Moskva silaha əl atır Dünya

Moskva silaha əl atır

Krımdakı rus donanması hazırlıq vəziyyətinə gətirilir

Cavid

Rusiyanın MDB respublikalarından daha biri - Ukraynada imperialist maraqları təmin olunmadığından Kreml əndişədədir. Bu əndişə, daha doğrusu, Qərb qarşısında məğlubiyyəti isə onun Ukraynada yeni təxribatlara əl atmasına gətirib çıxaracaq. Çünki Kreml imperialist maraqlarının təmin olunmadığı ünvanda daim təxribatlar törətməyə çalışıb. Cənubi Qafqazda Gürcüstan və Azərbaycan, Dnestryanı, Moldovadakı məlum hadisələr, hətta Kremlin Orta və Mərkəzi Asiya respublikalarını təsir altında saxlamağa can atması bunu deməyə əsas verir. Bu dəfə isə hədəfdə Ukraynadır.
Nüfuzlu "The Financial Times" nəşri Rusiya mənbələrinə istinadən xəbər verir ki, Ukraynada parçalanma baş verərsə, Rusiya Krıma görə müharibəyə başlaya bilər. Nəşrin yazdığına görə, ölkənin siyasi dairələri iddia edir ki, Ukrayna iki yerə ayrılarsa, ilk növbədə Krımdan məhrum olacaq. Belə ki, eyni situasiya Gürcüstanda olduğu kimi baş verə bilər. Rusiyalı mənbə bununla bağlı deyib: "Biz, Gürcüstanda olduğu kimi, Krıma daxil olaraq oranı müdafiə edəcəyik". "The Financial Times" nəşri xatırladıb ki, 2008-ci ilin yayında Gürcüstanın hərbi birləşmələri separatçı Cənubi Osetiya respublikasının ərazisinə daxil olandan sonra Rusiya hərbi maşını Gürcüstana müdaxilə edib və nəticədə Cənubi Osetiya ilə Abxaziyanı müstəqil ölkə kimi tanıyıb. Nəşr son olaraq qeyd edib ki, eyni ssenarinin təkrarlanacağı ehtimalı bu dəfə Ukraynada baş verən hadisələrdən doğa bilər. Belə ki, Krımın 60% əhalisini ruslar, yerdə qalan 40%-ni isə ukraynalı və Krım tatarları təşkil edir. Maraqlıdır ki, bir neçə gün əvvəl də Krımda özünü Xalq Cəbhəsi adlandıran rusiyayönümlü təşkilatın rəhbəri Valeri Podyaçi Ukraynanın öz borclarının əvəzinə Krımı 99 illik müddətə Moskvaya icarəyə verməsini təklif edir. Bəs, 99 illik icarə müddəti bitəndən sonra nə olacaq? Podyaçi bu suala da özünəməxsus şəkildə cavab verir: "Məncə, Ukrayna müstəqil dövlət kimi 99 il yaşamayacaq. Rusiya qalacaq. Hər şey bir yana, Rusiya ABŞ, Çin, Avropa İttifaqı kimi dünya oyunçusudur. Ona görə, şübhəsiz ki, Rusiya mövcud olacaq. Amma Ukrayna qalacaqmı? Ona görə, prinsipcə, Krımın icarəyə verilməsi hamını qane etməlidir". O da maraqlıdır ki, Rusiyanın Simferopoldakı konsulluğu yarımadanın etnik rus sakinlərinə Rusiya pasportları paylayır. Krımın paytaxtı Simferopolda Rusiyanın MDB ölkələri ilə iş üzrə dövlət agentliyinin ofisi fəaliyyət göstərir. Bütün bunlar eynilə Gürcüstanda da həyata keçirilmişdi. Ukraynada da hadisələrin bu məcrada inkişaf edə biləcəyi xüsusi narahatlıq doğurur. Bununla bağlı olaraq Ukrayna Təhlükəsizlik Xidməti ölkədə müşahidə olunan separatçılıq meylləri haqda bəyanat yayıb. Bəyanatda deyilir ki, bu gün Ukraynada ayrı-ayrı siyasətçilər, bəzi ictimai birliklərin liderləri əhali arasında avtonom və separatçı əhval-ruhiyyənin yayılmasına cəhd göstərir. Açıqlamada bildirilir ki, müxtəlif səviyyələrdən olan ayrı-ayrı deputatlar xarici dövlətlərin nümayəndələri ilə separat danışıqlar aparır: "Ölkənin bir neçə yerə bölünməsinin mümkünlüyü barədə açıq məsləhətləşmələr gedir. Bu, unitar dövlət kimi ölkəmizin varlığına son qoya və dövlət suverenliyinin itirilməsinə səbəb ola bilər. Bunlar nəzərə alınaraq Təhlükəsizlik Xidməti tərəfindən Ukraynanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına qəsd edənlərə qarşı ciddi tədbirlər görüləcək, belə şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq". Həmçinin, Ukrayna müxalifəti Krım Muxtar Respublikasının parlamentini cəzalandıra biləcəyini bəyan edib. Ali Radanın "Batkivşina" fraksiyasının üzvü Nikolay Tomenko Krımın qanunvericilik orqanının buraxıla biləcəyini deyib: "Krımın Ali Radası bundan sonra da Konstitusiyaya zidd addımlar atacaqsa, biz onun buraxılması haqda qərar qəbul edə bilərik". Tomenko, həmçinin, Krım Muxtar Respublikasının Rusiyaya müraciət etməyə hazırlaşması ilə bağlı parlament araşdırmasına başlanmasını tələb edib. O, Krım deputatlarının fəaliyyətini Ukraynanın tərkibindən çıxmağa hazırlıq kimi dəyərləndirib. Bu arada digər bir məlumata görə, Ukraynanın Xarkov Şəhər Məclisinin deputatları Krım və Sevastopolda hökuməti ələ keçiriblər. Bununla bağlı deputatlar qətnamə hazırlayıb. Qətnamədə deyilir: "Biz, yerli özünüidarə orqanları, Krım Muxtar Respublikasının Ali Radası konstitusion vəziyyətin, bütün ərazilərdə qanun və insan haqlarının təmin olunmasını öz üzərimizə götürürük". Qətnamədə həmçinin bildirilib ki, bu vəziyyət Kiyevdə sabitliyin tam təmin olunmasına qədər davam edəcək. Məhz belə vəziyyət Rusiyanın Krıma müdaxiləsinə əlverişli zəmin yaradır.
Onu da qeyd edək ki, Simferopolda RF Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Slutski bəyan edib ki, Rusiya Ukraynanın ərazi bütövlüyünün saxlanmasının tərəfdarıdır. Lakin bununla yanaşı, Krımın RF ilə birləşməsi haqqında qərar qəbul ediləcəyi halda ona baxmağa hazırdır: "Ümumilikdə Ukraynada vəziyyətlə bağlı bizim baxışlarımıza gəldikdə, biz Ukraynanın bütövlüyünün qorunub saxlanmasının tərəfdarıyıq. Ümid edirik ki, bu gün bu, realdır... Biz ölkənin öz bütövlüyünü qoruyub saxlamağı bacaracağına inanırıq".
Bununla yanaşı, o qeyd edib ki, əgər bu gün Kiyevdə mövcud olan tendensiyalar davam etsə və dərinləşsə, Krım parlamenti və yarımadanın əhalisi RF ilə birləşmək istəklərini referendumda ifadə edərlərsə, Rusiyada belə qərar nəzərdən keçiriləcək: "Biz bu vəziyyəti öyrənəcəyik və çox güman ki, kifayət qədər sürətlə öyrənəcəyik... Yəqin ki, biz sağlam düşüncəni və onun reallaşdırılması üçün praktiki addımları tapa biləcəyik".
Fevralın 24-də isə belə bir məlumat yayıldı ki, Rusiya Krıma əlavə silahlı qüvvələr və texnikalar göndərir. "Azadlıq" Partiyasının rəhbəri Oleq Tyaqnibok çıxış edən zaman Krımda yerləşən rus ordularında texnika və canlı qüvvənin sayının daha da artırıldığını deyib: "Sevastapola desant gəmisinin gəlməsi planlaşdırılıb. Rusiya bir gün ərzində Sevastopola 200 nəfər əsgər və BTR göndərib. Bundan başqa isə Soçidən Anapaya 6 Mİ-8 vertolyotunun gətirilməsi haqqında informasiya da var".
O, qeyd edib ki, dərhal Krım rəhbərliyi əlaqə saxlamaq və günahkar məmurların xaricə səfər etmələrinin qarşısını almaq lazımdır.
Bu arada Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Vladimir Putinin Krımla bağlı gizlin plnaları haqqında şok açıqlamalar verib. Mixail Saakaşvili Ukraynanın yeni hakimiyyətini Krıma diqqət ayırmağı tövsiyə edərək bildirib ki, Rusiya prezidentinin bu regionla bağlı bəzi ciddi planları var və ona hazır olmaq lazımdır: "Pis hal odur ki, Putinin Ukraynanı parçalamaqla bağlı hansısa niyyəti var. Yaxşı tərəfi isə odur ki, Putinin planlarının olduğu bəllidir və buna qarşı hansı addımları atmaq və nə etmək lazımdır. Çünki Putin bu planlarını Gürcüstanda Abxaziya və Cənubi Osetiya təcrübədən keçirib".
Saakaşvili əlavə edib ki, Putin yeri gələndə pasport verir, təxribat yaradır, istədiyi məqamda öz dəniz donanmasından istifadə edib Krımla Ukrayna arasındakı quru sərhədini kəsə bilər. Onun fikrincə, Rusiya Krimla Ukrayna arasındakı əlaqəni kəsməklə yeni bir dəhliz yaratmaq istəyir ki, bu minvalla da Abxaziya, Krasnodar, Krım, Odessa, Nikolayev vasitəsi ilə Pridnestroveyə ilə Rusiya arasında birbaşa birbaşa dəhliz yaratmaq niyyətini güdür: "Bu onun planıdır və həyata keçirmək üçün çalışacaq. Onlar hesab edirlər ki, possovet ölkələrini saxlaya bilmədik, Ukraynanı itirdik. Amma əvəzində Rusiyanın ərazilərini genişləndirdik. Ona görə də hamılıqla Putinin Krım planın qarşısını almalıyıq ki, bu plan işə düşməsin".
Onu da bildirək ki, Ukrayna müxalifəti Qara dəniz donanmasının Krımda qalma müddətinin uzadılması ilə bağlı Xarkov razılaşması qanununu qəbul etmir və donanmanın modernləşdirilməsininin söz mövzusu ola bilməyəcəyini deyir. Müxalifətə görə, ölkədə rəhbərlik dəyişəcək və Qara dəniz donanmasının Ukraynadan çıxarılması mövzusu yenidən gündəmə gətiriləcək. Müxalifətin fikrincə bu donanmanın modernləşməsi bölgədə güc tarazlığının Rusiyanın leyhinə dəyişməsiylə nəticələnəcək və buna da bölgə dövlətlərinin, xüsusnə də Türkiyənin reaksiyasını göz önünə gətirmək lazım olacaq. Müxalifətin qənətincə, Rusiyanıvn təsirində olan donanma mütləq ləğv edilməlidir. Bu donanmanın mövcudluğu Ukraynanın müstəqilliyini sual altına almış olur. Bu məsələ ilə bağlı Xarkov razılaşması mütləq pozulmalıdır.
Xatırladaq ki, Rusiyanın Qaradəniz donanmasının Ukrayna torpaqlarında qalmasıyla bağlı çərçivə razılaşması 1997-ci ilində imzalanıb. Rusiya bunun müqabilində Ukraynaya ildə 98 milyon dollar ödəyir. Qara dəniz donanması 2017-ci il mayın 28-dək Ukraynada qalacaq. Lakin 2010-cu il apreldə Ukrayna və Rusiya arasında imzalanan Xarkov razılaşmasına görə Qara dəniz donanmasının Krımda qalma müddəti 25 il daha uzadılıb. Yəni bu müqaviləyə görə, Qara dəniz donanması ən az 2042-ci ilə qədər Krımda qalacaq. Ancaq bu müqavilə Rusiyanın bölgəyə istiqamətli iddialarının reallaşdırması üçün kafi deyil. Çünki Moskvanın təzyiqlərinə baxmayaraq Qara dəniz donanmasının Ukrayna torpaqlarında qalma, yer dəyişdirmə və silahlanma şərtləri ilə bağlı razılaşma imzalanmayıb. 2011-2020-ci illər arasında ordunun modernləşdirnilməsi proqramında Qara dəniz donanmasına böyük yer ayıran Moskva yaxın illərdə Krıma 15 yeni gəmi və sualtı qayıq göndərməyi planlaşdırır. 2017-ci ilə qədər 6 dənizaltı gəmi, 2025-ci ilə qədər Qara dənizdəki müasir döyüş gəmilərinin sayını 35-ə çatdırmaq planlaşdırılır.