Yaxın Şərqdə yeni dövlət yaradılır Dünya

Yaxın Şərqdə yeni dövlət yaradılır

Bu hansı dövlətlərin marağındadır?

Cavid

Kürd dövlətinin yaradılması məsələsi yenidən gündəmə gəlir. Yaxın Şərqin dörd önəmli ölkəsi - Türkiyə, İran, İraq və Suriyaya səpələnmiş kürd qrupları son dövrlər fəallaşıblar. Bir qədər əvvəl Britaniyanın "The Times" qəzeti kürdlərin yeni dövlətlərini yaradacaqlarını yazıb. İlk kürd muxtariyyətinin məhz Türkiyənin dəstəyi ilə şimali İraqda qurulduğunu yazan məqalədə hazırda Şimali İraqın müstəqil kürd dövlətinə çevrilməsi üçün iqtisadi imkanlarının formalaşdığı yazılır.
"İraq Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının İraq şəhərlərinə hücumu isə bu istəyin həyata keçirilməsi üçün katalizator rolunu oynadı. Bağdad və Ərbil arasında qırılma son illər yetişirdi.
Şimali İraq kürd regional rəhbərliyi müstəqillik haqqında referendumun keçirilməsi məsələsini qaldırıb. Nuri əl-Malikinin rəhbəri olduğu mərkəzi hökumət öz bacarıqsızlığını yalnız hərbi deyil, həm də siyasi baxımdan bütün aşkarlığı ilə göstərdi.
İyulun 3-də Şimali İraq kürd muxtariyyətinin lideri Məsud Bərzani müstəqil seçki komissiyasının formalaşdırılması xahişi ilə regional parlamentə müraciət edib. Yeni struktur referendum hazırlıqlarına başlamalıdır. O, öz mövqeyini əsaslandıraraq bildirib ki, İŞİD-in Mosula hücumundan dörd gün əvvəl kürd muxtariyyəti Nuri əl-Maliki hakimiyyətinə terror hücumlarına qarşı mübarizə aparmaq üçün əməkdaşlıq təklif edib. Amma bu təklif rədd edilib.
Demək olar ki, İŞİD-in hücumları kürdlərin işinə yaradı. Kürdlərin peşmərgə qüvvələri yaranmış boşluqdan istifadə edərək Kərkükü nəzarət altına aldılar və gələcəkdə də onu saxlamaq niyyətindədir. Yaxın Şərqdə heç bir başqa güc, məsələn, ABŞ və Türkiyə İŞİD hücumundan İraqın şimal ərazilərinin müdafiəsi üçün qərar vermədi. Mosuldan sonra Kərkükün də terror təşkilatın əlinə keçməsi vəziyyət daha da gərginləşdirərdi. İndiki halda isə ABŞ, Türkiyə və İsrailə regional ekstremist qrup olan İŞİD deyil, öz hərbi-siyasi əsaslılığını göstərmiş, qərb partnyorlarına loyal olan Ərbildəki kürd hökuməti daha sərfəlidir.
Dünyanın supergücü ABŞ, həmçinin regional güclər İsrail və Türkiyə müstəqil kürd dövlətinin yaradılmasında maraqlıdır. İsrailin baş naziri Benyamin Netanyahu 29 iyunda müstəqil kürd dövlətinin yaradılmasının məqsədəuyğunluğunu dilə gətirib. Eyni mövqeyi İsrail xarici işlər naziri Aviqdor Liberman da bildirib. Artıq sirr deyil ki, İŞİD-in özü Amerika Yaxın Şərq siyasətinin məhsuludur. İraqın bölünməsi ABŞ üçün məntiqi sonluq ola bilərdi. İsrail və Türkiyə isə kürd dövlətinin yaranması ilə "neft çəlləyi" olan Kərkükə giriş əldə edir.
Müstəqil Kürdüstan dövlətinin yaradılması Yaxın Şərqdə yalnız güclərin siyasi bölgüsünə təsir etməyəcək, eyni zamanda regionun neft xeyirlərinin bölgüsünə də təsir edəcək. Böyük neft ehtiyatları Yaxın Şərqin xəritəsinə əhəmiyyətli dəyişikliklər gətirə bilər. Kürdlər 2014-cü ilin sonuna kimi neft ixracının gündəlik həcmini 500 min barrelə, yaxın dörd ildə isə 2 milyon barrelə çatdırmağı hədəfləyir. Kərkükün birləşməsi də gələcək dövlətin neft potensialını gücləndirəcək.
Türkiyə şərhçiləri Ankara və Ərbilin qarşılıqlı cazibəsini yalnız neft və qazla izah etməməyə çalışırlar. Şimali İraq rəhbərliyi Ərdoğan hökuməti ilə kürdlər arasındakı sülh danışıqlarına əhəmiyyətli təsir göstərir.
Vaşinqtonun müstəqil kürd dövlətini dəstəkləməsinə gəlincə, amerikalılar regionun şimalında yaranacaq bir dövlətdə hərbi baxımdan yerləşmək imkanı qazanacaqlar. İsrail isə ona düşmən ərəb ölkələrinin içində ona loyal olan siyasi rejim əldə edəcəklər. Kürd dövləti həmçinin İsrailə Türkiyə ilə çətin münasibətlərdə manevr imkanı verəcək. Kürd dövləti həmçinin İsrailə İrana qarşı da bir meydan rolunu oynaya bilər.
Ədalət və İnkişaf partiyası baş katibinin köməkçisi Hüseyn Çelik "Financial Times" qəzetinə müsahibəsində deyib: "Əvvəllər müstəqil kürd dövləti Türkiyə üçün qəbuledilməz idi. Hətta Kürdistan adı insanları əsəbiləşdirirdi. İndi onların adı Kürdistandır və bunu qəbul etmək lazımdır".
Onun sözlərinə görə, əgər İraq parçalanarsa, Türkiyə ölkədəki kürdlərə dəstək olmalıdır: "Çünki onlar bizim qardaşlarımızdır".
"Financial Times" qəzeti isə Hüseyn Çelikin dediklərini belə şərh edib: "Türkiyə İraqda müstəqil Kürdistan dövlətinin yaradılacağına və tanınacağına işarə verdi".
Ankara Universitetinin doktorantı, politoloq Orxan Qafarlı son dövrlərdə bölgədə kürd tayfalarının, xüsusən də Suriyada olan və proseslərin gedişində istər-istəməz meydana atılan kürd qruplarının bu istiqamətdə fəal işlədiyini bildirib: "Bölgədə dövləti olmayan, amma regionda status-kvonu poza biləcək, silahlı qruplaşmaları olan kürd təşkilatları var. "Soyuq müharibə" illərindən sonra ən çox müzakirə edilən məsələ Yaxın Şərqdə Kürdüstan dövlətinin qurulmasıdır. 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra biz Şimali İraq kürd muxtar vilayətini gördük. Türkiyənin içində PKK terror təşkilatını zərərsizləşdirmək üçün Anadoluda kürdlərlə fəal iş aparılır. "Kürd açılımı", konstitusiya islahatları keçirilməkdədir. Suriyada PYD (kürd partiyası) PKK-nın qolu olaraq kürd tayfaları ilə görüşlər keçirərək muxtar vilayətin qurulmasına dəstək istəyir. Suriyada tayfa başçıları zamanında Bəşər Əsədlə yaxın münasibətdə olub. Hətta Suriyada vətəndaş müharibəsi başlayanda Bəşər Əsəd tayfa başçıları ilə razılaşma əldə etmişdi ki, müxaliflərin kürd ərazisini ələ keçirməyinin qarşısı alsın və sabitlik qurulduqdan sonra onlarla bu bölgəni idarə edəcəklər. Kürd tayfaları ilkin mərhələdə buna razılıq vermişdi. Amma bu razılıq tam deyildi. Çünki arada Bərzani liderliyi, PKK və Türkiyə dövləti var idi. Bu il iyul, avqust aylarında Türkiyədə kürd siyasiləri, PKK bu bölgədə KCK (Türkiyədə PKK-nın siyasi qolu) muxtar vilayət qurulmasını haqqında qərarı haqda danışılır və KCK öz siyasi mesajını Suriyaya ötürüb. Beləliklə, bu prosesdə Öcalan komandası liderlik etməyə başlamışdı. Ancaq buna cavab olaraq İraq kürdləri çevik hərəkətə gələrək, Bərzani ilə Öcalan rəqabətinə baxmayaraq Molla Bərzani bu ideyanı özününküləşdirdi. Məqsəd də kürd coğrafiyasında liderlik mərkəzinin Türkiyəyə keçməsinin qarşısını almaq idi. Və bu gün kürd qrupları arasında Kürdüstan coğrafiyasının siyasi mərkəzinin Şimali Kürdüstan yoxsa Diyarbəkir olması rəqabəti də var. Suriyada tayfaların hər iki halda itirəcəyi heç bir şeyi yoxdu. Bu səbəbdən bu təklifi dəyərləndirib müsbət qəbul etdilər.
Bölgədə yeni kürd dövlətinin qurulması ilə bağlı ehtimallara gəlincə, O.Qafarlıya görə hazırda hər 4 ölkədə kürd muxtariyyətinin qurulması prosesi gedir: "Türkiyədə PKK-nın sivil qanadı olan KCK sənədlərində dövlət qurulması ilə bağlı strategiyada göstərilir ki, Kürdüstan coğrafiyasında Suriya, İran, İraq və Türkiyədə muxtar vilayətlərin qurulması birinci hədəfdir. İkinci hədəf bu vilayətlərdən ortaq Kürdüstan Konqresi qurulacaq. Sonda bu vilayətlər birləşəcəklər. Üç mərhələ göstərilir. Bu mərhələlərin ardıcıl şəkildə davam etməsinin vacib olduğu qeyd edilir. Bu halda kürd xalqı minimum itki verəcək.
Ancaq bu gün konsepsiyaya baxıb və bu prosesin kürdlər için çox rahat keçəcəyini demək çətindir. Çünki daxildə kürd qrupları arasında liderlik mübarizəsi var. Məsud Bərzani ilə Abdulla Öcalan arasında, ayrı-ayrılıqda bu dövlətlərdə olan aşirətlər arasında, silahlı qruplar və ən önəmi Avropada olan kürd diasporası və bu coğrafiyada yaşayan kürdlər arasında gizli mübarizə var".
Beynəlxalq Strateji Münasibətlər İnstitutunun araşdırmaçı-eksperti Çağatay Balcı isə bildirib ki, İŞİD-in şəhərləri bir-birinin ardınca ələ keçirməsinin qarşılığında İraq qoşunlarının geri çəkilməsi düşündürücüdür. Ona görə də dövlət ordusunun niyə belə etdiyi araşdırılmalıdır: "İkincisi isə, Con Kerrinin İraqa səfəri ümumilikdə İraqın ABŞ-dan İŞİD-ə qarşı kömək istəməsinə cavab sayılır. Kerri öncə Bağdadda İraqın milli təhlükəsizliyini, İŞİD-ə qarşı birlikdə hərəkət edib-etməmək məsələsini dəyərləndirib. Sonra isə Ərbilə yollanaraq İraqın ərazi bütövlüyü ilə bağlı Bərzani ilə çoxdan hazırlanmış ssenariləri müzakirə edib. Bu baxımdan iki ehtimal üzə çıxır: İraq rəsmən 3 fərqli dövlətə parçalanacaq, İraq 3 muxtar bölgədən ibarət federal dövlətə çevriləcək. Ancaq Bərzaninin açıqlamasına baxdıqda. Birinci ehtimalın mümkünlüyü daha çox inandırıcıdır". Balcı onu da qeyd edib ki, Türkiyədə artıq iki ildir kürd probleminin çözülməsi prosesi gedir. İctimaiyyətin maraqları baxımından dəyərləndirildikdə, bu proses uğurla nəticələnərsə, yəni ölkədə sülh bərqərar olunarsa və kürd problemi tam çözülərsə, Türkiyə daha da güçlənəcək: "Təbii ki, Tükiyədə icra olunan bu prosesin müsbət yekunlaşmaması üçün çalışan dövlətlər də mövcuddur. Hansı ki, mən şəxsən onların istədiklərinə çatmayacaqlarını düşünürəm. Çünki Türkiyədə yaşayan kürdlər dövlətmizdən ayrılmaq, Bərzaninin xəyal etdiyi müstəqil Kürdistanda yaşamaq istəmirlər. Türkiyədəki kürdlər, sadəcə, bu ölkədə azad yaşaya bilmək arzusundadırlar. Türkiyənin İraq Kürdistanının müstəqilliyini dəstəkləməsi son dərəcədə təbiidir. Çünki Türkiyənin mənfəətləri bunu diqtə edir. Əgər İraqda müstəqil Kürdistan qurularsa, xüsusilə neft yataqları məsələsində Türkiyə böyük gəlirlər götürəcək. Bu yerdə Türkiyənin Kürdistana yatırımlar qoymaq öhdəliyini də nəzərdən qaçırmayın. Yəni Kürdistan Türkiyə üçün ixrac bazarı və sərmayə meydanı. Xüsusilə də inşaat sahəsində".
Onu da bildirək ki, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani yerli parlamentdəki çıxışında müstəqillik referenduma hazırlıq üçün seçki komissiyasının qurulmasını istədiyi bildirilir.
Küdüstan Demokratik Partiyasından Ferhad Sofi Bərzaninin komissiya qurulmasını istəməsini təsdiqləyib. Digər kürd millət vəkilləri isə Bərzaninin referendum üçün dəqiq tarix bildirmədiyini deyiblər.
Bərzani özü isə xarici mətbuata açıqlamasında, "Müstəqilliyin bütün şərtləri hazırdı. Artıq bundan geri dönüş ola bilməz" - deyib. "İraq ordusu cənubda İŞİD militanlarına qarşı döyüşmədən qaçınca Peşmərgə, Kərkük və bölgədəki digər şəhərlərə girdi. Artıq İraqın cənubunda önəmli bir hissə kürdlərin kontrolu və təhlükəsizliyi altındadı. Bu vəziyyət təbii olaraq burdakı insanların müstəqillik istəklərini artırmışdır. 2003-cü ildə Səddam Hüseyn devrildikdən sonra bütün dini və etnik kökənli xalqların demokratik haqlarına qovuşduğu çoxpartiyalı bir dövlət yaratmaq imkanı var idi. Əgər bu edilsəydi, kürdlər də haqlarına qovuşardılar və bu gün kimsə "Müstəqil Kürdistan" məsələsindən danışmazdı".
ABŞ rəhbərliyi isə müstəqillik referendumuna qarşı olduğunu bildirib. Ağ ev təmsilçisi Josh Earnest, "Biz birləşmiş İraqın daha güclü olacağına inanmağa davam edirik", - deyib.
Yeri gəlmişkən, dünən Məsud Bərzani Türkiyəyə rəsmi səfərə gedib. Bu barədə məlumatı "Anadolu" agentliyinin İKYA-dakı müxbiri yerli diplomatik mənbələrdən əldə edib.
Məlumata görə, səfərdə Bərzanini baş nazirin müavini Qubad Tələbani, təbii sərvətlər naziri Əşti Həvrami, maliyyə naziri Rebaz Muhamməd və hökumətin məruzəçisi Sefin Dizayi müşayiət edib.
Görüş zamanı Ərdoğanla Bərzani İraqda İŞİD qalmaqalı, hökumət qurma fəaliyyəti, Türkiyə ilə İKYA arasındakı enerji məsələləri və iraqlı mültəcilərə humanitar yardım mövzularını müzakirə ediblər.