Atəşkəs razılaşması pozuldu Dünya

Atəşkəs razılaşması pozuldu

Ukrayna hərbi büdcəsini artıracaq

Cavid

Ukrayna antiterror əməliyyatı (ATO) qərargahından verilən xəbərə görə, ötən gün ölkənin şərqində ukraynalı hərbiçilərin mövgeyi separatçılar tərəfindən 14 dəfə atəşə tutulub.
ATO mətbuat mərkəzinin Facebook səhifəsində separatçıların yüngül silahlardan atəş açdığı qeyd olunub. Bununla belə separatçıların eləcə də minaatan, "Grad" və tank əleyhinə sistemlərdən də istifadə etdikləri bildirilib. Atəşə məruz qalan ərazilər sırasında Frunze, Krımsk, Luhansk, Verhnetoretskoe, Avdiyivka, Nikişin, Debaltsevo məntəqələrinin adı çəkilib.
Öz növbəsində, separatçılar ötən gün ərzində mövqelərinin təhlükəsizlik qüvvələri tərəfindən atəşə məruz qaldığını bildirib.
Ukraynanın müdafiə naziri Stepan Poltorak isə təklif edib ki, ölkənin şərqindəki rusiyapərəst separatçılarla mübarizə üçün Ukrayna öz hərbi büdcəsini ikiqat artırmaqla 3 milyard dollara çatdırmalıdır.
Hərbiyyənin müasir silahlara ehtiyacı olduğunu deyən Stepan Poltorak orduya çağırılanların sayının artırılmasını da zəruri hesab edir. Müdafiə naziri 2015-ci ildə orduya 45 min mükəlləfiyyətlinin çağırılacağını və 10 min adamın xidmətə müqavilə əsasında cəlb olunacağını bildirib.
Yeni planlara görə ölkənin şərqində hərbçilərin sayı 232 mindən 250 minə çatdırılmalıdır.
Ukraynanın bir neçə istiqamətdən təhlükə ilə üzləşdiyini deyən Stepan Poltorak şərq və cənubdakı Dnestryanı ilə sərhədə əlavə qüvvənin göndəriləcəyini bildirib. "Bizə təhlükə yalnız şərqdən yox, cənubdan da mövcuddur. Orada ordu birləşmələrinin sayını artırmaq lazımdır. Zənnimcə bu batalyondan daha əsaslı şəkildə artıq olacaq. Çünki o tərəfdən Dnestryanı təhlükəsi var", - Poltorak deyib.
Qeyd edək ki, son 8 ay ərzində davam edən Ukrayna böhranı 4 mindən artıq adamın ölümünə bais olub. 1 milyon adam isə evlərindən didərgin düşüb.
Rusiya müxalifətçisi Boris Nemtsov isə Feysbuk hesabında yazıb ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı siyasətindən imtina etmir və müharibəyə hazırlaşır. Nemtsov Rusiyanın bu siyasəti ilə bağlı bundan sonrakı problemlərin Rusiya iqtisadiyyatına təsirsiz ötüşməyəcəyini bildirib. Nemtsov Rusiyanın rublun çapına başladığını, bununla xarici banklara olan borcları ödəməyi qarşısına məqsəd qoyduğunu vurğulayıb: "İndi borcların ödənilmə qrafikinə diqqətlə baxırıq. 700 milyard dollardan çox borc var. Bu ay 30 milyard dollar ödəmək lazımdır. 2015-ci ilin sonuna kimi 130 milyard dollar ödənilməlidir".
Bu arada "Kommersant" qəzetinə Rusiya Federasiyası hökumətinə yaxın mənbə bildirib ki, Moskva silah ticarətini tənzimləyən beynəlxalq müqaviləni imzalamaq niyyətində deyil.
Silah ticarətini tənzimləyən beynəlxalq müqavilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2014-cü ilin aprelində qəbul edilib. Sənədə yalnız Koreya Xalq Demokratik Respublikası, İran və Suriya qarşı çıxıb. Rusiya neytral qalan 23 ölkədən biridir. Müqaviləni hazırda 125 ölkə imzalayıb.
"Kommersant" qəzetinə danışan məndə bildirib ki, Moskvanın müqaviləni imzalamamasının səbəbi onun tələbinin nəzərə alınmamasıdır. Bu ilk növbədə "legitim qeyri-dövlət subyektləri"nə silahların çatdırılmasının qadağan olunmasıdır.
"Sənəd silahın problemli rejimlərə satışını məhdudlaşdırır, amma öz hökumətlərinə qarşı vuruşan müxalifətə silah ötürülməsini məhdudlaşdırmır", - mənbə Rusiya nəşrinə danışıb.