Türkiyədə təhlükəsizlik sahəsində ciddi islahatlar aparılacaq Dünya

Türkiyədə təhlükəsizlik sahəsində ciddi islahatlar aparılacaq

Baş nazir Əhməd Davudoğlu: "İstefa verməyə hazıram"

Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkədə təhlükəsizlik sahəsində ciddi islahatlar aparılacağını bildirib. Bu barədə "TRT Haber" telekanalı məlumat verir.
Məlumata əsasən, aparılacaq islahatlar çərçivəsində bundan sonra cəmiyyətin təhlükəsizliyini təhdid edən hər hansı bir toplantı, nümayiş keçirmək qadağan olunacaq.
Baş nazir qeyd edib ki, bütün bunlarla yanaşı, nümayişlər zamanı sifətin gizlədilməsi üçün xüsusi maskaların taxılması qadağan olunacaq və bunu edən şəxslərə qarşı cinayət işi açılacaq.
Ə.Davudoğlu onu da əlavə edib ki, nümayişlər zamanı "Molotov kokteyli"nin atılması, onun hazırlanması və hazırlanmasının planlaşdırılması cinayət hesab ediləcək.
Qeyd edək ki, Türkiyədə bu ilin dekabr ayından etibarən yeni biometrik şəxsiyyət vəsiqələri veriləcək. Yeni vəsiqələr indikilərdən bir çox üstünlükləri ilə seçiləcək. Belə ki, yeni biometrik şəxsiyyət vəsiqələrində vətəndaş haqqında bütün məlumatlar toplanmaqla yanaşı, bir sıra əməliyyatların da yerinə yetirilməsi mümkün olacaq.
Yeni şəxsiyyət vəsiqələrinin verilməsi ilə vətəndaşlar məhkəməyə müraciət etmədən soyadlarını dəyişdirmək imkanı əldə edəcəklər. Digər yeniliklərdən biri isə odur ki, yeni biometrik şəxsiyyət vəsiqələri ilə vətəndaşlar lazım olduğu zaman polisə yerində ifadə verə biləcəklər.
Axtarışda olan şəxslər və ya valideynlərin müraciəti əsasında polisə itkin düşən uşaq haqqında məlumat verilərkən həmin şəxslərin əlamətləri barədə əhaliyə avtomatik olaraq SMS göndəriləcək.
Əhməd Davudoğlu istefa verməyə hazır olduğunu da açıqlayıb. Ə.Davudoğlunun sözlərinə görə, Türkiyə hakimiyyətinin kürdlərə qarşı nifrət və kin bəslədiyi sübut olunarsa, o öz vəzifəsindən getməyə hazırdır: "Hakimiyyətdə olan digər vəzifə sahiblərinin belə kürdlərə qarşı kin və nifrət bəslədiyi sübut olunsa, onları vəzifədən azad etməyə hazırıq".
Məlumat üçün bildirək ki, Türkiyə hakimiyyəti Suriyanın kürdlər yaşayan Kobani şəhərinin "İslam dövləti" terrorçularında müdafiə etmək üçün hərbi texnikadan istifadə etməyəcəyini açıqladıqdan sonra, bəzi siyasi partiyalar ölkə rəhbərliyini kürdlərə qarşı kin və nifrət siyasəti yürütməkdə ittiham ediblər.
Suriyanın Kobani şəhəri artıq bir neçə vaxtdır ki "İslam Dövləti" yaraqlılarının nəzarəti altındadır.
Dünən Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, Ankara İraqın şimalındakı kürd administrasiyasının tabeliyində olan "Peşmərgə"nin (xüsusi təyinatlı ordu hissələri) Türkiyə ərazisindən Suriyanın Kobani şəhərinə keçməsinə yardım edib.
Onun sözlərinə görə, Türkiyə Suriyanın Kobani şəhərinin "İslam Dövləti" qruplaşmasının nəzarəti altına keçməsini istəmir.
M.Çavuşoğlu qeyd edib ki, hazırda Kobanidə "İslam Dövləti"nin yaraqlılarına qarşı döyüşən 7 hərbiləşdirilmiş qrup var.