Rusiyanın sərhəddə 45 minlik ordusu Dünya

Rusiyanın sərhəddə 45 minlik ordusu

NATO yaranmış vəziyyətdən narahatlığını bildirib

Cavid

Rusiya Ukrayna sərhədinə 45 min nəfərlik ordu yığıb.
Ukrayna hökumətindən verilən açıqlamada bildirilir ki, Rusiya ordusu tam döyüşə hazır vəziyyətdədir: "Rus əsgərləri 160 min tank, 390 top, təxminən 150 mərmi, 192 döyüş təyyarəsi və 137 hücum vertolyotu ilə dəstəklənir".
Qeyd edək ki, Rusiya Ukraynaya humanitar yardım etməyə hazırlaşdığını bəyan edib.
Ukrayna və Avropa isə Rusiyanın humanitar yardım adı altında işğal planlarını həyata keçirəcəyindən ehtiyatlanır.
Onu da bildirək ki, humanitar yardım aparan yük maşınları gecə saatlarından etibarən Moskvadan Rusiyanın cənub-qərb sərhədlərinə doğru hərəkət edib.
Bu barədə RİA Novosti agentliyi məlumat yayıb.
"Maşın karvanı Şərqi Ukrayna sakinlərinə moskvalılar tərəfindən göndərilmiş təxminən 2 min ton humanitar yardım aparır", - deyə məlumatda bildirilib.
Humanitar yardım karvanı 280 "KamAZ"dan ibarətdir. Yardımların əksəriyyətini dənli bitkilər, şəkər, uşaq yeməkləri, tibbi ləvazimat və dərmanlar, 12 min yataq kisələri təşkil edir.
NATO-nun baş katibi Rasmussen Rusiyanın Ukrayanaya müdaxiləsinin getdikcə reallaşdığını deyib.
O, apardığı təhlillərdən sonra belə qərara gəldiyini açıqlayıb. Onun sözlərinə görə, humanitar yardım adı altında Ukraynaya girmək, həmçinin sərhədlərdən Rusiya qoşunlarının geri çəkdirilməməsi belə iddianı irəli sürməyə əsas verir.
Jurnalistlərin "Siz necə düşünürsünüz, Rusiyanın Ukraynaya təcacüzü realdırmı" sualına cavabında baş katib dilə gətirib ki, bu təhlükə hər keçən gün daha da artmaqdadır. Onun sözlərinə görə, qurum Rusiyanın istənilən humanitar yardım aksiyasını işğal kimi qiymətləndirəcək.
Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk isə özünün Feysbuk səhifəsində yazıb ki, Ukrayna ordusu separatçılara qarşı bir neçə istiqamətdə hücuma keçməyə hazırlaşır.
"Şaxtyorsk-Torez-Snejnoe-Krasnıy Luç istiqamətində hücum hazırlığı həyata keçirilir. Eyni zamanda aviasiya və artilleriya Şaxtyorsk, Torez, Snejnoenin müdafiəsini möhkəmləndirməyə yollan terrorçu qruplaşmaları məhv edib. Anti-terror qüvvələri Qorlovkanı Donetsklə birləşdirən yola nəzarət edirlər. Qorlovkadakı terrorçular qondarma Donetsk Xalq Respublikasından təcrid olunublar", - deyə Tımçuk bildirib.
Rusiya prezidenti Vladimir Putin avqustun 14-də Ukraynanın tabeliyində olan, ancaq sonradan referendum vasitəsilə Rusiyaya birləşdirilən Krıma işgüzar səfər edəcək.
Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Vladimir Putin cümə axşamı Krıma baş çəkəcək və Dövlət Dumasının deputatları qarşısında çıxış edəcək. Dövlət Dumasının bütün fraksiyaları görüşdə iştirak edəcək", - deyə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Peskov əlavə edib.
Peskov vurğulayıb ki, Vladimir Putin görüşünü Yaltada keçirəcək. Prezidentin həmçinin Sevastopolda da görüşlər keçirəcəyi gözlənilir.
Rusiya ətrafında baş verən hadisələrlə əlaqədar politoloqlar qorxulu proqnozlar verir.
Bir çox siyasətçilər və politoloqlar hesab edir ki, Rusiya 3-cü dünya müharibəsinə sürüklənir.
Rusiya Liberal Demokrat Pariyasının lideri Vladimir Jirinovski "Rossiya 24" telekanalına müsahibəsində bildirib ki, 3-cü dünya müharibəsi ilə bağlı qərarı yalnız Rusiya prezidenti Vladimir Putin qəbul edə bilər. Onun sözlərinə görə, Putin artıq qərarını verib.
Jirinovskinin bu açıqlamasını şərh edən rusiyalı politoloq Stanislav Belkovski bildirib ki, 3-cü dünya müharibəsi daha çox Kremlə lazımdır. Müharibə yolu ilə Rusiya Avropadan müəyyən güzəştlər əldə etmək istəyir. Çünki hər tərəfində sabitliyin hökm sürdüyü Avropa 3-cü dünya müharibəsinə hazır deyil.
Politoloqun sözlərinə görə, Krımdakı vəziyyət, ümmumiyyətlə Ukraynada baş verənlər növbəti böyük müharibəyə doğru gedir. Rusiyaya qarşı tətbiq edilən sərt sanksiyalar bunu daha da sürətləndirir.
Bu arada Norveç də Rusiyaya qarşı Avropa Birliyinin sanksiyalarına qoşulacaq. Norveç hökuməti Rusiya iqtisadiyyatı barəsində Avropa İttifaqının sanksiyalarına qoşulmağa qərar verib.
Bu haqda Norveçin Xarici İşlər Nazirliyi sərəncam imzalayıb. 6 avqustda Rusiya prezidenti Vladimir Putin Rusiya barəsində sanksiyalar qəbul edən ölkələrdən Rusiyaya xammalı, kənd təsərrüfatı məhsulunu və ərzağı idxal etməyi qadağan edib.
7 avqustda isə Rusiya Nazirlər Kabineti Avstraliyadan, Kanadadan, Avropa Birliyindən, ABŞ-dan və Norveçdən ətin, quşun, balığın, pendirlərin, südün və meyvə-tərəvəz məhsulunun çatdırılmalarına qadağa qoyub.
Avropa komissiyasının sədri Joze Manuel Barrozu Vladimir Putinə bu məsələ ilə bağlı Avropa İttifaqının cavab addımının olacağını bildirib.
Rusiya prezidenti Vladimir Putin isə Avropa Komissiyasının başçısı Joze Manuel Barrozu ilə telefonla danışıb.
Bu haqda informasiyanı Rusiya prezidentinin rəsmi saytı yayıb.
Xəbərdə deyilir ki, telefon danışığında rəsmilər Avropa Birliyi ilə Rusiyanın əməkdaşlığını müzakirə ediblər.
Tərəflər həmçinin Ukrayna ilə Avropa Birliyi arasında imzalanan assosiasiya sazişi və Rusiyaya qarşı qərbin tətbiq etdiyi sanksiyalar haqda da danışıblar.
Putin qeyd edib ki, rəsmi Moskva Qızıl Xaç cəmiyyətinin xəttilə Ukraynaya humanitar yardım göndərir.
Qeyd edək ki, Barrozu bu telefon danışığından öncə Ukrayna prezidenti Petro Poroşenko ilə də əlaqə saxlayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın şərqindəki əhaliyə humanitar yardımın göstərilməsinə Qərbin etiraz eləməsini "qaba həyasızlığın təzahürü" adlandırıb.
"Əgər doğrudursa ki, məhz üç lider (ABŞ, Almaniya və İngiltərə nəzərdə tutulur - red.) razılaşıblar ki, Ukraynanın cənub-şərqinin heç bir humanitar yardıma ehtiyacı yoxdur, çünki bütün zəruri tədbirlər görülür, onda bu, qaba həyasızlığın bir təzahürüdür". Bunu isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O, ABŞ dövlət katibi Con Kerriyə Ukraynanın şərqində humanitar fəlakətin qarşısının alınmasının vacibliyini qeyd edib. Rusiyanın Krımdan olan "deputatı" Olqa Kovitidi isə bildirib ki, regiona epidemiya başlaya bilər.
Qeyd edək ki, ABŞ və Avropa Moskvanın "humanitar yardım" adı ilə Ukraynaya hərbi müdaxilə edib separatçılara köməyə gələ biləcəyindən narahatdır. Bu səbəbdən hazırda terrorçuların faktiki mühasirə vəziyyətinə düşməsindən qəzəblənən Rusiya vəziyyətdən çıxış yolu arayır.
O da bildirilib ki, Ukrayna ordusunun 24-cü briqadası dünən Zaporojye şəhərində etiraz aksiyası keçiriblər.
"novorus.info" saytı xəbər verir ki, əsgərlər onlara əmr verən yüksək rütbəli hərbçilərə etibar etmədiklərini bildiriblər: "Getmişik ön cəbhəyə, deyirlər, ancaq müşahidə et. Müşahidə edə-edə 200 adam itirdik. 72, 79 və 24-cü briqadaları eyni cərgəyə düzməyi kim əmr edib" Eyni zamanda hər 3 briqada atəş altına düşdü.
Mətbuat xəbər verirdi ki, mühasirədən çıxmışıq, bizə guya dəhliz açılıb. Amma həmin vaxt odun-alovun içində idik. Bizi sallaqxanaya gətirilmiş heyvan kimi qırırdılar. Həmin vaxt isə TV-lərdə Zaporojyedə guya istirahət etdiyimiz haqda reportaj verirdilər.
56 gün döyüşdə olmuşuq. 10 günlük istirahət düşür. İndi də texnika boşaltmağa gətiriblər. Biz insani rəftar istəyirik".
Hərbçilərin etirazı hadisə yerinə general-mayor Sergey Nayev gələndən sonra səngiyib. Hazırda əsgərlər istirahət üçün evlərinə yollanıblar.
Yeri gəlmişkən, Avropa Birliyi Latın Amerikası ölkələrinə müraciət edərək bu ölkələri Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırıb.
Xarici məitbuatın verdiyi xəbərə görə, Braziliya və Çili Rusiya Federasiyasının ətə olan tələbatının ödənilməsində böyük rol oynayır. Rusiya latın Amerikası ölkələrindən həm böyk miqdarda kənd təsərrüfat məhsulları almaqdadı. Avropa Birliyinin bildirdiyinə görə, əgər bu ölkələr Rusiya ilə ticarəti bir müddət dondursalrar, Rusiya çox ciddi iqtisadi böhran keçirəcək. Qeyd edək ki, hazırda Braziliyanın çoxlu sayda iri müəsisələri Rusiyaya böyük ölçüdə ət ixracı ilə məşğuldu. Çili isə Rusiyanı dəniz məhsulları ilə təmin etməkdədi. Avropa Birliyi hazırda bu ölkələrlə danışıqlar apararaq onları Rusiya ilə əlaqəlrini kəsməsini istəyir.
Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan isə Ukrayna prezidenti Pyotr Poroşoenkoya zəng vurub. Ərdoğan Türkiyənin Ukraynaya dəstək olduğunu açıqlayıb.
Ərdoğan Donetsk və Krımda son vəziyyətlə maraqlanaraq, Ukraynaya dəstək verdiklərini və Türkiyənin tərəflər arasında baş tuta biləcək dialoqa vasitəçi ola biləcəyini bildirib.