Türkiyə parlamenti qapalı iclas keçirəcək Dünya

Türkiyə parlamenti qapalı iclas keçirəcək

Suriyaya hərbi müdaxilə qərarı verilə bilər

Bu gün Türkiyə parlamentində keçiriləcək qapalı iclasda Suriyadakı münaqişəyə hərbi müdaxilə ilə bağlı mümkün tədbirlər müzakirə olunacaq.
APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının fraksiya rəhbərinin müavini Mustafa Əlitaş bildirib.
"Parlamentə təqdim ediləcək mandatın müzakirəsi bağlı qapı arxasında keçiriləcək", deyə deputat bildirib.
Məlumata görə, iclasda "İslam Dövləti" terror qruplaşmasının Suriyadakı qüvvələrinin və PKK-nın ölkəyə yaratdıqları təhlükəyə cavab ola biləcək hərbi tədbirlər müzakirə olunacaq. Bu tədbirlərin xarakteri hələlik açıqlanmır.
Qeyd edək ki, ötən gün Türkiyənin baş naziri Əhməd Davudoğlu Silahlı Qüvvələrin komandanlığı ilə görüşündə Suriyadakı vəziyyətə ölkənin mümkün reaksiyasını müzakirə edib. Görüşdə Türkiyənin güc strukturlarının rəhbərləri iştirak edib.