Ərdoğanı çətin səfər gözləyir Dünya

Ərdoğanı çətin səfər gözləyir

“Hələ ABŞ-da Türkiyəyə qarşı bu qədər qəzəbi görməmişdim”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon söhbətindən sonra noyabrın 13-də Vaşinqtona gedəcəyini təsdiqləyib. ABŞ Nümayəndələr Palatasının türk millətçi düşüncələri üçün təhqiramiz hərəkət olan Osmanlı İmperiyasının 1915-1923-cü illər arasında ermənilərin kütləvi şəkildə qətlə yetirməsi barədə qanun qəbul etməsindən sonra Türkiyə liderinin səfəri ləğv edə biləcəyi ilə bağlı yayılan fərziyyənin ömrü sona çatıb.
Strateq “Əl-Monitor”a istinadən yazır ki, Konqres üzvləri Türkiyə rəsmilərini və iqtisadiyyatını hədəfə alacaq çoxsaylı sanksiya paketlərini təqdim etdikləri üçün Ərdoğanın səfəri, ehtimal ki, Ankaranın Suriyaya hərbi müdaxiləsindən və Rusiya istehsalı müdafiə sistemlərinin əldə edilməsindən sonra zədələnmiş ABŞ-Türkiyə münasibətlərinin bərpasına yönəldiləcək.
“Global Source Partners”-in siyasi təhlilçisi Atilla Yesilada “əl-Monitor”a bildirib: “Səfərin vacib tərəfi Ərdoğanın hələ də Türkiyəyə rəğbət bəsləyən bəzi nüfuzlu senatorlarla görüşə bilib-bilməyəcəyidir. O, senatorları sanksiyaların tamamilə səmərəsiz olduğuna inandırmalıdır”.
Yesilada deyib ki, Tramp və Ərdoğanın yaxşı münasibətlərdə qaldığına inanır. ABŞ liderinin türk vəzifədaşı ilə oktyabrın 6-da telefon danışığından sonra Ankara Suriyanın şimal-şərqinə girmək üçün ilk təsdiq siqnalı alıb. Tramp daha sonra ABŞ qoşunlarını Türkiyə ilə sərhəd bölgəsindən çıxarmağa razılıq verib. İndi Vaşinqtonda əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün Ərdoğan “keçmişdəkindən daha diqqətli və daha nəzakətli olmalıdır”.
Yeşilada deyib: “Hədəflərini asanlaşdırmaq üçün Türkiyə lideri bəzi jestlər və ya kompromislər tətbiq edə bilər, məsələn, terrorda ittihamlanan, Türkiyədə iki ildən çoxdur ki, həbsdə olan ABŞ konsulluğunun işçisi Metin Topuzun azad edilməsi. “S-400”lərin aktivləşdirilməsini təxirə salmaq və ya raket sisteminin gələcək tədarükündə qeyri-müəyyən bir gecikmə tətbiq etmək. Ərdoğan az sayda senatoru razı salmalıdır. Əminəm ki, sanksiya qanunu, nəhayət, Senatda qəbul edildikdən sonra Tramp ona veto tətbiq ediləcək”.
ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiya paketlərində Ərdoğanın və ailə üzvlərinin şəxsi sərvətlərinə qadağa da var. Türkiyənin dövlətə məxsus “Halkbank”ı ilə əlaqədar isə Ağ Evin təzyiqləri məhkəmə prosesinə çətin ki, təsir göstərə bilsin.
“Politico” yazıb ki, Ərdoğan Vaşinqtonu tərk etməyənə qədər Senat Türkiyəyə qarşı sanksiya qanunvericiliyini qəbul etməyəcək. Üstəlik hazırda həm Türkiyə, həm də Vaşinqton rəsmiləri bir-birini Suriyanın şimal-şərqində atəşkəs razılaşmasını pozmaqda günahlandırıblar.
“Bu danışıqları davam etdirərkən, YPG-nin 120 saat ərzində təhlükəsiz bölgədən çıxacağını vəd edənlər buna nail ola bilmədilər”, – deyən Ərdoğan “Sülh çeşməsi” əməliyyatı başlayandan bəri 144 “Suriya Azadlıq Ordusu” döyüşçünün və 10 türk əsgərinin öldürüldüyünü bildirib. Müşahidəçilər isə bölgədəki 200 min insanın didərgin salındığını iddia edirlər.
Bu arada ikipartiyalı senator qrupu dövlət katibi Mayk Pompeonu, atəşkəsi pozduğu təqdirdə, Türkiyəyə qarşı hərəkətə keçməyə çağıran bir məktub hazırlayıb. Senator Kris Van Hollen və Lindsi Qrahamın rəhbərlik etdiyi senatorlar bildirib ki, “bir neçə dəfə prezident Tramp, Türkiyənin öhdəliklərini pozacağı təqdirdə, Türkiyə iqtisadiyyatını məhv edəcəyi ilə hədələyib. Bu mövqeyə uyğun olaraq, administrasiyanın 17 oktyabr müqaviləsinə istinadla, sərt iqtisadi sanksiyalar üçün sürətli tədbirlər görməsini xahiş edirik”.
Ərdoğan öldürülmüş İŞİD lideri Əbubəkr əl-Bağdadinin arvadının həbs olunduğunu açıqlayıb. Əsma Fəvzi Məhəmməd əl-Qubeysi Türkiyənin cənubunda polis basqını zamanı tutulduqdan sonra 2018-ci ilin iyun ayından həbsdə olsa da, bu xəbər, həmçinin, Bağdadinin bacısının yaxalanması məlumatının nə üçün daha əvvəl bildirilmədiyi suallar doğurub.
“Bu, Ərdoğanın Vaşinqton səfəri öncəsi Ankaranın İŞİD-lə mübarizəyə göstərdiyi töhfə sayıla bilər”, – deyə Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun təmsilçisi Soner Caqaptay söyləyib. Onun fikrincə, Ərdoğan səfər əsnasında yalnız Konqresdə təpkilərlə deyil, həm də böyük küçə etirazları ilə də qarşılaşa bilər və o, son səfəri zamanı yaşanan qarşıdurmaları təkrarlamaqdan çəkinməlidir.
O hadisədə Ərdoğanın təhlükəsizlik işçiləri Türkiyə səfirinin Vaşinqton iqamətgahı qarşısında etirazçılarla açıq toqquşublar. Noyabrın 13-də də həm küçələrdə, həm də Kapitoli Təpəsində gərginlik bir daha yüksək olacaq. “Mən 20 ildən çoxdur ki, ABŞ-Türkiyə münasibətlərini izləyirəm. Hələ Vaşinqtonda Türkiyəyə qarşı bu qədər qəzəbi görməmişdim. Bu, sadəcə dəlilikdir”.