Putin Ukraynadan əl çəkmir Dünya

Putin Ukraynadan əl çəkmir

Rusiya sərhədə yeni raket qurğuları yerləşdirib

Cavid

Rusiya ilə Ukrayna sərhədində "Toçka-U" raketləri yerləşdirilib. Bu açıqlama ilə ukraynalı hərbi ekspert Dmitri Timçuk öz Feysbuk səhifəsində çıxış edib.
O, raketlərin Rostov əyalətində Petrovka adlanan şəhərin yaxınlığında yerləşdiyini bildirib.
Timçuk həmçinin Ukraynaya Rusiyadan yeni kəşfiyyat diversant qruplarının da keçəcəyini söyləyib. Hərbi ekspert verdiyi açıqlamasında raketlərin Ukrayna sərhədindən 5 kilometr məsafədə yerləşdiyini vurğulayıb.
Tımçuk onu da bildirib ki, Ukrayna Milli Qvardiyası yeni hərbi texnikanın 100 vahidini alıb. Onun sözlərinə görə, Milli Qvardiyaya hərbi texnikanın ümumilikdə 500 vahidinin verilməsi planlaşdırılır.
Verilən texnika arasında yük maşınları, "Kuquar" və "Spartan" zirehli avtomobillər var. Milli Qvardiya bundan əvvəl isə 10 tank alıb. Halbuki, həmin tankların Konqoya çatdırılması nəzərdə tutulurdu.
Bütün bunların fonunda isə Rusiyada hesab edirlər ki, Ukraynanın yeni hərbi əməliyyatlara hazırlaşır və sentyabrın 5-də separatçılarla imzalanan atəşkəs razılaşmasından ordunu gücləndirmək üçün istifadə olunur.
Qeyd edək ki, Ukrayna prezidenti Pyotor Poroşenko ötən həftə "Ukraynanın müdafiəsi və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün təcili ölçülər haqqında" 744 saylı qanunu imzalayıb. Sözügedən qanun 28 avqust 2014-cü il tarixində Ukrayna Milli Təhlükəszilik və Müdafiə Şurası tərəfindən qəbul edilib. Qanunda Ukrayna və Rusiya Federasiyasının dövlət sərhədində yerləşən avtomobil buraxılış məntəqələrinin müvəqqəti bağlanması, həmçinin ehtiyac olduğu halda digər növ buraxılış məntəqələrinin də müvəqqəti bağlanması əksini tapıb.
Qanundakı bir sıra bəndlərin məxfiləşdirilməsi isə Rusiyanı şübhəyə salır.
Unian.net isə yazır ki, Rusiya Ukrayna hərbi təyyarəsini oğurlamağa çalışıb. Bu iddia ilə Ukrayna Milli Təhlükəsizlik Xidməti çıxış edib.
Məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti "Su-24M" hərbi kəşfiyyat təyyarəsinin oğurlanması ilə bağlı Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlanan planın icrasına maneə olub. Qeyd olunur ki, planın həyata keçirilməsi üçün Rusiya hərbi kəşfiyyatı tərəfindən cəlb edilən "Ukrayna vətəndaşı "K-a" (adı şərtidir) Ukrayna Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatı tərəfindən saxlanmılıb.
1970-ci il təvəllüdlü "K-a" kəşfiyyat aviasiyasının komandir müavini olub və antiterror əməliyyatları zonasında iştirak edirdi. Maddi mükafat qarşılığında Ukrayna təyyarəsinin oğurlanması planının həyata keçirilməsi təklifi ilk dəfə "K-a"nın Rusiya vətəndaşı olan qardaşı tərəfindən verilib.
Ukrayna Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatı isə cinayətkar niyyətləri vaxtında ifşa edib. Hazırda Ukrayna Cinayət Məcəlləsinin 111-ci maddəsi (vətənə xəyanət) ilə cinayət işi qaldırılıb.
Rusiya Quru Qoşunlarının baş komandanı general-polkovnik Oleq Salyukov isə jurnalistlərə açıqlamasında deyib ki,
Rusiya ordusunun 7 briqadası 2015-ci ilə kimi "İsgəndər-M" operativ-taktiki raket kompleksləri ilə təchiz ediləcək.
"Hazırda uzunmüddətli dövlət müqaviləsinə uyğun olaraq artıq 4 briqadaya "İsgəndər-M" raketləri göndərilib. İlin sonuna kimi Mərkəzi Hərbi Dairəsi daha 1 komplektlə təchiz olunacaq. 2015-ci ilə kimi isə Cənub və Şərq Hərbi Dairələrinin raket birləşmələrinə iki komplekt göndəriləcək", - Salyukov bildirib.
Qeyd edək ki, "İsgəndər" Rusiya Quru Qoşunlarının ən güclü zərbə kompleksi hesab olunur.
"Novorossiya"nın spikeri Oleq Çarev bildirib ki, Ukrayna ilə bağlanmış sülh müqaviləsi partizanların tam qələbəsi deməkdir. O, Kiyev hakimiyyətinin müharibəsiz qala bilməyəcəyini söyləyib: "Strateji cəhətdən biz Rusiyanın tərkibində olmaq istəyirik. Hazırda bu Kreml üçün bir çox səbəblərdən mümkünsüzdür. Müəyyən müddət azad olmaq lazımdır. Amma biz özümüzü rus dünyasının bir hissəsi hesab edirik. Şübhəsiz ki, bir azdan bütöv Ukrayna "Novorossiya" olacaq. Məncə, gələn ilin yazında Ukraynanın özü parçalanacaq".
"Nezavisimaya Qazeta" isə yazır: "Kiyevin strategiyası "xüsusi dövr" şəraitində milli iqtisadiyyatın qurulmasına yönəlib. Müdafiə leksikasında "xüsusi dövr" hərbi vəziyyətin bütün ölkə ərazisində tətbiqini nəzərdə tutur. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarının açıq hissəsində bu hərəkətlər ölkəyə qarşı mümkün silahlı təcavüzün dəf edilməsinə hazırlıqla əsaslandırılır. Sətirlərin arasında oxunur ki, Kiyev təcavüzkar olaraq məhz Rusiyanı görür. Diqqətçəkən məqam odur ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarının açıqlanmasından iki gün sonra Ukrayna prezidenti rusiyalı kollegiyası Vladimir Putinlə Minskdə görüşdü. Qərarın prezident fərmanı ilə təsdiq edilməsi isə Poroşenkonun ABŞ-da Barak Obama ilə görüşündən sonraya təsadüf etdi". Rusiya Hərbi Elmlər Akademiyasının üzv-müxbiri Eduard Rodyukov da təsdiqləyir ki, Kiyevin hazırkı müdafiə planları Ukrayna rəhbərliyinin qətiyyətli hərbi hərəkətlərə hazırlaşdığını göstərir: "Çətin ki, Ukrayna yaxın vaxtlarda genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq. Amma Poroşenko orduda yenilənmə aparacaq və ölkə iqtisadiyyatını hərbi relslərin üzərinə çıxaracaq. Bu baxımdan ölkənin cənub-şərqində hərbi əməliyyatlarının yenilənməsi istisna edilmir. Rusiya və beynəlxalq cəmiyyət bu cür hərəkətlərinin perspektivinin olmadığına Ukrayna liderini inandırmalıdır. Əks halda, faciələrdən qaçmaq mümkün olmayacaq".
Rusiyalı politoloq Stanislav Belkovski isə bildirib ki, Vladimir Putin Rusiyanı özü ilə psixoloji olaraq qəbirə aparmağa hazırdır.
O, Vladimir Putinin ölkəni son mərhələyə gətirdiyini bildirib: "O, illərdir ki, bərabərliyi qorumağa çalışırdı. Mənə elə gəlir ki, Putin artıq seçimini edib".
"The Daily Star" isə yazır ki, Ukraynanın ərazisində Rusiya hərbçilərinin sayı azalmır.
Bu barədə NATO-nun rəsmi nümayəndəsi Canzen Cey bildirib.
"Yüzlərlə Rusiya hərbçisi, həmçinin xüsusi təyinatlılar və hərbi texnika indiyə qədər Ukrayna ərazisində qalır", - deyə NATO təmsilçisi bildirib.
Onun sözlərinə görə, Ukrayna ərazisindəki Rusiya qoşunlarının ixtisarı keçən həftə müşahidə olunmayıb. C.Cey Ukrayna ərazisində təxminən 20 min rus hərbçisinin olduğunu vurğulayıb. NATO-nun rəsmi nümayəndəsi Rusiya qoşunlarının Şərqi Ukrayna ilə yanaşı, Krımdan da çıxmalı olduğunu deyib.
Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov isə cavabında Rusiyanın hadisələrin iştirakçısı və Ukraynada rus hərbçilərinin olmadığını bildirib.
Kiyev və Brüssel assosiasiya haqqında razılaşma üzrə bütün rəsmi hissələri yerinə yetirib.
Bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko "Twitter" səhifəsində yazıb.
"Ukrayna Avropa İttifaqından notanı aldı. Kiyev və Brüssel razılaşmanın 1 noyabr tarixindən qüvvəyə minməsi üçün bütün rəsmiyyətləri yerinə yetirib. Beləliklə, razılaşma artıq Ukrayna qanunvericiliyinin bir hissəsidir", - deyə Poroşenko əlavə edib.
Xatırladaq ki, Avropa Birliyi dünən azad ticarət zonasının yaradılması haqqında bölmə istisna olmaqla, Ukrayna ilə imzalanan assosiasiya haqqında razılaşmanı bəyənib. Razılaşmanın bu ilin 1 noyabr tarixindən tətbiqi nəzərdə tutulur. Azad ticarət zonasının yaradılması isə 1 yanvar 2016-cı ilə qədər təxirə salınıb.
Avropa Birliyi və Ukrayna arasında imzalanan assosiasiya haqqında razılaşma Rumıniya, Latviya, Litva, Bolqarıstan, Malta və Slovakiya tərəfindən də təsdiqlənib.