Ukraynanın gizli hücum planı Dünya

Ukraynanın gizli hücum planı

Almaniya Ukrayna və Rusiya arasında birbaşa hərbi qarşıdurmanı istisna etmir

Cavid

Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyayönlü separatçılar arasında döyüşlər ara vermir. Ukrayna rəsmiləri yaraqlıların Luqansk üzərində qırıcı təyyarəni vurduğunu bəyan edib. Dünən o da bildirilib ki, Ukrayna ordusu Luqansk vilayətinin Qorlovka şəhərini mühasirəyə alıb. Bu barədə Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk "facebook" səhifəsində yazıb.
"Qorlovka tamamilə mühasirəyə alınıb. Qalan ərazilərin Luqanskla əlaqəsinin kəsilməsi üçün Novosvetlovka-Xryaşevatoe yolu terrorçulardan təmizlənir. M-04 yolu tam nəzarət altına alınıb. Bunun nəticəsində Luqanskda aeroport ərazisində Ukrayna ordusunun mühasirəyə alınmış hərbi bölmələrə çıxış təmin olunur", - ekspert bildirib.
O həmçinin vurğulayıb ki, Ukrayna ordusu İlovaysk ərazisində separatçıların mühasirəyə alınması üçün döyüş əməliyyatlarını davam etdirir. D.Tımçuk hazırda aktiv döyüş əməliyyatlarının Donetsk, Luqansk, Şaxtyorsk, Torez ərazisində davam etdiyini qeyd edib.
Ukrayna radikal millətçi qruplaşması olan "Sağ Sektor" isə Kiyevə silahlı yürüş fikrindən imtina edib. Bu haqda təşkilatın informasiya bölməsinin rəhbəri Borislav Beryoza məlumat verib. Onun sözlərinə görə Kiyevə silahlı hücumla əlaqədar verdikləri bəyanat vaxtsız olub.
Təşkilatın lideri Dmitri Yaroş isə bildirib ki, "Sağ Sektor" Ukraynanın şərq vilayətlərində döyüşməklə ölkə rəhbərliyinin tələblərini yerinə yetirib: "Tutulma, döyülmə və bizim üzvlərə qarşı işkəncə faktları var idi. Bu, daxili işlər nazirinin müavini Vladimir Yevdomikovun əmrinə görə olurdu. Ona görə də bizim bəyanat bir qədər emosional idi. Bizə bildirdilər ki, Nazirlər Kabinetində Yevdokimovun vəzifədən azad edilməsi məsələsinə baxılır. Ümid edirik ki, onun istefası haqqında qərar qəbul ediləcək".
Qeyd edək ki, bir müddət öncə Ukrayna daxili işlər naziri Arsen Avakov "Sağ Sektor"u 32 nəfərin ölümünə görə oyunbazlıqda ittiham etmişdi. Təşkilat isə buna cavab olaraq Kiyevə silahlı yürüş edəcəyini bəyan etmişdi.
Ukraynanın xarici işlər naziri Paul Klimkin isə ölkəsinin şərqindəki silahlı separatçılara qarşı mübarizə aparmaq üçün NATO və Avropa Birliyindən hərbi yardım istəyib. Bu barədə "Deutsche Welle"yə istinadla "İnterfax" agentliyi məlumat yayıb.
"Əgər biz belə bir yardım alsaq, bizim ordu yerlərdə daha yaxşı hərəkət edər" deyə nazir müsahibəsində bildirib.
Paul Klimkin Ukrayna əsgərlərinin Rusiya ərazisini ətəşə tutması barədə məlumatları təkzib edib. Donetskidə yaşayış binalarının artileriya atəşi ilə dağırılması barədə suala gəlincə, nazir bu addımın separatçılar tərəfindən atıldığını deyib: "Bəzən onlar bunu Ukrayna hərbçilərini ittiham etmək üçün bilərəkdən edirlər. Bəzən də terrorçu qruplaşmalar öz aralarında vuruşurlar".
Nazir həmçinin NATO-nun Ukraynaya münasibətdə yeni strategiya hazırlamasının vacib olduğunu deyib. Amma o, yaxın müddətdə Ukraynanın bu alyansa qəbul edilməsinin mümkünlüyünü istisna edib.
Xatırladaq ki, bu ilin yazında Ukraynanın Krım yarımadasını Rusiyanın özünə ilhaq etməsindən sonra bu iki ölkənin münasibətləri hərbi toqquşma həddinə çatıb.
Hazırda Ukraynanın şərqində Rusiya yönümlü silahlı qruplarla Ukrayna təhlükəsizlik qüvvələri arasında döyüş gedir. Kiyev Moskvanı terrorçuları hər vasitə ilə müdafiə etməkdə günahlandırır.
"Ukrayna böhranına dair danışıqlar "çətin" keçib, ancaq "irəliləyiş də var". Bunu Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Rusiya, Ukrayna və Fransadan olan həmkarları ilə beş saatlıq görüşdən sonra deyib. Onun sözlərinə görə, nazirlər öz liderlərinə hesabat verəcək və Ukraynanın şərqində atəşkəs üçün danışıqlar barədə razılığa gəlməyə çalışacaqlar: "Ukrayna böhranı üzrə dördtərəfli danışıqlarda çətinliklər olsa da inkişafa nail olunub".
O bildirib ki, ötən gün Ukrayna, Rusiya və Fransadan olan həmkarları ilə Berlindəki görüşündən sonra Ukrayna məsələsində irəliləyişin əldə olunacağına ümid artıb: "Müzakirələr humanitar böhranın qarşısını almaq və Ukraynanın şərqində atəşkəs əldə edilməsi ilə bağlı olub". Nazir əlavə edib ki, burada məqsəd Ukraynada atəşkəsi bərqərar etmək və qurbanların sayının artmasının qarşısını almaqdır".
Almaniya Ukrayna və Rusiya arasında birbaşa hərbi qarşıdurmanı istisna etmir. Valter Ştaynmayer bildirib ki, bundan qaçmaq üçün maksimum səy göstərirlər. Almaniya xarici işlər naziri qeyd edib ki, Ukraynanın şərqində baş verənlər "daha pis ola bilər".
"Ukrayna və Rusiya arasında birbaşa silahlı qarşıdurmadan nəyin bahasına olursa-olsun, qaçmaq lazımdır", - alman nazir vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin açıqlmasında isə bildirilib ki, görüşdə əsas diqqət irimiqyaslı hərbi əməliyyatların qarşısını almağa yönəlib: "Münaqişənin həlli üçün bütün aspektlər müzakirə olunub. Həmçinin, humanitar gərginliyin aradan qaldırılması haqda da geniş fikir mübadiləsi aparılıb".
Açıqlamada qeyd olunub ki, bütün bu və ya digər problemlərin həlli ilə bağlı inkişafa nail olunub: "Razılığa gəlinib ki, danışıqlar bu formatda da davam etdirilsin".
Bu arada Ukrayna prezidenti Pyotr Poroşenko ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub. Bunu Ukrayna prezidentinin mətbuat xidməti yayıb.
Pyotr Poroşenko Almaniya kansleri ilə Ukraynanın Donbass vilayətindəki gərgin vəziyyəti müzakirə edib. O, Avropa Birliyi ölkələrinin Avropa Şurasının 30 avqust iclasında Ukrayna məsələsini diqqətdə saxlayacaqlarına ümid etdiyini bildirib.
Ukrayna dövlət başçısı Angela Merkelə Almaniyanın ölkəsinə verdiyi dəstəyə görə təşəkkür edib. O, Merkeli gələn həftə üçün Ukraynaya da dəvət edib.
Dünən yayılan məlumatlar sırasında Ukrayna ordusunun gizli hücum planı hazırlandığı da bildirilib. Məlumata görə, Ukrayna Daxili İşlər naziri Arsen Avakov və Ali Radanın sədri Aleksandr Turçinov könüllü batalyonların komandirləri ilə məxfi görüş keçiriblər. Görüş zamanı separatçılarla aparılan döyüşün taktikaları və son hücum planı müzakirə olunub.
Müzakirələr olduqca gizli saxlanıldığı üçün görüş yerində yalnız batalyon komandirləri olub.
O da bildirilir ki, separatçı Luqansk Xalq Respublikası Donetskin Debalçevo şəhərinə texnika və canlı qüvvə yeridib. Bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.
Mətbuat Donetskə gətirilən texnika arasında "Qrad" qurğularının da olduğunu bildirib. Həmçinin terrorçular sırasında Qafqaz əsilli şəxslərin üstünlük təşkil etdiyi deyilib.