Ukraynanın şərqində gərginlik artır Dünya

Ukraynanın şərqində gərginlik artır

Döyüşlər əsasən Donetsk hava limanı ətrafında və Luqansk ərazisində Debaçeve kəndi ətrafında gedir

Con Makkeyn: "Tarix Obamanı təkcə uğursuz prezident kimi mühakimə etməyəcək, ABŞ prezidenti günahsız ukraynalıların ölümündə məsuliyyət daşıyır"

Cavid

Ukraynada hazırda təxminən dörd min Rusiya hərbçisi qeyri-leqal statusdadır. Unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Əsgər Anaları İttifaqının məsul katibi Valentina Melnikov bildirib. "Mən hesab edirəm ki, hazırda Ukraynada təxminən 4 min Rusiya hərbçisi qanunsuz yerləşdirilib. Amma hərbi qulluqçuların özləri bunun qanunsuz olduğunu bilmirlər. Hətta onların qohumları ümumiyyətlə heç nə bilmirlər", - o, vurğulayıb.
V.Melnikovun sözlərinə görə, əsgərlərin qohumları yalnız avqustun əvvəllərində Rusiya hərbçilərinin Donbas hövzəsində ölməsindən sonra narahat olmağa başladılar. Onun sözlərinə görə, Rusiya ordusunun Donbas hövzəsində ən böyük itkiləri avqust ayında qeydə alınıb. Ukraynalı ekspertlər isə Rusiyanın Donbas hövzəsindəki hərbçilərinin sayının daha çox olduğunu bildirirlər. Ukrayna Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri 4 gün əvvəl Donbas hövzəsində 15 min Rusiya muzdlusu və 12 min yerli döyüşçüdən ibarət 4 zərbə qruplaşması formalaşdırıldığı barədə xəbər verib.
Rusiyanın isə üç ədəd "Pantsir" zenit-raket kompleksinin Novosibirsk adaları arxipelaqına daxil olan Kotelnıy Arktik adasında yerləşdirdiyi bildirilir.Rusiya mediasının verdiyi məlumata görə, bu barədə sözügedən kompleksləri istehsal edən "Şeqlovskiy val" şirkətinin baş direktoru Vladimir Popov bildirib. "Üç "Pantsir" kompleksi artıq Kotelnıy adasında istismar edilir. Onlar orada təlimlərdə iştirak ediblər və özlərini əla göstəriblər", - deyə Popov vurğulayıb. O, əlavə edib ki, 2017-2018-ci illərdə müəssisənin istehsal gücü 2,5-3 dəfə artacaq.
Ukraynada da vəziyyət ürəkaçan deyil. Hər gün tərəflər arasında atışmalar nəticəsində itkilər qeydə alınır. Belə ki, son iki gün ərzində Ukrayna ordusunun separatçılarla döyüşlərdə 4 əsgəri həlak olub. Bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası açıqlama verib. Daha 23 hərbiçi döyüşlər zamanı yaralanıb. Döyüşlər əsasən Donetsk hava limanı ətrafında və Luqansk ərazisində Debaçeve kəndi ətrafında gedir.
Tərəflər arasında atəşkəs haqda razılaşma əldə olunsa da döyüşlər səngimək bilmir. Ukraynanın şərqində hər gün atəş səsləri eşidilir.
Qeyd edək ki, NATO bəyan edib ki, Rusiya qoşunları Ukraynanın şərq regionlarına daxil olub və separatçılara dəstək verir. Amerikalı senator Con Makkeyn isə Ukraynadakı mövcud vəziyyətin yaranmasında ABŞ prezidenti Obamanı günahlandırıb. Onun fikrincə, tarix bu prezidenti təkcə uğursuz prezident kimi mühakimə etməyəcək. O, Ukraynaya silah verilməməsinə görə Obamanın məsuliyyət daşıdığını bildirib: "Putinin etdiklərindən sonra biz hələ də Ukraynanı silahla təmin etmədiyimizi seçicilərə deyəndə, onlar inanmırlar. Onlar ukraynalıların ölməyini sadəcə müşahidə etdiyimizə görə bizi qınayırlar. Tarix Obamanı təkcə uğursuz prezident kimi mühakimə etməyəcək. Obama, həmçinin, günahsız ukraynalıların ölümündə məsuliyyət daşıyır".
Ukrayna əsgərləri ilə yanaşı rus əsgərlərinin də itgilər siyahısında yer aldığı bildirilir. ATƏT-in müşahidə missiyası məlumatına görə, əsgər cənazələrinin daşınmasında istifadə olunan avtomobillər Rusiya-Ukrayna sərhədini keçərkən müşahidə olunublar. ATƏT-in müşahidə missiyası məlumat yayıb. Müşahidə missiyasının sonuncu hesabatında üzərində "Yük 200" yazılmış avtomobillərin ötən gün separatçıların nəzarətində olan Donetsk bölgəsinə keçərək elə həmin axşam geri qayıtdığı bildirilib. Rusiyaya qayıdan avtomobilin təftiş edilməsinə izn verilmədiyi deyilir. Qeyd edək ki, Rusiya hərbçilərinin məxfi dilində döyüşdə həlak olanlar "Yük 200" adlandırılır.
Bu arada ABŞ-ın BMT-dəki nümayəndəsi Samanta Pouer çıxışı zamanı Rusiyanı sülh danışıqlarında da müharibə axtarmaqda ittiham edib. "Rusiya sülh planı üçün danışıqlar aparır və sonradan onları sistematik olaraq hər bir addımda sarsıdır. Sülh haqqında danışsa da, müharibəni qızışdırmağa davam edir", Samanta Pouer əlavə edib. Rusiyanın BMT-dəki səfirinin müavini Aleksandr Pankin amerikalı həmkarının ittihamlarına cavab olaraq deyib: "ABŞ Rusiyaya qarşı əsassız ittihamlar irəli sürməklə Ukraynada müharibəni qızışdırır". Pankin deyib ki, NATO-nun ittihamları gerçəkliyi əks etdirmir. O, Təhlükəsizlik Şurasının üzvlərini ölkəsinə qarşı təbliğat aparmaqda ittiham edib. Qeyd edək ki, NATO-nun Rusiyaya qoşun yeritməsi ilə bağlı xəbrdarlığından sonra BMT Təhlükəsizlik Şurasının təcili toplantısı çağırılıb.
Separatçılar isə 18 noyabrda Xarkovda mitinq keçirməyə hazırlaşır. Unian.net-in verdiyi məlumata görə, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko "Facebook" səhifəsində bildirib. A.Qeraşenkonun sözlərinə görə, mtinqin Moskva prospektində "Turboatom" zavodunda keçirilməsi planlaşdırılır.O, qeyd edib ki, Daxili İşlər Nazirliyi Rusiya meylli diversantların təxribatlarına imkan verməmək üçün aksiyanın qadağan edilməsi tələbi ilə məhkəməyə müraciət edəcək. O, həmçinin əlavə etdi ki, mitinqdə 150 insanın iştirak edəcəyi barədə informasiya əldə olunub.
Bu günlərdə Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk və Viktor Yuşenkonun Ukraynada siyasi vəziyyət haqqında birgə bəyanatında rəsmi Moskva haqlı olaraq ittihamlanır. Bəyanatda bildirilir ki, müxtəlif formatlarda beynəlxalq danışıqlar real nəticələr gətirmədi və Donbas hövzəsində separatçılar Rusiyanın böyük geosiyasi oyununda alət olaraq qalır. Sabiq prezidentlət hesab edir ki, rəsmi Kiyev Donbas hövzəsindəki separatçılara ultimatum irəli sürməlidir: "Separatçılara ultimatum vermək lazımdır ki, təslim olmaqdan imtina edənlər, insanları öldürməkdə və Ukraynanın ərazi bütövlüyünə qəsd etməkdə davam edənlər məhv ediləcək. Müxtəlif formatlarda beynəlxalq danışıqlar Kremlin planlarında və Ukraynaya qarşı hibrid müharibə metodlarında heç bir dəyişikliyə gətirin çıxarmadı", - deyə bəyanatda qeyd olunub. ATƏT-in monitorinq missiyasının olmasına baxmayaraq, Ukrayna sərhədi vasitəsilə Rusiya qoşunları və hərbi texnikanın "humanitar yardımlar" adı ilə çox rahat şəkildə Ukraynaya keçdiyini vurğulayan sabiq prezidentlər hesab edir ki, bütün bu hərəkətlərə cavab olaraq Ukraynanın Silahlı Qüvvələri, eləcə də ictimai-iqtisadi və siyasi həyatda islahatlar keçirilməlidir. "İşğal olunan ərazilərlə bağlı iqtisadi və sosial siyasəti dəyişdirmək lazımdır. Separatçılarn istifadə edə biləcəyi enerjidaşıyıcısıların çatdırılması və maliyyələşdirilməsini dayandırmaq lazımdır. Ukrayna büdcəsiisə ölkənin müstəqilliyini məhv etmək olmaz", - deyə Kravçuk və Yuşenko qeyd edirlər. Ukraynadakı vəziyyətlə bağlı olaraq Qərbin Rusiyaya iqtisadi sanksiyalara görə, Rusiya prezidenti Putin Avropanı boykot edib. "Putinə dəvət gəlib, amma o, Davosda iştirak etməyəcək". Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Onun sözlərinə görə, Putin Davos dünya iqtisadi forumunda iştirak etməkdən imtina edib.
"Davosda iştirak üçün Rusiya prezidentinə dəvət gəlib. Lakin Putin orada iştirak etməyəcək", deyə Peskov bildirib.
Qeyd edək ki, Putin sonuncu dəfə Davos dünya iqtisadi forumunda 2009-cu ildə işitrak edib. Həmin vaxtı o, çıxşını qlobal iqtisadi problemlərə həsr etmişdi.