ABŞ Əfqanıstan müharibəsini uduzub Dünya

ABŞ Əfqanıstan müharibəsini uduzub

Donald Trampın ABŞ qoşunlarının Əfqanıstandan çıxarılacağını elan etməsi, ABŞ-ın bu ölkədə apardığı müharibədə məğlub olduğu, Vaşinqtonun yürütdüyü siyasətin isə daşa dirəndiyi bir şəraitdə atılmış düzgün addımdır. Bu haqda ABŞ-ın nüfuzlu "National Interest" dərgisində məqalə dərc olunub.
Müəllifin sözlərinə görə, ABŞ-ın məğlub olduğu müharibəyə son qoymaq cəhdləri təqdirəlayiq olsa da, Tramp administrasiyası hərbi kontingentin Əfqanıstandan çıxarılacağı təqdirdə bunun ağır fəsadlara yol açacağı kimi xam xəyallara qapılmamalıdır.
Məqaləyə əsasən, Vaşinqtonun Əfqanıstanda "asayiş" yaratmaq cəhdləri boşa çıxıb: Taliblər əvvəlki illərlə müqayisədə, daha geniş ərazilərə - az qala torpaqların 60 faizinə nəzarət edir, təhlükəsizlik səviyyəsinə gəldikdə isə, bu yaxınlarda baş vermiş insident (silahı hücum nəticəsində az qala ABŞ-ın Əfqanıstandakı qoşunlarının komandanı general Ostin Skott Miller həlak olmuşdu) vəziyyətin nə yerdə olduğunu göstərir.
"Tramp administrasiyasının "sinə döydüyü" yeni strategiyası yalnız bir istiqamətdə artıma səbəb olub: Əfqanıstana atılan bombaların kəmiyyəti artıb", - deyə "The National Interest" yazır.
"Röyter" agentliyi yayıb ki, ABŞ və Talibanın nümayəndələri bu gün Qətərin paytaxtı Dohada görüşəcəklər. Məlumata görə, görüş iki gün davam edəcək. Görüşdə ABŞ-dan başqa heç bir ölkənin iştirak etməyəcəyi açıqlanıb. Agentliyin başqa bir mənbəsi isə görüşdə ABŞ ordusunun Əfqanıstandan çıxarılması, girovların mübadiləsi və Taliban liderlərinin hərəkətinə qoyulan qadağanın ləğv edilməsinin müzakirə ediləcəyi bildirilib.
Qeyd edək ki, bundan öncə tərəflər arasında görüş BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilib. Görüşdə ABŞ-la yanaşı Pakistan və Səudiyyə Ərəbistanı nümayəndələri də iştirak edib.