ABŞ koalisiya nümayəndələrini topladı Dünya

ABŞ koalisiya nümayəndələrini topladı

Rusiya da İŞİD-ə qarşı mübarizə aparacaq

Cavid

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama anti-İŞİD koalisiyasına qoşulan ölkə nümayəndələri ilə görüşüb.
Merilend ştatında baş tutan görüşə 20-dən çox koalisiya nümayəndəsi qatılıb. Görüşün məqsədi İŞİD-ə qarşı güc nümayiş etdirmək olub. Barak Obama Endryuz hərbi bazasında çıxışı zamanı anti-İŞİD koalisiyası tərkibində 60 ölkənin əməkdaşlıq etdiyini deyib.
"Bu, bütün dünyanın İŞİD-ə qarşı çıxdığını göstərən bir əməliyyatdır. Bu kampaniya çərçivəsində güc strukturlarının bütün imkanlarından istifadə etməliyik. İraq və Suriyada İŞİD tərəfdən döyüşlərə cəlb olunan insanların fərqli düşüncə tərzini formalaşdırmaq üçün tədbirlər görməliyik" - deyə Obama qeyd edib.
Xatırladaq ki, Amerika hərbi rəhbərliyi bir qədər əvvəl İŞİD-ə qarşı hava mübarizəsinin təsirsiz olduğunu, İŞİD-in tez-tez taktika dəyişdirərək mülki insanlar arasında gizləndiyini etiraf etmişdi.
Koalisiya güclərinin İŞİD-ə qarşı hücumlar apardığı bir zamanda ABŞ-ın Baş Qərargah rəisi şok etiraf edib. Martin Dempsi İraq və Suriyada İŞİD-ə qarşı mübarizə aparan Amerika döyüş təyyarələrinin hava hücumlarının uğursuz olduğunu bildirib.
Onun sözlərinə görə, Barak Obamanın İŞİD-in yox edilməsi üçün güvəndiyi ABŞ və koalisiya ölkələrinin həyata keçirdiyi hava hücumlarının heç bir effekti yoxdur. Terror qruplaşması paytaxt Bağdada, Türkiyə ilə Suriya sərhədindəki Kobani bölgəsində irəliləyişini davam etdirir.
Fransa prezidenti Fransua Olland isə Suriyanın Kobani şəhərində gedən döyüşlərlə bağlı açıqlama verib. Olland Kobanidəki döyüşlərlə bağlı Türkiyəyə səslənərək təklifə çıxış edib.
Fransa prezidenti bildirib ki, Türkiyə-Suriya sərhədində yerləşən Kobaninin İŞİD terror qruplaşmasının əlinə keçməməsi üçün rəsmi Ankara sərhədi açmalıdır: "Kobanidə suriyalı kürdlərin terrorçularla sonuna qədər mübarizə apara bilməsi üçün Türkiyə sərhədləri açmalıdır. Əks halda Kobani istənilən an İŞİD-in nəzarəti altına keçə bilər".
ABŞ-ın dövlət katibi Con Kerri isə İŞİD barədə yaydığı yazılı bəyanatda qeyd edib ki, İŞİD qadınları və qızları satmaq, zorlamaq, məcburi evləndirmək, insanları qullaşdırmaq və s. bu kimi əməlləri ilə fəxr edir.
Kerri terror qruplaşmasının əxlaqsızlıqda son həddə çatdığını bildirib: "İŞİD alçaqcasına dində təsdiq edildiyini iddia edərək qadın və qızlara qarşı bu iyrənc hərəkətini rasionallaşdırır. Bu səhvdir, qətiyyən səhvdir. İŞİD İslamı təmsil etmir. İslam bu cür alçaqlığa göz yuma bilməz. Həqiqətdə bu cür hadisələr İŞİD-in İslam düşməni olmasının açıq nümayişidir".
Beynəlxalq ictimaiyyətin və bütün dini liderlərin İŞİD-in dəhşətli əməllərini pislədiyini xatırladan Keri bir daha hər kəsi qruplaşmanın uşaqlara və qadınlara istiqamətlənmiş bu hərəkətini mümkün olan ən sərt şəkildə pisləməyə səsləyib.
Qadınlara və uşaqlara qarşı yönəlmiş bu cür hərəkətlərin insanlığın şərəfini ayaqlar altına aldığını deyən Con Kerri buna görə günahkar olanların məsuliyyətə cəlb olunmasının labüdlüyünü qeyd edib.
Kerri vurğulayıb ki, ABŞ İŞİD terrorçularına qarşı mübarizədə İraq hökuməti ilə əməkdaşlığa davam edəcək.
Bu arada Şimali İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzaninin lideri olduğu KDP və Cəlal Talabaninin lideri olduğu KYB partiyalarının üzvlərinin İŞİD-lə neft alveri etdiyi məlum olub.
Onların Kərkükdə İŞİD ilə xam neft ticarəti və neft qaçamalçılığı etdikləri iddiasıyla saxlanıldığı bildirilir. Hüquq-mühafizə oraqanları tərəfindən saxlanıldığı bildirilən partiya mənsublarına qarşı cinayət işi açılıb.
Saxlanılanların sayı və kimliyi barədə hər hansı bir şərh verilməsə də Bərzaninin partiyasından yüksək vəzifəli fünksionerlərin adının bu işdə hallanmadığı bildirilib. Kürd millət vəkili Heme Saleh İŞİD-lə neft ticarəti edən şəxsləri terroru maliyyələşdirməkdə ittiham edərək, onların sərt şəkildə cəzalandırılmasını tələb edib.
Onu da bildirək ki, Rusiya ilə ABŞ İŞİD-ə qarşı birgə mübarizə aparacaqları ilə bağlı razılıq əldə ediblər. Tərəflər Ukrayna məsələsində bir-birinə qarşı çıxsalar da, qlobal təhlükəsizlik məsələsində həmrəylik göstəriblər. ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında əməkdaşlığa dair razılıq olub. Tərəflər ötən gün Fransanın paytaxtı Parisdə görüşüblər. Con Kerri mətbuat konfransında çıxışı zamanı qeyd edib ki, hər iki ölkə Yaxın Şərqdə islamçı ekstrimizmə qarşı birgə mübarizə aparacaqlar.
"Sirr deyil ki, Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında Ukrayna məsələsinə ziddiyyətlər var. Görüşdə məhz bu ziddiyətlərin aradan qaldırılması istiqamətində görülə biləcək işləri müzakirə etdik. Eyni zamanda, dünya gündəmini zəbt edən Ebola virusu təhlükəsi, İŞİD-ə qarşı mübarizə, İranın və Şimali Koreyanın nüvə proqramına dair danışıqlar məsələləri də əsas müzakirə mövzuları idi. Hər ikimiz İŞİD-ə qarşı mübarizənin vacibliyinin fərqindəyik. Bu qruplaşmanı zəiflətmək və məhv etmək lazımdır" - deyə Kerri qeyd edib.
Tərəflər İŞİD-ə qarşı mübarizədə kəşfiyyat sahəsində əməkdaşlıq etməyə razılıq veriblər.