ABŞ Ukraynaya hərbi yardımı gücləndirir Dünya

ABŞ Ukraynaya hərbi yardımı gücləndirir

İlin sonlarına yaxın Amerika Ukraynaya 50 ədəd zirehli döyüş avtomobili və 1000-dən çox zirehli jilet göndərəcək

Cavid

Ukrayna hökuməti ölkənin şərq hissəsində separatçılara qarşı mövqelərini gücləndirməyə çalışır.
Dövlət rəsmiləri bu gün Donetsk regionuna Amerika Birləşmiş Ştatlarından əldə olunan yeni hərbi texnikanı cəlb edəcək. Ötən gün ABŞ dövlət departmentinin mətbuat katibi Viktoriya Nuland Kiyev rəsmiləri ilə birgə hərbi texnikanı gözdən keçirib. Mətbuat konfransında çıxışı zamanı Nuland hazırda Donetsk ətrafında separatçılar tərəfindən törədilən zorakılıqları pisləyib və tərəfləri atəşkəs rejiminə riyaət etməyə çağırıb. Nuland, həmçinin, qeyd edib ki, Ukraynada ATƏT-in sülh missiyası dolğun fəaliyyət göstərməsi üçün Rusiya ilə sərhədlərə nəzarət bərpa olunmalıdır.
"ATƏT hərbi deyil, mülki missiya yerinə yetirir. Ona görə bu təşkilatın nümayəndələri ancaq sülh şəraitində çalışa bilərlər. Atəşkəs rejimi tam şəkildə təmin olunmalıdır", - deyə Nuland qeyd edib.
Onu da qeyd edək ki, Ukraynada böhran başladıqdan sonra ABŞ hökuməti bu ölkəyə 290 milyon dollar məbləğində maliyyə dəstəyi göndərib. Onun 116 milyon dolları hərbi texnika üçün nəzərdə tutulub.
İlin sonlarına yaxın Amerika Ukraynaya 50 ədəd zirehli döyüş avtomobili və 1000-dən çox zirehli jilet göndərəcək.
ABŞ Ukraynaya ölümcül silahların verilməsi proqramını hazırlayır.
Bu barədə ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Derek Şolley Vaşinqtonda çıxışı zamanı deyib.
"Ukrayna prezidenti Pyotr Poroşenko bizdən ölümcül silahların verilməsi barədə xahiş edirdi. Biz həmin silahları indiki mərhələdə verməməyə qərar verdik. Amma hazırda elə bir proqram işləyirik, bu proqram Ukraynaya ölümcül silahların verilməsinə gətirib çıxara bilər", - deyə D.Şolley bildirib.
ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini əlavə edib ki, ölkəsi Ukrayna hərbi dəniz qüvvələrini bərpa etmək üçün işləyir. "Biz Ukraynanı və onun ordusunu güclü görmək istəyirik", - deyə ABŞ müdafiə nazirinin köməkçisi söyləyib.
Ukraynalı hərbi ekspert Dmitri Tımçuk özünün Feysbuk səhifəsində yazıb ki, "İzvarino" sərhəd buraxılış məntəqəsindən Donbas ərazisinə Rusiya tərəfdən növbəti maşın karvanı daxil olub.
"Karvan Baş Kəşfiyyat İdarəsinin Rostovdakı təlim mərkəzində kurs keçən muzdlulardan ibarətdir. Son iki sutka ərzində Ukraynaya ən azı 40 avtobus döyüşçü daxil olub".
Onun sözlərinə görə, Rusiyadan göndərilən silah-sursatların əksəriyyəti Donetsk aeroportu yaxınlığına yerləşdirilir: "Minaatan, artilleriya və reaktiv mərmilərin 50-60 faizi buraya göndərilir".
BMT-dən isə Ukraynaya xəbərdarlıq edilib. Belə ki, BMT-nin yeni hesabatına əsasən, Ukrayna hökuməti ordunun idarə edilməsində üzərinə düşən məsuliyyəti lazımınca yerinə yetirmir.
Hesabata əsasən, rəsmi Kiyevin ölkənin hərbi və yarım-hərbi qüvvələrini nəzarətdə saxlaya bilməməsi həmin qüvvələrin özbaşınalıqlara yol verməklə beynəlxalq hüquq normalarını pozmasına zəmin yaradır.
Ukraynadakı insan hüquqlarının vəziyyətini araşdıran təşkilat 37 səhifəlik hesabatında avqustun 18-dən sentyabrın 16-dək Ukrayna ordusunun törətdiyi zorakılıq faktlarını təhlil edib.
Ukrayna hökumətinə xəbərdarlıq edən BMT rəsmi Kiyevi silahlı qüvvələri və könüllü dəstələri daha ciddi nəzarət altında saxlamağa çağırıb.
Ukrayna Avropa Birliyini rusiyayönlü separatçıların ölkənin şərqində de fakto ölkə yaratmasını qəbul etməməyə səsləyib. Bu Avropada sabitliyi poza bilər.
Xarici işlər naziri Pavlo Klimkinin fikrincə, Moskva separatçıları noyabr ayında Donetsk və Luqanskda seçki keçirmək fikrindən daşındırmalıdır. Klimkin Brüsseldə Reuters-ə dediklərinə əsasən, yerli əhali dekabrda Kiyevin təşkil edəcəyi yerli seçkilərdə səs versə, daha yaxşı olar.
Klimkin bildirib ki, Donetsk və Luqanskda yaraqlıların keçirəcəyi "saxta seçkilər" Ukraynanın Dnestryanı və ya Abxaziya kimi uzun-müddətli "dondurulmuş münaqişə"yə çevrildiyi fikirlərini gücləndirəcək.
Klimkin Qərbi Avropa dövlətlərini Rusiyaya iqtisadi sanksiyaları gücləndirmək üçün "şantaj etmək" və ya NATO-nun Kiyevə qeyri-hərbi yardımı artırmasına nail olmaq niyyətində olmadığını vurğulayıb.
Belarus prezidenti Aleksandr Lukaşenko "Euronews" telekanalına müsahibəsində isə bildirib ki, Krımın ilhaqında Rusiya məntiqi ilə getsək, onda RF-nin Qazaxstan və Monqolustan torpaqlarını geri qaytarması pis olmazdı.
Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, digər ölkənin torpaqlarını zəbt etmək yolverilməzdir. "Onda gəlin xan Batı dövrünə qayıdaq... Monqol-Tatar yürüşləri zamanına. Bu təqdirdə Qazaxstan və Monqolustanın torpaqlarını və ya tarixən kimlərəsə aid olan demək olar ki, bütün Rusiya torpaqlarını qaytarmaq lazım gələcək" - deyə Lukaşenko bildirib.
Xatırladaq ki, Belorus prezidenti rəsmi olaraq Krımı RF tərkibində qəbul etməyib. Buna baxmayaraq o bildirib ki, bunu qəbul etmək və etməmək olar, lakin heç nə etmək də mümkün deyil- Rusiya Krımı öz ərazisinə qatıb və artıq onu vermiyəcək.
Bu baxımdan Lukaşenko hardasa Putinin tərəfini saxlayan kimi tanınan bir diplomat kimi ehtiyatlı davranır, lakin bununla bərabər Abxaziya, Cənubi Osetiyanın müstəqilliyini, "Novorosiya" və "Krımnaş" layihələrini qəbul etmir.