Tramp Türkiyəyə tətbiq edəcəyi sanksiyaları niyə gecikdirir? Dünya

Tramp Türkiyəyə tətbiq edəcəyi sanksiyaları niyə gecikdirir?

"Atlas" Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev qəzetimizə açıqlamasında bu suala cavab verib. Ekspert qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Türkiyənin Suriyada başlatdığı "Barış Pınarı" əməliyyatı barədə demək olar ki, hər gün açıqlama yayır. Trampın gündəlik açıqlamalarında Türkiyəyə qarşı tətbiq ediləcək sanksiyalar daimi müzakirə mövzusu olaraq qalır. Diqqət çəkən məqam isə ondan ibarətdir ki, Trampın sanksiya ilə bağlı bəyanatları hər zaman qeyri-qəti gələcək zaman formasında olur. "Əgər Türkiyə qırmızı xətti keçərsə ona güclü sanksiya tətbiq edərik, sanksiyalarla bağlı müzakirə aparırıq, prosesləri yaxından izləyirik" və.s tipli açıqlamalarda Trampın qeyri-əminliyi hiss olunur. Bəs Rusiya, Şimali Koreya və bu kimi hegemon dövlətlərə qarşı ən kiçik anlaşılmazlıqlarda güclü sanksiya tətbiq edən fövqəl dövlət ABŞ-ın Türkiyə ilə bağlı qərarda bu cür tərəddüd içərisində qalmasının səbəbi nədir?
Əslində bu sualın cavabı 1970-ci illərdə Türkiyə ilə ABŞ arasında cərəyan edən
proseslərdə gizlidir. Türkiyə Kiprdə hərbi əməliyyatlara başlayanda ABŞ-ın rəsmi Ankaraya qarşı tətbiq etdiyi sanksiyalara qarşılıq olaraq İncirlik hərbi bazası 1974-1975-ci illərdə bir müddətlik bağlanmışdı. Daha sonra ABŞ sanksiyaları qaldırdıqdan sonra hərbi baza Ankara tərəfindən yenidən istifadəyə verildi. Hal-hazırda Tramp administrasiyasının ən çox ehtiyatlandığı hadisə budur. Xatırladım ki, Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu İyul ayında verdiyi açıqlamasında "ABŞ bizə sanksiya tətbiq edərsə, biz də İncirliklə bağlı düşünərik" demişdi. Düzdü o zaman bu söz S-400 raketlərinin alınmasına qarşı olaraq ABŞ-ın qoyacağı sanksiyalara qarşılıq olaraq deyilmişdi, amma nə fərqi var ki? Mahiyyət eynidir. Bu səbəbdən də Türkiyənin başlatdığı əməliyyatlara sadəcə söz yığınağı ilə reaksiya bildirə bilirlər.