Çinə qarşı ittihamlar dünyanı iki qütbə ayıracaq Dünya

Çinə qarşı ittihamlar dünyanı iki qütbə ayıracaq

“Bir ölkə laboratoriya şəraitində yeni bir virus yaratdı. Bu virus, qəsdən olmasa da, qəza ucbatından hansısa bir şəkildə həmin laboratoriyadan çıxmağı bacardı və heç kim də ona mane ola bilmədi. Virus dünyada yayılmağa başlayan zaman isə bu fakt gizlədildi. Epidemiyanın yayılmasını inkar edə bilmədilər, ancaq yoluxma və ölüm statistikasını aşağı göstərməyə çalışdılar”.
Strateq “Turkiyegazetesi.com.tr”a istinadən yazır ki, ABŞ Prezidenti Donald Tramp yuxarıda qeyd edilənlərə Çinin səbəb olduğunu iddia edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə ABŞ Prezidentinin bu iddiasına qarşı çıxır və virusun tamamilə təbii şəraitdə yarandığını, laboratoriya istehsalı olmağına dair hansısa dəlilin olmadığını bəyan edir.
Virusun ortaya çıxması və yayılmasında Çini təqsirləndirənlər təkcə Trampla məhdudlaşmır. Bəzi Avropa ölkələrinin rəhbərlərindən də bənzər ifadələri eşidirik. Yaxın zamanda bu siyahıya başqaları da əlavə oluna bilər. Milyonlarca yoluxmanın və ölüm hadislələrinin, trilyon dollar dəyərində iqtisadi böhranın yaranmasında, əlbəttə ki, biriləri təqsirləndiriləcək. Xüsusilə ölkələrindəki böhranı doğru-düzgün idarə edə bilməyən rəhbərliklər ictimaiyyətin diqqətini özlərindən kənarlaşdırmaq üçün bu varianta əl atacaqlar.
Elə isə ittihamlar qarşısında Çin bu məsuliyyəti öz üzərinə götürəcəkmi?
Çini idarə edənlər düşünürlər ki, digər ölkələrin onlardan asılılıq səviyyəsi çox yüksəkdir, buna görə də həmin ölkələr Çinə birbaşa zərər verə bilməyəcək, belə bir tədbiri gerçəkləşdirməkdən yayınacaqlar. Çinə istehlak məhsulları satan dövlətlərin bumeranq təsiri ilə özlərini vura biləcək ticarət investisiyaları tətbiq edə bilməyəcəklərini düşünürlər. İndi Çində tarixi boyu olmayan daha güclü özünəinam var.
Ancaq Trampın iddiası özünü doğrultsa və COVİD-19, həqiqətən, adıçəkilən laboratoriyalardan qəsdən çıxarılmış olsa, bunun bədəlini Çindən tələb edənlərin sayı daha da artacaq. Belə bir vəziyyətdə isə Çinin özünəinamı heç bir işə yaramayacaq. “Çindən çıxdığı” dəqiq olan virusun “Çinin istehsal etdiyi” də müəyyənləşsə, heç bir Qərb rəhbərliyi insanların Çinə qarşı olan aqressiya və nifrətinin qarşısını ala bilməyəcək. Xüsusilə prezident seçkilərinə 6 ay qalmış ABŞ-da Prezident Tramp Çini təqsirli hesab edən düşüncələrini daha da sərtləşdirəcək.
Bütün bunların baş verməsi üçünsə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən dəqiq sübutlar olmalıdır. Nə qədər ittihamlar olsa da, Çin bütün bu iddiaları rədd edəcək. Çinin laboratoriyasında bu virusun istehsal edildiyini etiraf edən heç bir səhiyyə işçisi yoxdur. Bu qeydlər isə dünya ölkələri ilə paylaşılmadığı üçün Çinin daim bu ittihamları rədd etməsi üçün tutarlı cavabları var.
Digər tərəfdən, Çin son 10 ildə xalq diplomatiyası sahəsində fövqəladə bir məsafə qət edib. Bu diplomatiyanı daha da artıraraq, ittihamlardan yayınmağa çalışacaq. Unutmaq olmaz ki, Çin dünyanın ən güclü xalq diplomatiyasına malik ölkələrindən birinə çevirilib. Cəmiyyətində nüfuzlu alimləri, sosial media fenomenləri, ziyalılar, sənət adamları, jurnalistlər kimi əlaqəsi güclü olan xüsusi qrupları, həmçinin dünyada populyar olan brend şirkətləri var. Onları Çin əleyhinə danışdıra bilməzsiniz.
Pandemiya prosesi ilə bağlı bu insanlar öz rəy və məqalələrində Çindən başqa hər kəsi günahlandıracaqlar. Önümüzdəki dövrdə həmin xalq diplomatiyasının elementləri sayılan şəxs və qruplar təkcə Çin mədəniyyətinə, yeməklərinə olan sevgilərindən deyil, həm də ölkəyə maddi maraq göstərdikləri üçün birbaşa və ya dolayı yolla Çini müdafiə etməkdə davam edəcəklər.
Nəhayət, Çinin Afrika və Asiyadakı onlarla ölkənin administrasiyalarını iqtisadi yardım və investisiyalar yolu ilə öz təsir dairəsinə alması bir həqiqətdir. Önümüzdəki aylarda Trampın hədəf taxtasına çevirdiyi Çinin bu ittihamları rədd etməsi üçün edəcəyi manevrlərin nələr olacağını, bu zaman hansı dərəcədə müvəffəqiyyət qazanacağını izləyib, görəcəyik. Görünən budur ki, pandemiya məsələsində dünya ölkələri bütün məsuliyyəti Çinin üzərinə yıxanlar və Çini müdafiə edənlər şəklində iki qütbə ayrılacaq.