Nyu-York şəhərində komendant saatı tətbiq edilib - YENİLƏNİB Dünya

Nyu-York şəhərində komendant saatı tətbiq edilib - YENİLƏNİB

Nyu-York rəhbərliyi etiraz aksiyaları və iğtişaşlar səbəbilə bazar ertəsi axşamdan etibarən şəhər ərazisində komendant saatının tətbiqinə başlayacaq.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Bill de Blazio “Twitter” səhifəsində bildirib.
“Nyu-yorklular, mən Nyu-York ştatının qubernatoru Endryu Kuomo ilə danışdım, təhlükəsizliyin təmin edilməsi məqsədilə bu gecədən Nyu-York şəhərində komendant saatının tətbiq edilməsinə qərar verdik. Komendant saatı 23:00-dan səhər saat 05:00-dək qüvvədə olacaq”, - deyə mer öz səhifəsində yazıb.
Qubernator Kuomo isə “Twitter” səhifəsində bildirib: “Nyu-York şəhərinin sakinləri, saat 23:00-dan sonra evlərinizi tərk etməməlisiniz”.
***
Saat 00:14
Nyu-York rəhbərliyi afroamerikalı Corc Floydun ölümündən sonra baş qaldıran etiraz aksiyaları zamanı baş vermiş kütləvi iğtişaşlar və mağazaların silsilə qarətləri fonunda şəhər ərazisində komendant saatı tətbiq etməyin mümkünlüyünü nəzərdən keçirir.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə şəhər meri Bill de Blazio Nyu-Yorkun “NY1” telekanalı vasitəsilə çıxışında bildirib.
“Bu cür hadisələr şəhərimizdə çox nadir hallarda baş verir. Vandalizm və qarətlər qəbuledilməzdir, biz ən qəti üsullarla buna qarşı mübarizə aparacağıq və araşdırma aparılacaq. Şəhərdə komendant saatının tətbiqi – bu, mümkün tədbirlərdən biridir və biz bunu qubernator Endryu Kuomo ilə də müzakirə edəcəyik. Ancaq hələ qərar verilməyib, yalnız bu, mümkün ola bilər”, - deyə mer qeyd edib.
Öz növbəsində, şəhər polisinin rəhbəri Dermot Şia bildirib ki, polis “hələ də iğtişaşların fəsadlarını qiymətləndirir”.
Qeyd edək ki, bazar ertəsi günü axşam saatlarında Nyu-York polisi – Manhetten və Bruklin rayonları üstünlük təşkil etməklə – 250-dən çox aksiya iştirakçısını saxlayıb. Bu rayonlarda kütləvi etiraz aksiyaları keçirilib. Aksiyaların əsas səbəbi afroamerikalı Corc Floydun Minneapolis şəhərində polis tərəfindən saxlanılması zamanı ölməsidir.