“Qeyri-qanuni işğala son qoyulması üçün...” Dünya

“Qeyri-qanuni işğala son qoyulması üçün...”

Almaniyalı deputat: "Qərb və Rusiya Ermənistana təzyiqlərini gücləndirməlidir"

Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz üzrə Parlament qrupunun sədri, millət vəkili Yohannes Kahrs (SPD fraksiyası) Almaniyanın "Hauptstadt İNSEDER" nəşrində (08.08.2014) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bəyanatla çıxış edib.
Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, bəyanatda deyilir ki, artıq bir neçə gündür Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin mütəmadi pozulması ucbatından günahsız insanlar həlak olur: "İyirmi bir ildir ki, BMT vasitəçilik etməyə çalışır. BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini rəhbər tutan beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ və 7 ətraf rayondan Ermənistan işğalçı qüvvələrinin dərhal çıxarılmasını tələb edir. Amma bu məsələdə heç bir müvəffəqiyyət əldə olunmayıb. Son əsgər ölümlərindən sonra Qərb dövlətləri ilə Rusiya bu qeyri-qanuni işğala son qoyulması üçün Ermənistana təsir imkanlarını gücləndirməlidir. Əks halda Qafqazda növbəti müharibə ocağı ilə üzləşməli olacağıq".