
Qarşısıalınmaz bahalaşma Kreml rəhbərliyini çaşqın vəziyyətə salıb
Cavid
Qərbin Rusiyaya sanksiyaları rəsmi Moskvanın iqtisadiyyatını ağır zərbə altında qoyub. Bahalaşma Rusiyanı çıxılmaz vəziyyətə salıb. Bu da o deməkdir ki, Yeni il Rusiyaya daha ağır problemlər gətirəcək. Dünya bazarında neftin qiyməti aşağı düşməkdə davam etsə də, Rusiyada benzinin qiyməti artmaqdadır.
Təzadlı tendensiya ölkə rəhbərliyinin narahatçılığına səbəb olub. Rusiya mediasının yazdığına görə, Nazirlər Kabinetində keçirdiyi müşavirədə Prezident Vladimir Putin Rusiya yanacaq bazarında hazırkı vəziyyəti başa düşmədiyini deyib və inhisar əleyhinə federal xidmətə bu məsələni araşdırmağı tapşırıb. Belə ki, dekabrın 1-nə olan məlumata görə, dünya bazarında "qara qızıl" 35 faiz ucuzlaşdığı halda, Rusiyada neft məhsullarının qiyməti 10 faiz artıb.
Rusiya inhisar əleyhinə federal xidməti keçən həftə neft kompaniyaları, yanacaq istehsalçıları və iri yanacaqdoldurma məntəqələri sahiblərinin ünvanına bazarda benzinin qiymətində uyğunsuzluğa görə araşdırılma aparıla biləcəyi barədə xəbərdarlıq məktubu göndərmişdi.
Rusiyanın yanacaq ittifaqında isə qiymətlərin qalxmasının qanunlar, daha doğrusu vergi manevri ilə bağlı olduğu fikrindədirlər.
Qeyd edək ki, dünya bazarında neftin qiymətinin ucuzlaşması iyun ayında başlayıb və dekabrın əvvəlindən daha intensiv hal alaraq beşillik minimuma enib. Dekabrın 9-da Brent markalı neftin barrelinin qiyməti 65 dollardan da aşağı düşüb. Rusiyada benzinin qiymətində isə iyul ayından oktyabradək əks-dinamika müşahidə olunub. Son vaxtlar benzinin topdan satış qiymətlərində 20 faizə qədər ucuzlaşma qeydə alınsa da, bu, pərakəndə satış qiymətlərinə nəzərəçarpacaq təsir göstərməyib.
Bundan başqa Rusiyada ət və ət məhsullarının qiyməti 20-40 faiz bahalaşıb. Xüsusən mal ətindən hazırlanan konservlərdə 40 %-lik qiymət artımı qeydə alınıb. Rusları ən çox narahat edən isə toyuq ətinin az da olsa bahalaşmasıdır.
Qeyd olunur ki, Rusiyada toyuq əti istehsalı əsasən daxili imkanlar hesabına həyata keçirilib. Ona görə də toyuq ətinin bahalaşması başa düşülən deyil. Yaxın gələcəkdə isə sanksiyalardan dolayı ölkəyə daxil olmayacaq 200 min tonluq toyuq ətinə ehtiyacın yerli fermerlər tərəfindən aradan qaldırılacağı gözlənilir.
Ancaq bahalaşma müəyyən həddə qədər davam edə bilər. Çünki ölkədə bahalaşma qeydə alınsa da, əhalinin gəlirində heç bir yüksəliş müşahidə olunmayıb.
Yeni ildən sonra Rusiyada çay və qəhvənin topdan satış qiymətləri ən azı 10% artacaq. Bu barədə isə Rusiyanın çay və kofe istehsalçıları assosiasiyası – "Rosçaykofe"dən bildirilib. Assosiasiyasının baş direktoru Ramaz Çanturiya qeyd edib ki, çay və qəhvə xammalına olan xərclərin artması Rusiya müəssisələrinin gəlirsiz işləməsinə və zərər etməsinə səbəb olub.
Baş direktor qeyd edir ki, şirkətlər ilin sonuna kimi qiymətləri hazırki vəziyyətdə saxlamağa və ticarət şəbəkələriylə bağlanmış müqavilələri yerinə yetirməyə çalışacaq.
Onun fikirinə görə, çayın və qəhvənin elit markalarını istehsal edən istehsalçılar qiymətləri uzun müddət aşağı həddə saxlamağı bacarmayacaq: "Orta və aşağı qiymət seqmentlərinin markalarını istehsal edən şirkətlər isə qiymətləri daha uzun müddət hazırki qiymətlərdə saxlaya bilərlər. Qəhvə və çayın yeni qiymətləri gələn ilin mart ayında qəti olaraq bəlli olacaq. Məhsulların pərakəndə qiyməti təxminən 20% bahalaşacaq", – deyə baş direktor qeyd edib.
Qeyd edək ki, Rusiyada rublun dəyərini itirməsi fonunda bəzi məhsulların qiyməti kəskin şəkildə artmağa davam edir. Artıq bu ayın əvvəlindən Rusiyada qarabaşağın qiyməti 27,5% bahalaşıb. Təkcə bir həftə ərzində (11-17 noyabr) qarabaşağın qiyməti 16,1% artıb. Qiymətlərin artmasına bazarda məhsul qıtlığı ilə bağlı şayiələrin yayılması da təsir edib. ans press
Rusiya tütün şirkətlərinin nümayəndələri isə bildiriblər ki, 2015-ci ildə Rusiyada siqaretin qiyməti 8-9 rubl bahalaşacaq.
Şirkətlər qiymətlərdəki artımın Federal vergi xidmətində tətbiq olunacaq yeni rüsumlarla bağlı olduğunu deyirlər. Tütün məhsulları üçün müəyyən olunmuş yeni aksiz rüsumları və digər xərclər qiymət artımına gətirib çıxaracaq.
İstehsalçılar aksiz vergisinin və digər xərclərin kəskin artmasına cavab olaraq istehsal olunan məhsulların qiymətlərini qaldıracaqlar. Aksiz rüsumunun gələn il üçün 11-30% arasında artacağı ehtimal olunur. Bu isə bahalaşmanın qaçılmaz olduğunu göstərir. Belə olan halda Rusiya mağazalarında 1 qutu siqaretin orta qiyməti təxminən 13% artaraq 68 rubla çatacaq.
Rusiyada bahalaşma təkcə siqaretlərin deyil, spirtli içkilərin də qiymətinə təsir edəcək. İdxal olunan içkilərin qiyməti fevral ayına qədər 20% artacaq. Yerli spirtli içkilərin qiyməti də gələn il üçün 10-15% arta bilər.keçirilib.
Rusiyanın baş naziri isə rublun ucuzlaşması ilə bağlı əhalini təmkinli olmağa və "isterika yaratmamağa" çağırıb. Rublun ucuzlaşmasının keçmişdə də baş verdiyini deyən baş nazir 2008-2009-cu illərdəki böhran vaxtı rublun məzənnəsinin kəskin şəkildə qiymətdən düşdüyünü xatırladıb. Onun sözlərinə görə, bir müddət ucuzlaşan rubl qiymətini yenidən bərpa edib və rubldakı əmanətlərini dəyişməyə tələsənlər "sadəcə pullarını itiriblər. "Öz əmanətlərini dollara, başqa valyutaya köçürənlər sadəcə olaraq pullarını itirdilər".
"Mən, təbii ki, maaşımı rublla alıram və əmanətlərimi rublda saxlayıram", - Medvedev deyib.
Xatırladaq ki, son bir neçə ay ərzində rubl aparıcı dünya valyutalarına nisbətdə dəyərinin yarısını itirib.
Rusiyanın baş naziri onu da deyib ki, ölkəsinə qarşı Qərbin qəbul etdiyi sanksiyalar heç kimin xeyrinə deyil və nəticə verməyəcək. Medvedevin sözlərinə görə, sanksiyalar nəticəsində Rusiya hazırda böyük itki verir. Lakin böyük itkiləri Qərb sahibkarları və şirkətləri də verir. Baş nazirin fikrincə, sanksiyalar hədəflədiyi ölkənin siyasətini dəyişdirmək iqtidarında deyil.
Bundan əvvəl Rusiyanın maliyyə naziri də sanksiyalar nəticəsində ölkə iqtisadiyyatının ildə 40 milyard dollaradək itki verdiyini bildirib. Anton Siluanov eyni zamanda enerjidaşıyıcıların ucuzlaşmasından irəli gələn iqtisadi itkilər barədə də danışıb. Rusiya rəsmisinin ötən ay verdiyi dəyərləndirməsinə əsasən, xam neftin 30 faizədək ucuzlaşması 90-100 milyard dollar həcmində itkilərə səbəb ola bilər.