Türkiyə hökuməti Respublika Günü ilə bağlı qəbulu təxirə salıb Dünya

Türkiyə hökuməti Respublika Günü ilə bağlı qəbulu təxirə salıb

Taner Yıldız: "Kömür mədənində qalan işçilərin xilasına ümidlər azalır"

Türkiyə hökuməti ölkənin Ermenek şəhərindəki kömür mədənində baş vermiş qəza ilə əlaqədar olaraq Respublika Günü münasibətilə rəsmi qəbulun keçirilməsini təxirə salıb. Bu barədə "TRT Haber" xəbər verir.
Prezident Rəcəb Tayyip Ərdoğan bu gün qəza baş verən şəhərə gedəcəyini bildirib.
Mədəndə dağıntı və subasma 375 metr dərinlikdə baş verib. Xilasedicilər yerin altında qalmış 18 mədən işçisinin su basmamış bölmələrdə gizlənə bildiklərinə ümid edirlər. Su basmış mədəndə suyun hündürlüyü 50 metrə çatır. Suyun mədəndən kənara vurulması iki günə yaxın davam edə bilər. Mədənə dalğıcların göndərilməsi planlaşdırılır.
Xatırladaq ki, Türkiyənin Qaraman bölgəsində Has Şəkərlər Mədənçilik şirkətinə aid olan kömür şaxtasında baş verən qəzada 18 işçi suyun altında qalıb.
Türkiyə mətbuatı xəbər verir ki, hadisədə itkin düşən işçilər barəsində hələ də heç bir məlumat yoxdur. Faktı Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Taner Yıldızın son rəsmi açıqlaması da təsdiqləyib. Nazir son açıqlamada vəziyyətin hələ də qənaəətbəxş olmadığını qeyd edib: "Mədəndəki suyun səviyyəsi işçilərimizin olduğu yerdən yüksəkdədir. Çox təəssüf ki, həqiqət budur. Suda görünüş məsafəsi heç bir metr də deyil. Dalğıcların isə 3-4 metr irəli getməsi çox təhlükəlidir."
Nazir əlavə edib ki, kömür mədənində qalan işçilərin xilasına ümidlər azalır.
Qeyd edək ki, Soma hadisələrindən sonra Qaramanda baş verən su basqını qardaş Türkiyədə ikinci böyük mədən fəlakəti hesab olunur.