xilafəti" elan edən İŞİD tutduğu yerlərdən əsasən çıxarılıb.