İrəvan Moskvanın vassalı olduğunu etiraf edib Dünya

İrəvan Moskvanın vassalı olduğunu etiraf edib

Sarkisyan: "Ermənistan məsuliyyətli partnyor kimi çıxış edib və bu vaxt müddətində öz öhdəliklərini yerinə yetirib"

Cavid

"Ermənistanın Avrasiya İqtisadi İttifaqına birləşməsi haqqında sənədlər paketi dekabrın əvvəllərində bu ölkənin parlamentinin iclasının gündəliyinə salına bilər". Bu açıqlama ilə Ermənistan prezidenti Serj Sərkisyan çıxış edib. Ermənistan rəhbəri deyib ki, İrəvan hökuməti sənədlər paketinin milli təsdiqi prosesinin tamamlanması üzərində köklənib.
Serj Sərkisyanın açıqlamasından belə başa düşülüb ki, Ermənistan Rusiya qarşısındakı öhdəliklərini yerinə yetirməsə idi, Avrasiya İqtisadi İttifaqına girə bilməyəcəkdi:
"Yol xəritəsinin vəziyyətlərinin reallaşdırılması istiqamətində böyük işlər aparılıb. Yəni praktik olaraq, kifayət qədər yaxşı işlər görülüb. Bu dəfə Ermənistan məsuliyyətli partnyor kimi çıxış edib və bu vaxt müddətində öz öhdəliklərini yerinə yetirib",-deyə Ermənistan prezidenti bildirib.
O, həmçinin söyləyib ki, hökumətdən sənədlər paketi alınıb və Konstitusiya məhkəməsinə göndərilib. Serj Sərkisyan qeyd edib ki, Ermənistan 17 noyabra qədər Ermənistan Konstitusiya məhkəməsi bununla bağlı qərar qəbul edəcək və sonra sənədlər paketi parlementə təqdim ediləcək. Ermənistan prezidenti onu Konstitusiya məhkəməsinə və parlamentə təzyiq etməkdə ittiham etməməyi xahiş edib.
Qeyd edək ki, siyasi dairələrdə Rusiya prezidenti Vladimir Putinin Serj Sərkisyanı Rusiyadan Ermənistana verilən qazın qiymətini qaldıracağı ilə şantaj edərək Avrasiya İqtisadi İttifaqına qoşduğu bildirilir.
Vaşinqtondakı Qlobal Təhlükəsizlik Analizi İnstitutunun Energetika və Geosiyasət Mərkəzinin direktoru Ariel Koen isə Moskvadakı mənbələrinə istinadən deyib ki, Putin Sərkisyanı Qarabağ məsələsində güzəştə getmədiyinə görə əməlli-başlı danlayıb.
Ermənistan Avrasiya İqtisadi İttifaqına Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separtçı rejimlə getmək istəsə də, bu reallaşmayıb. Xatırladaq ki, Ali Avrasiya İqtisadi Şurasının oktyabrın 10-u Minskdə keçirilən sammitində Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilə imzalanıb. Rusiya, Qazaxıstan, Belarus, Ermənistan prezidentlərinin imzaladığı müqavilə dörd ölkənin parlamentində təsdiqlənməli və 2015-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.
Avrasiya İqtisadi İttifaqını bu il mayın 29-da Rusiya, Qazaxıstan, Belarus yaradıblar.
O da faktdır ki, Qafqazda Azərbaycanın sosial-iqtisadi tərəqqisindən, hərbi-siyasi qüdrətinin artmasından ən çox əndişələnən, qorxuya düşən işğalçı Ermənistandır. Rusiyanın forpostu olan bu ölkə Azərbaycan tərəfinin bütün səylərinə baxmayaraq, danışıqlar prosesində konstruktiv mövqe tutmaqdan, işğal etdiyi Azərbaycan torpaqlarını sülh yolu ilə azad etməkdən yayınır.
Ermənistanın Rusiyanın vassalına çevrilməsi fikrini elə erməni və rus politoloqları da etiraf ediblər. Məsələn, rusiyalı politoloq, Rusiya Elmlər Akademiyası Avropa İnstitunun MDB ölkələri Strateji İnkişaf Mərkəzinin direktoru Aleksandr Qusevin sözlərinə görə, Rusiya Ermənistana forpostu kimi baxır: "Ermənistanın Gömrük İttifaqının əvəzində gözləntilərinə Gürcüstandakı siyasi dəyişiklik də şərait yaradır. Ermənistan sakit yaşaya bilər. Ən azından 2044-cü ilə qədər".
Digər siyasi ekspert, Rusiya Elmlər Akademisyaı Şərqşünaslıq İnstitunun Mərkəzi Asiya və Qafqazı öyrənən Mərkəzin eksperti Andrey Areşev isə politoloq Aleksandr Qusevin fikrini inkişaf etdirərək bildirib ki, Ermənistanda 2044-cü ilə qədər sakit ola bilərlər: "Çünki 2044-cü ildə Rusiya qoşunlarının Ermənistanda dislokasiya müddəti başa çatır.

Politoloq Zəfər Quliyevin fikrincə isə reallıq Ermənistanın son dərəcə acınacaqlı durumda olduğunu göstərir. Biz yaxın günlərdə Tiflisdə Gürcüstan və Ermənistan vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri ilə bərabər Güney Qafqazdakı durumu müzakirə edirdik.
O toplantıda ermənilər bildirirdilər ki, Ermənistan artıq bir dövlət kimi, müstəqil cəmiyyət kimi yoxdur. Kremlin nəinki birinci, yüzüncü şəxs İrəvana zəng edib əmrlər verə bilir. Ermənistan Kremlə o dərəcədə tabe olub ki, Rusiyanın bir quberniyasından belə kiçik səlahiyyətlərə sahibdir.
"Azerbaijan Realities" analitik təhlil qrupunun üzvü Nailə Məmmədova isə bildirib ki, atəşkəsin elan olunmasından keçən müddət ərzində Azərbaycan çoxşaxəli və məqsədyönlü strateji inkişaf konsepsiyası ilə dünya birliyinin layiqli üzvünə, regional liderə çevrilmişdir. Beynəlxalq münasibətlər sisteminin aparıcı aktoru olan respublikamız istər daxili, istərsə də xarici strategiyası ilə bir sıra yeniliklərə imza atmış, sabitlik, tolerantlıq mərkəzinə çevrilmişdir. Müasir Azərbaycan Ordusu da artıq 20 il əvvəlin ordusu deyildir. Bu gün Azərbaycanın real, hər cür lazımi hərbi vəsaitlərlə təmin olunmuş, çox ciddi hərbi təlim keçmiş ordusu vardır.
Bəs maraqlıdır, Ermənistanın nəyi var? Bir az da statistik göstəricilərə nəzər salaq. Hazırda Ermənistan əhalisinin sayı 3 milyona yaxındır. 1990-cı illərin əvvəlində isə bu rəqəm 3,7 milyon nəfər olub. Ciddi şəkildə enmə müşahidə olunmaqdadır. Azərbaycanın əhalisi isə 9,5 milyona yaxındır. Yüksək artım mövcuddur. Həm də torpaqların işğalına, on minlərlə şəhidin verilməsinə baxmayaraq.
Bundan başqa, Ermənistanın 2014-cü il üçün dövlət büdcəsi 3 milyard dollara yaxındır. Azərbaycan isə illik büdcədən təkcə 3,8 milyard dollara yaxın vəsaiti ölkənin müdafiəsi məqsədilə ayırmışdır. Yəni Azərbaycanın hərbi müdafiə məqsədilə büdcədən ayırdığı vəsait Ermənistanın dövlət büdcəsindən çoxdur. Ümumilikdə, Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsi 25 milyard dollara yaxındır. Ermənistan enerji mənbələri baxımından yoxsul bir ölkədir. Həmçinin, Xəzərin enerji qaynaqlarına çox yaxın bir sahədə yer alan Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində regionun imkanlarından da lazımi dərəcədə yararlana bilmir.
Ermənistan iqtisadiyyatı çökmüş durumdadır. Vətəndaşlar öz ölkələrini tərk edirlər. Hətta bununla bağlı belə bir deyim də vardır: hər bir erməni birtərəfli uçuş biletini almaq üçün pul arxasınca qaçır. Yəni təyyarə biletini toplaya bilən hər bir erməni ölkəsini tərk edir, bir daha geri qayıtmır. Ermənistan prezidenti Serj Sarkisyanın bu il avqustun 24-də gənc jurnalistlərlə görüşü zamanı əlacsız etdiyi etirafları da bunu təsdiqləyir: "Ermənistanın əksər vətəndaşları ədalət çatışmazlığı və ya qanunun aliliyinin olmamasına görə daha yaxşı həyat üçün ölkəni tərk edirlər. Məsələ ondadır ki, biz sayca azıq və miqrasiya bizə ikiqat pis təsir edir. Başqa yandan, siz başa düşməlisiniz ki, digər ölkələrlə müqayisədə bizdə ən azı iki əlavə motiv var ki, ölkədən köçü daha da stimullaşdırır: birincisi, erməniləri maqnit kimi özünə çəkən diaspordur. İkincisi isə, başa çatmayan müharibə, təhlükəsizlik problemidir. Valideynlər həyəcan keçirir və s.".
Yaranmış vəziyyətin gərginliyi erməni ekspertlərini də ölkənin gələcəyi ilə bağlı bədbin proqnozlar verməyə vadar edir. Məsələn, analitik İqor Muradyan prezident Serj Sarkisyanı "Avropa ölkəsinin prezidenti olmaq statusundan imtina edərək Ermənistanı bütün dünyanın gülüş hədəfinə çevirmiş, "uduzmuş siyasətçi" adlandırır. Ermənistanın uçurumun kənarında dayandığını deyən ekspertin fikrincə, korrupsiyalaşmış Sarkisyan rejiminə qarşı ictimaiyyətin sərt təpkisi olmadan, ölkənin idarəetmə kursunu dəyişmədən onu xilas etmək mümkün olmayacaq.
Ermənistanın coğrafi durumu da ordu təminatına xeyli dərəcədə təsir göstərir. Ölkənin dəniz sərhədinin olmaması səbəbindən donanması olmayan Ermənistan ordusu sadəcə quru və hava qüvvələrindən ibarətdir. Ermənistanın ən önəmli problemlərindən biri də hərbi büdcə, əsgər maaşıdır. Bu problem ən çox zabit maaşlarının verilməsində və mövcud hərbi texnologiyanın qorunmasında özünü göstərir. Bu, insanların orduya olan inamını azaldan əsas amildir.
İqtisadi böhran məngənəsində qalan Ermənistan hökuməti yalnız müharibə imitasiyası edəcək gücə malikdir. Bu imitasiya isə zaman-zaman səfalət içində boğulan xalqın gözündən pərdə asmaq, ya da ki, regionda mövcud təzyiqlərin tələb etdiyi zaman ortaya çıxır. Reallıq isə budur ki, Ermənistan faktiki olaraq Rusiyanın vassalına çevrilib. Ölkə özünü idarə etmək iqtidarına malik deyildir. Soçi görüşündən sonra Ermənistan prezidenti Serj Sarkisyanın "Ermənistan çox qısa zamanda istənilən çiçəklənən yaşayış məntəqəsini Ağdam kimi xarabalığa çevirə bilər" kimi sərsəm bəyanat verməsi gülünc səslənsə də, bu, əslində, faktiki olaraq əlavə güclərdən dəstək almasının sübutu və digər tərəfdən də, görüşdən sonra müharibə olmayacağı qarantını alaraq quru şüarlarla xalqı aldatma manevri idi. Soçi görüşündən əvvəl pafoslu çıxışları ilə diqqət toplayan erməni hakim dairələri görüşün öz xeyirlərinə nəticələnəcəyinə ümid edir, Azərbaycan tərəfinə öz "arzular"ını diqqtə etdirəcəyinə inanırdılar. Lakin daim xülya içərisində yaşayan Sarkisyan hökuməti bu görüşdən sonra diplomatik məğlubiyyəti ilə barışmalı oldu.