Amerika qoşunlarının çıxarılmasından sonra ilk test Dünya

Amerika qoşunlarının çıxarılmasından sonra ilk test

2019-cu ildə Rusiyanın Suriya siyasəti nələrə hədəflənəcək?
Rusiyanın xarici siyasətdəki dəyişiklik ABŞ prezidenti Donald Trampın Suriyadan çıxmaq barədə dekabr bəyanatından əvvəl baş versə də, bu qərar Moskvanın yanaşmasına təsir edəcək. ABŞ-ın Suriyadakı koalisiyası yanvarın 11-də çəkilmə prosesinə başlayıb. Pentaqon sözçüsü Şon Rayan "Suriyadan qəsdən çəkilmənin" başlandığını söyləyərkən, "xüsusi müddət və ya yerdəyişmə" barədə "əməliyyat sirri"ni açmayıb. İlkin hesabatlara görə, ABŞ-ın bəzi qüvvələri Suriyanın şimal-şərqində Hasakə əyalətində yerləşən Rmeylan hərbi bazasından çıxıb. Müdafiə Nazirliyi rəsmiləri daha sonra qoşunların deyil, avadanlıqların çıxarıldığını bildirib.
"Strateq" "Əl-Monitor"a istinadən yazır ki, bundan bir gün əvvəl, yanvarın 10-da İran xarici işlər nazirinin baş köməkçisi Hüseyn Cəbəri Ənsari Suriya üzrə xüsusi elçi Aleksandr Lavrentyev, müdafiə nazirinin müavini Aleksandr Fomin və xarici işlər nazirinin müavinləri Sergey Verşinin və Mixail Boqdanovla danışıqlar üçün ikigünlük səfərlə Moskvaya gəlib. ABŞ-ın Suriyadan çıxışı halında yaranacaq vəziyyət müzakirə olunub, amma səlahiyyətlilər, həmçinin, İraq, Liviya, Sudan və Yəməndəki inkişaflarla əlaqədar fikirlərini paylaşıb və böhranı həll etmək üçün BMT-nin Yəməndəki xüsusi nümayəndəsi Martin Qriffitsin cəhdlərini dəstəkləyiblər. Suriyadan çıxmaq barədə qərar çoxlu qeyri-müəyyənlik yaradıb və Rusiya onun necə həyata keçiriləcəyinin intizarıdadır.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ABŞ-ın Suriyadan çəkilməsi ilə bağlı vəziyyət müxtəlif amillərə təsir göstərəcək. "ABŞ-ın Suriyadakı varlığının qorunması tərəfdarları Vaşinqtonda güclü mövqelərə sahibdirlər… ABŞ-ın Suriyadan birmənalı surətdə, fiziki, tam və şübhəsiz olaraq çəkilməsini təsəvvür edə bilmirəm". Moskvada əksəriyyət hələ də ABŞ-ın hərbi birləşmələri – xüsusi qüvvələr, CIA əməliyyatları və ya hərbi işlər üzrə məsləhətçilər – Suriya-İraq sərhədində İranı çəkindirmək üçün saxlanılacağına inanır. Ancaq Trampın qərarı yeni reallıq kimi qəbul edilir və artıq siyasi cəhətdən həll olunur.
Bu mənada, milli təhlükəsizlik məsləhətçisi Con Bolton və dövlət katibi Mayk Pompeo arasında çəkişməyə baxmayaraq, geri çəkilmə məsələsi ucbatından Moskva və Yaxın Şərqdəki maraqlı tərəflərlər gələcək addımlarını hesablayırlar. Diplomatik olaraq bu, Rusiyanın ümumi fəaliyyət planını dəyişmir. Moskva 2018-ci ildə irli sürüən təşəbbüsləri – Konstitusiya komitəsinin yaradılması, qaçqınların qaytarılması və Bəşər Əsəd hökumətinin legitimləşdirilməsi istiqamətində, habelə ölkəni yenidən qurmaq üçün vəsait axtarmağa çalışır.
Regional səviyyədə, ilk hədəf üçün Rusiya Suriya üzrə BMT-nin yeni nümayəndəsi Qeyr Pedersen ilə birlikdə maraqlı və uyğun müxalifət qrupları və yerli məclislərlə əlaqələrin artırılmasına ehtiyac duyacaq. İkincisi, ən çox qaçqın qəbul edən ölkələr – Türkiyə, İordaniya və Livanla daha səmərəli əməkdaşlıq axtaracaq. Üçüncüsü, Körfəz monarxiyalarının vəsait ayımasına istiqamətlənəcək.
Bölgənin xaricində o, Fransa, Almaniya və bəlkə də İtaliya, siyasi bir aktyor olaraq Aİ-nin "gəmiyə minməsi"ni gözləyir. Avropalılarla iş birliyinin mümkün olmaması Rusiyanı həmin kursdan yayındırmayacaq. Moskva prosesə liderlik edir və bunu Paris, Berlin və Brüssellə birlikdə və ya təklikdə edəcək.
İran və Türkiyə ilə davam edən danışıqlar göstərir ki, Astana formatı hələ də münaqişəni müzakirə etmək və öz gündəmlərini irəli sürmək üçün ən yaxşı platformadır. Moskva Ankara və Tehranın "zəruri üçbucağı"nda il ərzində qütbləşə bilər, amma Türkiyə və İran Suriyada Rusiyanın mühüm tərəfdaşı olaraq qalacaq.
2018-ci ildə iki əsas strateji meyl inkişaf edib ki, bu da Rusiya üçün bölgənin siyasi modelini müəyyən edəcək. Birincisi, Moskva Suriyaya daxil olduqda, qarşıya qoyduğu üç əsas hədəf – Əsəd hökumətini dəstəkləmək, terrorçuları məğlub etmək və Qərbin təcridindən yayınma vardı. Rus yanaşması mübahisəli təhdidlərə əsaslanırdı. Suriyadakı kampaniyanın üç yaşı var, Əsəd çox istiqrarlı görünür, heç bir terror qrupu Suriya və ya Rusiyaya mühüm təhlükəsizlik problemi yaratmır.
Müasir beynəlxalq əlaqələr dəyişkən olsa da, Rusiyanın Yaxın Şərqdə enerjili brokerliyi, effektiv şəkildə balans yaratma imkanları yüksək qiymətləndirilir. Moskva bölgənin bir sıra yerlərində təhlükəsizliyin idarə edilməsi, enerji, silah satışı və s. sahələrdə tərəfdaşlıq axtarır. İkincisi, ilk mərhələlərdən bəri Suriyadakı münaqişə üç səviyyədə inkişaf edir: beynəlxalq, regional və yerli.
Münaqişənin beynəlxalq ölçüsü Moskvadan qlobal güc statusu tələb edir və Vaşinqton bunu inkar etməyə çalışır. ABŞ səhnəni tərk etsə də, "böyük güc" ölçüsü digər bölgələrdə davam edəcək, ancaq Suriyada artıq Birləşmiş Ştatlar məğlub görünür. Ancaq regional səviyyədə yarışma bitməyib.
Yerli səviyyəli dinamika qarışıqdır. Suriyada Əsəd rejiminə qarşı hələ də çoxlu müxalif olsa da, onun hakimiyyətdə qalması üçün kifayət qədər dəstək mövcuddur. Regional səviyyəli düşmənçiliyin yeni yüksəkliklərə çatması lazım olsa, yerli oyunçuların proksi kimi istifadə etdiyi müxtəlif radikal terrorist qruplar son faydalanan tərəflərə çevriləcək.
Vəziyyət Moskvanı bölgədə rolunu və imicini daha da möhkəmləndirmək üçün öz siyasi kapitalını ehtiyatla sərf etməyə təşviq edir. O, Yəməndəki münaqişə və Liviyadakı problemə nəzər yetirir, Fələstin faylının həllinə səy göstərərək bölgəyə işlək modellər təklif edir. Yaxın Şərq – kazino üslubunda qumardır. Elə ki udduğunuzu güman edirsiniz, qəfildən bütün qazandıqlarınızı tədricən itirirsiniz. Moskva özü üçün yaradılan imkanlarından ən yaxşı şəkildə istifadə etməsi üçün ehtiyatlı və müdrik olmalıdır. ABŞ qoşunlarının çıxarılması bu baxımdan ilk testdir.